Düz 6 il bundan əvvəl, 2013-cü ilin 24 yanvarında Gündüz müəllimlə sosial şəbəkədə də dostlaşmışıq… Bu barədə bir qədər bundan əvvəl facebook məlumat verdi.
Düz 1 ay bundan əvvəl, 2018-ci ilin 24 dekabrında Gündüz müəllimlə sonuncu dəfə görüşmüşük. Gündüz müəllim həmin gün axşam saatlarında sağollaşıb getdi və bir də heç vaxt qayıtmayacaq…
Keçən günləri də geri qaytarmaq mümkün deyil. Keçən günləri olsa-olsa yada salmaq olar. Yada salmaq, təəssüflənmək və ola bilsin səbr etməyin zərurəti ilə bağlı az qala didaktik mülahizələr yürütmək.
Və susmaq.
Əgər alınsa elə Gündüz müəllim kimi.
Bu günlərdə Gündüz müəlimin şəkillərindən ibarət bölümün linkini paylaşmışdım. Dəyərli televiziya mütəxəssisi Nadir Bədəlov belə bir şərh yazmışdı:
“Çox maraqlı siması vardı rəhmətliyin. Çox maraqlı susmağı vardı. Mən orada iki dəfə müsahibə vermişəm, hər dəfə də fikrim onun yanında qalıb: “görəsən Gündüz dediklərim haqqında nə düşünür?”
Çox vaxt dil-boğaza qoymadan danışan adamlar belə diqqət çəkə bilmirlər. Gündüz müəllim isə susmağı ilə insanları düşündürə bilirmiş…
İndi də düşündürür. Həm də yazıları ilə. Həm də şəkilləri ilə. Yaddaşımızda qoyduğu İzlə düşündürür insanları Gündüz müəllim.
Bu İzin silinməməsi üçün əməli işlər görməksə sağlığında Gündüz müəllimi sevən, dəyərləndirən insanların borcudur.
Bu bizim borcumuzdur…
Düz 6 il bundan qabaq sosial şəbəkədə də dostlaşdığım, düz bir ay bundan əvvəl sağollaşıb getmiş, bu həyatda bir də heç vaxt geri qayıtmayacaq Gündüz müəllimin dostu kimi bu mənim də borcumdur.