ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanmasına dair televiziya verilişi yayımlanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, veriliş müəllifin “The Contreras Report” proqramı çərçivəsində hazırlanıb.
Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir. İndiyədək onun Azərbaycan haqqında bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Verilişdə müəllif minaların fəsadlarından bəhs edərək, bundan ən çox mülki vətəndaşların zərər gördüyünü və piyadalar əleyhinə minaların beynəlxalq konvensiya ilə qadağan olunduğunu diqqətə çatdırır. O, hazırda dünyanın 64 ölkəsində 110 milyona yaxın minanın mövcud olduğunu bildirir.
R.Kontreras Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə də məlumat verərək, ölkəmizin 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdiyini vurğulayır. O, işğal müddətində, eləcə də müharibə dövründə və Birgə Bəyanatın imzalanmasından sonra Ermənistanın öz qoşunlarını işğal edilmiş torpaqlarımızdan çıxararkən həmin əraziləri kütləvi şəkildə minaladığını bildirir. Bundan başqa, jurnalist Ermənistanın 30 ilə yaxın işğal müddətində həmin ərazilərdəki şəhər və kəndlərin, orada azərbaycanlılara məxsus evlərin demək olar hamısının talan edilərək dağıdıldığını vurğulayır.
Müəllif hazırda azad edilmiş ərazilərdəki minaların işğal nəticəsində doğma yurdlarından didərgin salınmış azərbaycanlıların öz evlərinə qayıtmalarına və buradakı yenidənqurma işlərinə ciddi çətinliklər törətdiyini qeyd edir. R.Kontreras azad edilmiş ərazilərimizin böyük hissəsinin minalandığını və təmizləmə işlərinin külli miqdarda vəsait, çox sayda mütəxəssis və uzun zaman tələb etdiyini diqqətə çatdıraraq, dünya birliyinin bu sahədə Azərbaycana kömək göstərməli olduğunu söyləyir. O, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini və bunun beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayır. R.Kontreras Birgə Bəyanatın imzalanmasından bəri 14-ü mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşının həmin ərazilərdə minaya düşərək həlak olduğunu, 16-sı mülki olmaqla, 85 nəfərin ağır yaralandığını bildirir.