İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail kəşfiyyatı İran nüvə proqramının hərbi xarakter daşıdığını sübut edən çoxlu sayda sənəd ələ keçirib. (edaily.com)
Ağ evin mətbuat xidməti isə xəbər verib ki, İranın nüvə silahı üzərində işlərini davam etdirməsi ilə bağlı İsrailin bəyanatı ABŞ-ın əvvəlcədən bildikləri ilə üst-üstə düşür. “Bu faktlar ABŞ-ın çoxdan bildikləri ilə üst-üstə düşür: İran nüvə silahının hazırlanması ilə bağlı tamamilə məxfi proqrama malikdir, bunu dünyadan və öz xalqından gizləməyə çalışıb, lakin bacarmayıb”, – deyə Amerika administrasiyasında bildiriblər. Həmçinin, qeyd olunur ki, Vaşinqton İsrailin təqdim etdiyi məlumatları diqqətlə özyrənir. (riafan.ru).
Politoloqlara bir sualla müraciət etdik: Trampın və Netanyahunun İranın nüvə silahı üzərində işini davam etdirməsi ilə bağlı bəyanatları İrana qarşı yeni sanksiyalara rəvac verə bilərmi?
Zaur Məmmədov hərbi əməliyyatlar və sanksiyalar təhlükəsinin İranı diplomatik danışıqlara getməyə və hansısa proqramları dayandırmağa sövq edəcəyi qənaətindədir: “Son zamanlar İsrailin İrana qarşı siyasi və hərbi istiqamətlərdən hücuma keçdiyinin şahidiyik. Buna ən əsas səbəb Suriyada İran silahlı qruplarının güclənməsidir. Dünən İsrailin Bas nazirinin İrandakı hərbi obyektlərlə bağlı səsləndirdiyi fikirlər İrana qarşı yazılan ssenarinin işə salınmasına gətirib çıxara bilər. Tez bir zamanda İsrail Bas naziri dünyanın lider ölkələrinin başçıları ilə görüşəcək. Hətta istisna deyil ki, İranın nüvə obyektlərinin vurulmasının vacibliyi vurğulanacaq. Ancaq düşünürəm ki, məsələ diplomatik yolla həllini tapacaq. Sanksiyalara gəldikdə isə, məhz hərbi və sanksiyalar təhlükəsi İranı diplomatik danışıqlara getməyə və hansısa proqramları dayandırmağa sövq edə bilər”.
Fuad Çıraqov bu addımın regionda gərginliyi və hətta müharibə ehtimalını artıracağını düşünür: “Dünən Netanyahu İranın gizli nüvə silahının hazırlanması üzərində iş apardığını və bununla bağlı İsrailin əlində məxfi sənədlərin olduğunu iddia etdi. İsrail lideri İranın məxfi nüvə layihəsinə dair 500 kq-lıq sənədləri İrandan çıxara bildiyini iddia etdi. Bildiyimiz kimi, Netanyahu başından bəri İranla imzalanan nüvə sazişinin əleyhinə olmuş, İranın dünya ictimaiyyətini aldatdığını və əslində bu sahədə Tehranın öz fəaliyyətini heç zaman dayandırmadığını göstərdi. ABŞ-da Tramp hakimiyyətə gələndən Obama dövründə İranla imzalanan nüvə sazişini ləğv etməyin yollarını axtarır. Onu bu fikirdən hələlik Avropa liderləri, ölkədaxili müxalifət və öz komandasının bəzi üzvləri çəkindirməyə nail olur. Son günlərdə Avropa liderləri, İran prezidenti və Tramp administrasiyası üçbucağında bu mövzu ilə bağlı mətbuatda öz əksini tapan mübahisələr və söz güləşdirmələri intensivləşmişdi. ABŞ-ın liberal mətbuatının bu baxımdan ötən müddət ərzində Tramp üzərində təzyiqləri və tənqidləri bir an belə səngitməyib. Aprelin 23-də ABŞ-ın nüfuzlu Xarici Siyasət Məsələləri üzrə Şurası (Council on Foreign Relations) yenidən İranın xarici işlər naziri C.Zərifi dəvət edərək, ona öz ölkəsinin mövqeyini müdafiə etməyə imkan verdi. Qeyd edək ki, ABŞ-da bundan mötəbər tribuna bəlkə də yoxdur və bu təşkilat ikinci dəfədir ki, kritik vaxtda Zərifə tribuna verərək, Trampa qarşı çıxır. Netanyahunun ortaya qoyuduğu materialların hansı təsir doğuracağını indidən demək çətindir, əgər həmin materiallarda əksini tapanlar İsrail liderinin dediyinin həqiqiliyini sübut edərsə, bu zaman hadisələrin istər regionda, istər İranda və istərsə də dünyada hansı istiqamətdə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. Materiallar hələ yenicə ortaya atılıb, hələlik tam mənasında həzm edilməyib və ona ekspert rəyləri verilməyib. Ancaq birmənalı şəkildə bu addım regionda gərginliyi, hətta müharibə ehtimalını artıracaqdır”.
Tofiq Abbasov yaranmış vəziyyətin yeni dünya müharibəsinin prelyüdiyasına çevrilə biləcəyini istisna etmir: “Onların bəyanatı konkret olaraq İranı təkləyib, ABŞ-ın nüvə razılaşmasını tərk etmək üçün bəhanədir. Lakin aprelin 30-da İordaniya ərazisindən Homs şəhərinin yaxınlığında yerləşən hərbi bazaya hücum artıq müharibəyə yol açır. Hər halda İran o hücumun cavabsız qalmayacağını bəyan edib. Lakin yeni müharibənin başlayacağı təqdirdə bölgədə onsuz da ağır olan vəziyyət son dərəcə gərginləşəcək. Amerika ilk növbədə İranı özgə əllərlə cəzalandırmaq istəyir. Əgər İsrail belə riskli gedişlə razılaşarsa, bu, onun üçün baha başa gələ bilər. İran da çox ağır vəziyyətlə üzləşə bilər, çünki ətrafda qərar tutmuş Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn də prosesə qarışa bilər. Odur ki, yeni münaqişə sözün əsil mənasında yeni dünya savaşının prelyüdiyasına çevrilə bilər. Bu halda həmişəki kimi heç nədən qorxub, çəkinməyəcək yeganə məmləkət ABŞ-dır. Müharibələri öz hüdudlarından kənarda və özgələrin əlləri ilə aparmaq ABŞ-ın şakəridir. Lakin bu dəfə Amerikanın da payına böyük itkilər düşə bilər. Çünki müharibə başladıqda, Amerikanın ətraf ölkələrdəki hərbi kontingentləri hədəfə çevrilə bilər. Vəziyyət çox mürəkkəbdir və olduğundan daha da ağır vəziyyətə gələ bilər”.
Məlumat üçün bildirək ki, mayın 12-də D.Tramp İrana qarşı sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Gündüz Nəsibov, 1905.az