
Düşmən hətta işıq mənbəyimiz Mingəçevirə raket tuşlamışdı
Artıq bütün dünya bundan da xəbərdardır ki, 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə erməni faşistləri bütün beynəlxalq qayda-qanunları və humanizm prinsiplərini pozaraq, döyüş meydanından kənarda insan tələfatına səbəb olan qanlı cinayətlər törədirdilər.
Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrində dinc sakinlərə ölümsaçan silahlar yönəldərək, əslində, xalqımıza qarşı növbəti soyqırımı həyata keçirirdilər. Bu azmış kimi, vacib infrastruktur obyektlərini də hədəfə alırdılar.
Bir sözlə, döyüş meydanındakı ardıcıl məğlubiyyətinin qisasını almaq istəyi ilə düşmən öz vəhşi əməllərindən əl çəkmir, odla oynayırdı. Erməni faşistləri atdıqları raketlərdən birini döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşən Xızı rayonuna tuşlamışdılar. Müəyyənləşdirilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilmiş və şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı. Qeyd edək ki, buradan cəmi 250 metr aralıda Bakı-Novorossiysk neft kəməri keçir.
Erməni vandalları dərk etmirdilər ki, neft və qaz kəmərlərinə atəş açmaqla təkcə Azərbaycana deyil, eyni zamanda həmin layihələrdəki xarici tərəfdaşların hamısına zərbə endirməyə cəhd göstərirdilər. Ermənilər bu və digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı və tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar əməllərinə görə cavabdehlik daşıyırdılar.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevə xarici jurnalistlərin verdiyi suallardan biri bu hərəkətin Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı idi. Dövlətimizin başçısı cavabında demişdir: “Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz, əsasən, avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq”.
Yevlax rayonunun Aran qəsəbəsində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin ikinci nasos stansiyasına raket tuşlayan düşmən Azərbaycanı, həmçinin Səngəçal terminalına hücum edəcəyi ilə hədələyirdi.
Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməzdi. Bunun bir səbəbi də odur ki, vaxtilə bu qlobal layihələr həyata keçirilərkən Ermənistan öz işğalçılıq əməllərinə görə onlardan kənarda, dalanda qalmışdı.
Müsahibələrinin birində Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdur: “Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıblar. Ona görə də Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər”.
Mingəçeviri, buradakı böyük elektrik stansiyasını bombalamaqda isə məqsəd Azərbaycanın enerji sistemini dağıtmaq idi. Əlbəttə, vandallar bu mənfur niyyətlərinə də çatmadılar. Həm də onlar unudurdular ki, bizim artıq şaxələnmiş enerji təchizatı şəbəkəmiz, çoxsaylı yeni elektrik stansiyalarımız var.
Məlum olduğu kimi, bu ilin iyun ayında Mingəçevirdə, “Azərbaycan” İstilik-Elektrik Stansiyasının ərazisində daha nəhəng bir enerji obyekti istifadəyə verildi. Şanlı Qələbəmiz şərəfinə “8 Noyabr” adlandırılan həmin elektrik stansiyasının açılışında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı düşmənin bu əraziyə raket tuşladığını da xatırladı və həmin yeri qonaqlara da göstərdi: “Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.
Mənfur erməni vandalları işığımızı söndürə bilmədilər. Üstəlik, indi işıqlarımız daha gur yanır. Müstəqil, suveren Azərbaycanımızın hər kəndində və hər şəhərində!
Flora SADIQLI,
“Azərbaycan-news.az”, 08.10.2025