
ABŞ-ın Hudson İnstitutunda Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, İnstitutun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş dəyirmi masada həmçinin ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak ediblər. Dəyirmi masada çıxış edən mərkəzin direktoru Mayk Doran institut barədə məlumat verib. O, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi mövqeyi qeyd edərək, Bakının prioritetlərinin ABŞ-ın maraqlarına uyğun olduğunu deyib. Doran bildirib ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Azərbaycanın bu istiqamətdə rolu barədə daha çox danışılmalıdır.
Nümayəndə heyətinin rəhbəri, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq regionda yeni reallıqlar formalaşıb və Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yeni tarixi səhifə açıb. O, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşün böyük bir tarixi fürsət yaratdığını deyib.
“Üç lider – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın himayəsi altında inanılmaz, onilliklər boyu arzuladığımız və üzərində çalışdığımız bir imkan yaratdı. İndi isə bu tempi qorumaq üçün əlimizdən gələni etməliyik. Gələcək üçün təkcə Azərbaycanda yaşayanların deyil, bütün bölgənin gələcəyi üçün əlimizdən gələni etməliyik”,- deyə Səməd Seyidov əlavə edib.
Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın prioritet olaraq ikitərəfli münasibətlərdə hazırda hansı çətinliklərin olduğunu müzakirə etmək və bu istiqamətdə irəliləyiş əldə etmək istədiyini deyib. Onun sözlərinə görə, hələ də masada 907-ci düzəliş kimi bir neçə sənəd var və qarşı tərəflə bu məsələnin həlli istiqamətində müzakirələr aparılır.
Daha sonra nümayəndə heyətinin digər üzvləri – Milli Məclisin deputatları Tural Gəncəli, Anatoli Rafailov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov, Azərbaycan Yəhudi İcmasının üzvü ravvin Zamir İsayev Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ-la münasibətlər istiqamətində danışıb və sualları cavablandırıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








