Otuz ildən sonra işğaldan azad olunan Füzuli şəhərində ilk Bilik Günü keçirilib. Bu əlamətdar tarixin qeyd olunduğu məktəblər sırasına Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar məktəbdə “Qarabağ şikəstəsi” ilə qarşılanıblar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Füzulidə tədris ilinin Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanması Türk dünyasının qardaşlığını göstərməklə rəmzi məna daşıyır. Həmçinin məktəbin kollektivi Qarabağ torpaqlarında yeni tədris ilinin başlanması münasibətilə təbrik olunub. Bildirilib ki, işğaldan azad edilən digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da həyat canlanmağa başlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavan dövrünün başlanğıcıdır.
Vurğulanıb ki, yaxın zamanlarda Füzulidə digər təhsil ocaqları da fəaliyyətə başlayacaq və Qarabağ torpaqlarında təhsil alan şagirdlər Azərbaycan elminə öz töhfəsini verəcək.
Açılış mərasimindən sonra məktəbdə Bilik Gününün zəngi səslənib, şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.
Sonra məktəbdə yaradılan şəraitə baxış keçirilib.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana mövcuddur. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Yeni dərs ilində məktəbdə 11 sinif olmaqla 160 şagird təhsil alacaq və 15 müəllim tədris aparacaq.