Kiriyenkodan əvvəllər də gözüm su içmirdi. Rusiyanın baş naziri Sergey Vladilenoviç Kiriyenkonu deyirəm. 35 yaşında baş nazir olar? 35 yaşında olsa-olsa “upravdom”, deputat, əşi, lap vergi yığanların başçısı da olmaq olar. Baş nazir olmaq olmaz. Elə isə, sözüm onda deyil. Bu Kiriyenko baş nazir oldu-olmadı, Rusiya iqtisadiyyatının evi yıxıldı. Ondan sonra da Kiriyenkonun baş nazirliyinin uzunqulağı canını tapşırdı sahibinə. Amma Sergey Vladilenoviç də, Sergey Vladilenoviçdir ha. Heç özünü o yerə qoymadı. Bu yaxınlarda da “Novaya sila” adlı bir ictimai hərəkat yaratdı, oldu həmin hərəkatın lideri. İndi də Rusiyanın paytaxtı Moskvanın meri olmaq istəyir.
Bax, yüz faiz bilirəm ki, indi deyəcəksiniz: Qardaş, bu Rusiyanın baş nazirindən, özü də keçmiş baş nazirindən bizə nə? Biz heç öz baş nazirimiz azərbaycanca danışanda anlaya bilmirik, Rusiya baş nazirinin işlərindən necə baş çıxaraq? Bir də ki, Kiriyenko Moskvanın meri oldu bizə nə, olmadı bizə nə?
Vallah, düz deyəcəksiniz Doğrudan da, yazdıqlarımın bizə bir elə dəxli yoxdur. Mən bütün bunları ona görə yazdım ki, mətləbə keçə bilim. Mətləb belədir: Kiriyenko 10 dənə “avtootvetçik” quraşdırıb ki, moskvalılar ona zəng vurub dərd-sərlərini deyə bilsinlər. 10 dənə “avtootvetçik”!
Necədir sizinçün? Nə isə, moskvalılar başlayıblar zəng vurmağa. Üç həftəyə dörd min nəfərdən çox adam zəng vurub. Adamlar, daha doğrusu moskvalılar da zəng vurduqca, Kiriyenkonun işçiləri söhbətləri yazırlarmış. Yaza-yaza kağıza da köçürüblər və aparıb veriblər jurnallardan birinə. Bu jurnal da eləmə tənbəllik, götürüb telefon zənglərinin bir qismini çap edib. Hə, 73 (!) yaşlı Mariya Nikolayevna Sidorova da eləmə tənbəllik, götürüb zəng edib. Qarı nə desə yaxşıdır? “Seryoja, nemedlenno uberi vsex azerov s moskovskix rınkov! Markovka – po 30 rubley, kartoşka – 15. Oni ved nas, russkix, xotyat qolodom umorit. A Lujkov tolko po futbolnomu polyu nositsya, myaç qonyaet – na moskviçey emu naplevat. A mı qolodnıye sidim, pensionerı. Odna nadejda na tebya, Seryoja.” Vəssalam. Bizim dilə çevirəndə belə çıxır ki, azərilər Moskvanın bazarlarını işğal ediblər və yerkökündən tutmuş kartofa kimi bütün tərəvəzlərin satışını öz inhisarları altına alıblar. Ondan sonra, Lujkovun başı qarışıb futbol oynamağa. Hə, bir də Moskvanın təqaüdçüləri acından günorta dururlar. Bax, belə. Bütün bunları mən demirəm ha, 73 yaşlı Mariya Nikolayevna deyir. Daha doğrusu, deyib. İndi baxaq, görək düz deyib, yoxsa düz deməyib?
Düz deməyib. Azərbaycanlılar Moskva bazarlarında Lənkəran xiyarı, nə bilim lumusu, Quba alması, Göyçay narı satmırlar ki, rusların özlərinin yerkökülərini, kartoflarını satırlar da. İndi hər kökün üstünə beş-on qəpik qoyublar deyə, onları Moskva bazarlarından qovmaq lazımdır? Belə də haqsızlıq olar? Nə olsun ki, azərbaycanlı satıcı üzünü vaxtlı-vaxtında təraş etmir, ya da mənşəli alıcılarla Azərbaycan folklorunun (?) zəngin xəzinəsindən bəhrələnərək danışır? Bunun mətləbə dəxli yoxdur.
Əsas odur ki, azərbaycanlılarsız Moskva bazarını bazar hesab etmək olmaz. Vəssalam. Və 73 yaşlı dünyagörmüş Mariya Nikolayevna bunları başa düşmürmü? Daha bir qarı azərbaycanlı satıcıların Moskva bazarlarının formalaşmasında müstəsna xidmətlərini layiqincə dəyərləndirə bilmirsə, o qədər adamı geri qaytarmaq olmaz ki. Vəssalam.
Bunlar hamısı bir yana, mən istəyirəm Mariya Nikolayevnanı tapım, deyim ki, ay ağbirçək, “azər”lər keflərindən getməyiblər yerköku satmağa. Amma bir tərəfdən də fikirləşirəm: Mariya Nikolayevna bilsə ki, ”azər”lər Moskvadan qovulacaqları təqdirdə Bakıda heç bilməyəcəklər nə satsınlar, heç Kiriyenkoya zəng-zad eləməzdi. Ona görə yox ki, burada daha satılmalı bir şey qalmayıb, ona görə ki, burada satan yaman çoxdur. (Öz aramızdır, satmaqda əməlli-başlı ixtisaslaşmışıq. Torpaqdan tutmuş “Snikers”ə kimi hər şey sata bilirik.)
Hə, sonra da fikirləşirəm ki, qoca arvaddır, yəqin hirslənib zəng eləyib. Bəlkə də hirsi soyuyub. Bir də ki, lap hirsi soyumasın, ruslar ermənilərə silah sata bilirlər, biz rusların özlərinə öz kartoflarını sata bilmirik? Bir də ki, Sergey Vladilenoviçin işi-gücü qurtarmışdı ki, Mariya Nikolayevnaya qulaq assın. Mariya Nikolayevna da Tatyana Borisovna deyil ki. O biri tərəfdən də, kimdi e, Kiriyenkonu mer seçən?
Amma sonra da fikirləşirəm ki, birdən Kiriyenko olsa Moskvanın meri, o da Mariya Nikolayevnanın adicə vətəndaş olduğunu yadından çıxarıb onun dediklərinə əməl eləsə, ovqatımız əməlli-başlı pozula bilər.
Nə isə. Çalışın ovqatınız təlx olmasın.
Fuad Babayev
“Şans” qəzeti, №18, 8-9 iyul 1999-cu il