Ankarada Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini Roma Tor Vergata Universitetinin tədqiqatçısı, ASRIE təşkilatının direktoru Culiano Bifolki 1905.az portalı üçün şərh edir:
– Rusiyanın Türkiyədəki səfirinin qətli geosiyasi çərçivədə Rusiya və Türkiyə arasındakı mövcud beynəlxalq münasibətlərə və Kremlin xarici siyasət istiqamətindəki gələcək seçimlərinə təsir edəcək risk kimi görünür.
Sosial mediada yayımlanmış 53 saniyəlik video materialdan da göründüyü kimi, foto sərginin açılışı zamanı səfir Karlova çiynindən atəş açan 22 yaşlı polis bilə-bilə və təhlükəsizlik qüvvələrinin dərhal müdaxiləsi olmadan hərəkət edir.
Rusiyalı səfirin qətli Türkiyədə təhlükəsizlik probleminin mövcudluğunu bir daha vurğulayır. Kremlin baş vermiş hadisə ilə bağlı cavabı sözsüz ki, gecikməyəcək. Demək olar ki, bütün ekspertlər bu faktla bağlı ortaq fikrə malikdirlər.
Rəsmi Moskva bu hadisəni qəti şəkildə qınayıb və onu “terror hadisəsi” adlandırıb. Təbii ki, ilkin qiymətdən sonra da hadisə araşdırılacaq. Rusiya Prezidenti Vladimir Putinin də dediyi kimi, bu təxribat Rusiya və Türkiyə arasındakı münasibətlərin korlanmasına və Suriyadakı sülh prosesinin sarsıdılmasına xidmət edir.
Bəs yaxşı, Rusiya və Türkiyə arasındakı münasibətləri sarsıtmaq nə üçün lazımdır? Suriya mövzusunun müzakirə edildiyi Rusiya-Türkiyə-İran üçtərəfli görüşü üzərində dayanaq. Bu görüşün geosiyasi səviyyədə maraqların və təsirlərin kəsişdiyi strateji əhəmiyyətə malik bir razılaşma ilə nəticələnməsi mümkündür. Razılaşma Türkiyə, Rusiya, Qafqaz və İranın daxil olduğu Azov dənizi-Qara dəniz-Xəzər dənizi kimi böyük regionu əhatə edəcək və təbii ki, Orta Şərq və Mərkəzi Asiya regionuna çıxış imkanı verəcəkdir.
Bu makroregion əzəldən bəri bir geosiyasi şifrəni xatırladır. Ötən tarix göstərib ki, istər Avropa İttifaqı, istərsə də Amerika Birləşmiş Ştatları postsovet Rusiyasının zəif nöqtələrindən istifadə edərək regionda öz təsirlərini artırmağa və daxili coğrafi dinamikaya qarışmağa çalışıblar.
Türkiyə NATO-nun üzvüdür. Digər tərəfdən isə Avropa İttifaqı Türkiyəni hazırda aktual olan miqrasiya və Orta Şərq problemlərinin həlli üçün vacib tərəfdaş hesab edərək, Aİ-yə üzv olma ehtimalı ilə özünə yaxın tutmağa çalışır.
Qafqaz, xüsusilə də Gürcüstan Rusiyaya qarşı hərəkət etmək üçün NATO-nun tərəfdaşlıq hədəfləri sırasına daxil edilib.
Avropa İttifaqı regionu, xüsusilə də Azərbaycanı enerji bazarına daxil olmaq, Rusiya qazından asılılığı azaltmaq və Yeni İpək Yoluna qoşulmaq üçün bir körpü kimi görür.
İran P5+1 qrupunun ləğv etdiyi sanksiyalardan sonra təbii enerji resurslarına görə birinci dərəcəli vacib iqtisadi tərəfdaş ola bilər. Bildiyimiz kimi, sanksiyaların nəticəsində həmin enerji resursları az istifadə edilib. Eləcə də İranın coğrafi mövqeyi Ərəbistan yarımadası, Orta Şərq regionu, Qafqaz və Mərkəzi Asiyaya nəzarət etməyə imkan verir.
Ziddiyyətli nəzəriyyələrdən qaçaraq nəzərə alaq ki, istintaq işi davam edir və əslində qətli törədən türk polisinin terror qruplaşmasının üzvü olması yaxud da çılğıncasına bir hərəkət etməsi müəyyən edilməyib. Lakin aydındır ki, səfirin qətli rus-türk münasibətlərində bir dönüş nöqtəsinə çevrilə bilər. Müxtəlif geosiyasi araşdırmalar mərkəzlərinin və Qərb kəşfiyyatının da qeyd etdiyi kimi, bu hadisə Moskva-Ankara münasibətlərini gücləndirə, Tehranla razılaşma isə Qərbin Azov-Qara dəniz-Xəzər regionunda təsirinin azalmasına səbəb ola bilər.
Hazırladı: Leyla Abışova
1905.az