1992-ci il mayın 18-də laçınlılar üçün ən ağır və faciəli tarix kimi yaddaşlara həkk olunmuşdu. Səbəb erməni qəsbkarlarının dinc əhaliyə qarşı törətdiyi vandalizmin növbəti səhifəsi, yəni Laçının işğalı idi. İşğaldan əvvəl Laçında 2020 fərdi, 28 ümumi yaşayış evi vardı. Təəssüflər olsun ki, işğal zamanı 1500-dən artıq ev tamamən dağıntılara məruz qaldı. Laçını tərk etməli olan sakinlər nə az, nə çox 30 ilə yaxın ümidlə yaşadılar. 2020-ci il 44 günlük Zəfər yürüşündə parlaq qələbə əldə edən Azərbaycan Ordusu digər ərazilər kimi Laçının da azad olunmasına yol açdı. Bu gün isə azad Laçın öz doğma sakinlərinə qucaq açıb. Növbəti 13 ailə 31 illik həsrətlə gözlədiyi səhəri öz doğma evlərində açıb.
AZƏRTAC-ın Laçına ezam olunan bölgə müxbiri xəbər verir ki, 44 nəfər olmaqla növbəti 13 ailə Laçında öz evlərinə qovuşub. Laçınlılar üçün bu gün açılan sabah da fərqli olub. 31 il doğma yurdundan ayrı düşən və müxtəlif bölgələrdə məskunlaşan laçınlılar bu səhəri səbirsizliklə gözləyirdilər. Arzuları gerçək olan laçınlılar səhəri Laçının səfalı havasını ciyərlərinə çəkərək dağlar qoynunda yerləşən gözəl təbiət mənzərəsini seyr edərək açıb. İndi onlar üçün yarımçıq qalan arzular yenidən pərvazlanıb. Kimisi gənclik illərini, kimisi uşaqlıq illərini qoyub çıxmışdı Laçından. İndi doğma yurduna qayıdan ahıl şəxslər də özünü gənc kimi hiss edir. Onlar bir vaxtlar yaşadıqları doğma evlərinə qovuşublar. Bu evlər 30 ilə yaxın erməni işğalında qaldığı üçün dağıntılara məruz qalmışdı. Lakin ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Laçında aparılan tikinti-bərpa işləri sayəsində Laçın öz laçın çağlarını geri qaytardı və doğma sakinlərini qoynuna yığmağa davam edir. Evlərlə bərabər, şəhərdə digər infrastruktur işlər də yüksək səviyyədə yerinə yetirilib. Şəhərin işıqlandırılma sistemi, su-kanalizasiya xətləri yenidən bərpa olunub. Milli memarlıq üslubu qorunmaqla tikililər müasir standartlara uyğun bərpa edilib. Əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair dövlət proqramına dəstək olaraq yeni iş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması işləri də davam edir. İndi Laçın növbəti köç karvanı ilə Vətən torpaqlarına səbirsizliklə qayıtmağı gözləyən sakinlərini də qarşılamağa hazırlaşır.
Qeyd edək ki, yaxın günlərdə Laçın şəhərinə 4-cü qayıdış köç karvanı gələcək. Hazırda isə Laçında məskunlaşan sakinlərin sayı 213 nəfər, ailələrin sayı isə 55-ə çatıb.