Elə rəqəmlər var ki, adamı bütün ömrü boyu təqib edir. Belə rəqəmlərdən biri də 7 rəqəmidir. Və 7 rəqəmi deyəsən elə həmişə belə rəqəm olub. Əks tədqirdə dünyada 7 möcüzə olardımı? Nizami “7 gözəl” i yazardımı? Yada… Yox, yaxşısı budur ki, siyahını uzadıb sizi yormayım. Onsuz da hamınız bilirsiniz ki, 7 rəqəminə hər yerdə rast gəlmək mümkündür və 7günlük həftə ərzində ən azı 7 dəfə bu rəqəmə rast gələ bilərik. Elə rast gəlirik də.
Söz ki, həftədən düşdü, istəyirəm ürəyimi qürur və sevinc hissi ilə ağzına kimi dolduran bir xəbəri yada salım.
Deməli belə. Bu il, yəni 2013-cü ildə, Azərbaycanda Novruz bayramı 7 gün davam edəcək. Nazirlər Kabinetindən deyiblər ki, mart ayının 20-dən 24-nə kimi rəsmi bayramdır. Amma 23-24-ü qeyri-iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart iş günləri sayılmayacaq. Yəni Azərbaycan vətəndaşları 7 gün bayram edəcəklər.
Bu da ona görə mümkün olub ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli “Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında” adlı qanunu var. Və bu qanuna əsasən bayram günləri həftə sonlarına təsadüf etdikdə həmin günlər müvafiq olaraq iş günlərinə keçirilir.
Bu bəlkə də yersiz təfərrüatdır. Əsas odur ki,bütün vətəndaşlarımız düz 7 gün sərasər bayram edə biləcəklər. Gördünüz? 7 rəqəmini deyirəm. Əlbəttəki, gördünüz və yəqin ki, artıq 7 günlük bayram günlərini rəngarəng keçirmək üçün planlar cızırsınız.
Başqa bir xəbər. Burada da 7 rəqəmi var.
Xəbər belədir ki, Dövlət Sosial Müdafiə Fondunda “ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası” keçirilib və həmin toplantıda adı çəkilən qurumun rəhbəri Səlim Müslümov çıxış edərək bildirib ki, “əmək pensiyalarının orta aylıq məbləği” 2012-ci il ərzində “7 manat artaraq 152 manata, yaşa görə pensiyalar üzrə isə 168 manata çatıb.”
Burada da 7 rəqəmini gördünüz də?
Bircə iş qalır. Pensiyası 7 manat artmış insanlarımıza 7 günlük bayram günlərini xoş keçirməyi arzulamaq. Vəssalam.
Bayramınız mübarək!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 40-41)