Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.
Trend-in məlumatına görə, Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə əslində 1989-cu ildən başlanıb. Burada yaşayan, işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaradılmış polis və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.