Quba rayonunun Xanəgah kəndindəki məscid artıq tamamilə məhv olmaq ərəfəsindədir. Yaxın vaxtlarda məscidin bərpası ilə bağlı qəti və konkret tədbirlər görülməsə, gələcəkdə heç foto-şəkillərə istinadən də onu ilkin görünüşündə yenidən inşa etmək olmayacaq. Daha bir sərt qış yəqin ki, məscidin qalan divarlarının da uçulması ilə nəticələnəcək.
Rusiya İmperiyasının ən qüdrətli dövründə məscid tikintisnə icazə ala bilmişdi Xanəgah camaatı. Elə məscidin tikintisində də elliklə iştirak etmişdilər. O dövrdə mərkəzi hökumət yalnız minarələri damında olan məscidlərin inşasına icazə verirdi. Müsəlman vilayətlərində damında minarəsi olan məscidlər yeganə memarlıq nümunəsi kimi təsdiq olunmuşdu. Xanəgah məscidinin minarəsi də binanın damında, mərkəzdə tikimişdi.
Və qısa müddət ərzində bu məscid kəndin mənəvi və ictimai həyatının əsas mərkəzinə çevrilib. Kəndin ictimai həyatı ilə bağlı ən mühüm qərarlar burada verilib, xanəgahlılar ilk təhsillərini məsciddə alıblar. Kənddə ilk ictimai bina da elə bu məscid olub.
Sovet hakimiyyəti illərində, dinlə mübarizə aparılan dövrdə artıq məscid öz fəaliyyətini dayandırıb. Binadan isə kolxozun ambarı kimi istifadə olunub. Həmin illərdə baxımsızlıq üzündən məscid binası yararsız hala düşüb.
Xanəgah kənd sakini Qoca Absəlimov danışır: “Məscid həm təhsil ocağı, həm də müsəlmanların namaz qılması nəzərdə tutulan bir tikilidir. Məscid Allahın evidir.” Bu cümlələri mən müəllimlərimdən, kənd ağsaqqallarından eşidəndə, doğulub, boya–başa çatdığım Xanəgah kəndində və dəfələrlə qarşısından keçdiyim məscidimiz, onun dağılmış, uçulmuş damı, güclə ayaqda durmuş sütunları gözlərim önümdə canlanır. Niyə axı müqəddəs bir yer bu vəziyyətdədir? SSRİ dövründə həmin məsciddən ambar kimi istifadə olunması, insanlara məscidə laqeyd yanaşmalarının aşılanması, uzun müddət əsaslı yenidənbərpa işlərinin aparılmaması, yağış, sel suları əhəmiyyətli dərəcədə məscidə ziyan vurub. Kənd camaatı tərəfindən məscidi yenidən bərpa etmək cəhdləri göstərilsə də, elə bir ciddi nəticə əldə olunmayıb. Çünki bərpa işləri üçün tələb olunan məbləğ bu dağ kəndinin sakinlərinin imkanı xaricindədir”.
Əməkdar mədəniyyət işçisi, professor Kamil İbrahimov deyir: “Azərbaycan Respublikasında 2166 məscid mövcuddur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub.
2003-2016-cı illər ərzində isə ölkədə 219 məsciddə, o cümlədən də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Paytaxtda görülən işlər regionlarda da davam etdirilib. 2013-cü ilin may ayının 13-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. 2014-cü ilin dekabr ayının 24-də Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidinin rəsmi açılışı olub. Bundan əlavə 2016-cı ilin fevral ayının 17-də “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılış mərasimi olub. Son zamanlar qədim məscidlərimizə dövlət qayğısı artırılır. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 8 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza, Xəzər rayonu Zirə Cümə məscidləri inşa və ya əsaslı təmir olunub.
Lakin ölkəmizdə babalarımızın tikdirdikləri bir çox məscid yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu məscidlərdən biri də Xanəgah kənd məscididir. Xanəgah məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınıb. Məscidin inşa tarixi XIX əsrə aiddir. Qəzalı şəraitdə olan, uçmaq təhlükəsi ilə üzləşən qədim dini-memarlıq abidələrimizə qayğı artırmalıdır. Dövlətimiz bu dini-mənəvi abidə üçün maliyyə vəsaiti ayırsa, kənd camaatı elə bu bərpa-inşaat işlərində böyük məmnuniyyətlə iştirak edər. Düşünürəm ki, tarixçilər, memarlar, bərpaçılar və bütün ziyalılar bu işdə əl-ələ verməlidir, hər kəs öz fikrini bildirməli, öz sözünü deməlidir”.
Amerikada yaşayan ilahiyyatçı Saleh Kazımov: “Dünyanı gəzin, dolaşın. Divarsız, ədəbiyyatsız, qanunsuz, sərvəti olmayan bir çox şəhərlər görəcəksiniz, lakin əsla məbədsiz və məbudsuz şəhər (yer) tapmayacaqsınız”. (Plutarx). Xanəgah kəndində inşa edilmiş bu məscid tariximizin daş yaddaşıdır. Elm adamı Bernard Elvisin belə bir sözü var: “Tarix bir millətin yaddaşıdır. Tarixini bilməyən bir millət yaddaşını itirmiş bir insan kimidir”. Məhəmməd peyğəmbər (s) bir hədisində ibadətçisi olmayan məscidin axirətdə Allaha şikayətçi olacağını bildirib. Uzun illər boyu ibadətə qapalı olan bu məscidin artıq tarixi abidə kimi də Azərbaycan tarixindən silinib yox olma təhlükəsi hər birimizi narahat edən çox aktual bir məsələdir. İnanıram ki, yaranmış təhlükənin aradan qaldırılmasında müvafiq qurumlar lazım olan tədbiri görəcəkdir. Məscidin mövcud olması milli-mənəvi dəyərlərin mövcud olması deməkdir. Dövlətinə, millətinə və dininə xidmət edə biləcək mənəviyyatlı vətənpərvər insanların var olması deməkdir.
BDU nun ilahiyyat fakultəsində söhbət əsnasında bir dəfə dekanımız, akademik Vasim Məmmədəliyev Qubanın hansı kəndindən olduğumu soruşdu. Mən “Xanəgah” deyincə, onun ilk sualı məscidin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı oldu. Mən də çox təəssüflə adı “ibadət yeri” anlamına gələn Xanəgahdakı məscidin bu vəziyyətdə olduğunu dedim. Bu kənddə dünyaya göz açmışam. Həyatımın uşaqlıq və yeniyetməlik illəri məhz bu kənddə keçib. Məscidə uzaqdan gəlib namaz qılmanın daha çox savab qazandığı bildirilir. Xatırlayıram ki haradasa bir qırx il bundan əvvəl Yuxarı Xanəgah kəndindən rəhmətlik babam Əbülfət kişi və Nurəddin kişi hər həftə piyada 4 km yolu gəlib, avtobusla da 29 km məsafəni qət edərək, cümə namazını Quba məscidində qalırdılar. İndi mən qürbətdə olsam da, çox arzulayıram ki, inşallah bu məscid abad olsun, mən ABŞ-dan gəlib, bayram namazını orada qılım”.
Qurani-Kərimdə deyilir: “Məscidlər Allaha məxsusdur”.Qədim bir məscidin, daha bir daş yaddaşımızın yer üzündən silinməsinə imkan verməyək!
Gündüz Nəsibov, 1905.az
Həmçinin oxu: Faiq Ismayılov: Quba rayonnun Xanəgah kəndindəki məscidin təcili bərpaya ehtiyacı var