Mayın 20-də 1905.az saytının redaksiyasında Mirzə Ələkbər Sabir Yaradıcılığına həsr edilmiş IX Bədii Qiraət Müsabiqəsi ilə əlaqədar dəyirmi masa keçirildi. Xatırladaq ki, müsabiqə 2011-ci ildən etibarən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Dəyirmi masada iştirak edən münsiflər heyətinin üzvləri professor Nadir Abdullayev, filologiya elmləri doktoru Asif Hacıyev, AVCİYA-nın vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, aktyor Səfa Mehdi və ötən müsabiqənin qalibi olmuş tələbə Samir Əliyev yeni tədbir öncəsi təşkilati məsələləri bir daha gözdən keçirdilər.
İlk öncə ötən illərdə keçirilən Sabir Qiraət Müsabiqələri əsasında hazırlanmış kiçik video rolikə baxış keçiriləndən sonra çıxışçılar Müsabiqə haqqında fikirlərini bölüşdülər. Tədbirin aparıcısı bu il də Səfa Mehdi olacaq. Qeyd edək ki, əvvəlki illərin qaliblərinin də tədbirə qatilacaqları gozlənilir.
Aktyor Səfa Mehdi növbəti müsabiqələrdə uşaqlar arasında video müsabiqə nominasiyasının da təyin edilməsini təklif etdi. Belə ki, hər uşağın öz qiraətini video formatında təklif etmək imkanı olsun. Dəyirmi masaqa qeyd olundu ki, Qiraət müsabiqəsinin iştirakçıları hazırda müxtəlif institutların tələbələri və məzunlarıdır.
Xatırladaq ki, Elxan Süleymanov Şamaxının millət vəkili olduğu illər ərzində indiyədək 150-dən artıq şagird və tələbəyə əlaçı və Sabir müsabiqəsinin qalibi mükafatları verib.
Sabir Yaradıcılığına həsr edilmiş IX Bədii Qiraət Müsabiqəsinin yekun tədbiri mayın 24-də Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək.
1905.az