Abxaz müəllif Oleq Nesteroviç Damenianın qələmə aldığı “Abxaziya əsrlərin qovşağında” (Абхазия на рубеже веков) kitabı 2011-ci ildə Sankt Peterburqun Yuridiçeskiy Çentr Press nəşriyyatında 500 nüsxə tirajla çapdan çıxmışdır. Fəlsəfə elmlər doktoru Damenia 1992-1996-cı illərdə qondarma Abxaziya Parlamentinin deputatı olmuşdur və hal-hazırda Suxumidə Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.
Kitabın əsas mövzusu gürcü-abxaz münaqişəsinin tarixi və sosial-etnik aspektlərinin araşdırılmasıdır. Bunun məntiqi davamı kimi, müəllif abxazların başqa bir etnik kimliyə və mədəniyyətə sahib olduqlarını, Abxaziyanın Gürcüstanın bir hissəsi olmadığını sübut etməyə çalışır. Abxaz müəllif Gürcüstan rəsmi dairələrinin abxazların Kartvel tayfalaırndan biri, abxaz dilinin isə gürcü dilinin bir dialekti olmasına dair izahlarını ciddi tənqid edir.
Münaqişənin kökləri barədə söz açan Damenia, bunu ilk öncə Rusiyanın XIX əsrdə Qafqazda apardığı müharibələrlə əlaqələndirir. O, Qafqazın istilası zamanı ciddi müqavimət göstərən abxazlardan fərqli olaraq gürcülərin Rusiya tərəfində vuruşduğunu önə çəkərək, bunun mükafatı olaraq ələ keçirilmiş ərazilərin məskunlaşdırılması prosesində Çar Rusiyasının gürcüləri Abxaziya torpaqlarında kütləvi məskunlaşdırdığını vurğulayır. Bunun nəticəsində, müəllifə görə, Abxaziyanın etnik tərkibi kəskin şəkildə gürcülərin xeyrinə dəyişmiş və o zamandan da hazırki ərazi münaqişəsinin bünovrəsi qoyulmuşdur. Müəllif başqa sözlə, Gürcüstanın Rusiyanın XIX əsrdə apardığı müharibələrdən və Abxaziyanı onun tərkibində yerləşdirməsi kimi hazır bir faktdan bəhrələnməklə Abxaziyanı özünə ilhaq etməyə çalışmaqda günahlandırır.
Abxaziyanın çox önəmli strateji mövqeyini izah edən müəllif, onun SSRI-nin süqutundan sonra Qara dənizdə mövqeləri zəifləyən Rusiya üçün daha böyük əhəmiyyət daşıdığını bildirir. Gürcüstan üçünsə, Abxaziya faydalı resurslarla zəngin bir diyar olmaqla yanaşı, onu Rusiyanın təcavüzündən sığortalayan bir faktor kimi qiymətləndirilir. Rusiyanın Abxaziya üçün əhəmiyyətinə gəlincə, siyasi-ictimai sabitliyin qorunması, dünyaya çıxışın təmini, Rusiyadakı abxaz icması ilə əlaqələr, ayrıca abxaz milli kimliyinin qorunub saxlanması baxımdan əvəzolunmaz sayılır.
Son dövrlərdə şiddətlənən gürcü-abxaz konfliktindən bəhs edən Damenia, Gürcüstanı abxaz milli kimliyinin və hətta genefondunun məhvinə yönəlmiş siyasət aparan təcavüzkar dövlət adlandırır. O, Sovet hakimiyyəti illərində abxaz əlifbasının gürcü əlifbasına dəyişdirilməsi, abxaz dilində məktəblərin bağlanması və bu qəbildən olan digər siyasətlərin abxaz əhalidə gürcülərə qarşı qəzəb hissini alovlandırmasından ətraflı bəhs edir. Abxaziyanın müharibədən qalib çıxması səbəbini isə, hətta muxtar respublikanın özündə belə əhalinin cəmi 20%-ni təşkil edən abxazların “milli iradənin gücü” hesabına qalib gəldiyini iddia edərək, Rusiyanın birbaşa dəstəyi barədə heç nə demir. Ümumiyyətlə, rəsmi Moskvanın bu proseslərdə bütün münaqişə tərəflərinə bəlli olan aktiv və həlledici iştirakı kimi çox önəmli faktor Damenia tərəfindən heç yerdə qeyd edilmir. Müəllif eyni zamanda münaqişələrin, SSRİ-nin çöküşündən sonra yaranan kataklizmlərin abxazlarda mədəni və kimlik böhranını dərinləşdirdiyini vurğulayır, bundan çıxış yolu kimi abxaz mədəniyyətini yeniləşdirməyi təklif edir.
Gürcü-abxaz probleminin gələcək həllini Gürcüstanla Abxaziya arasında yeni münasibətlər formatında görən abxaz müəllif, Sovet dövründən qalan muxtar respublika statusunun hazırki şəraitdə saxlanılmasının heç cür mümkün olmadığını önə çəkir. O, həm də münaqişənin gələcəyinin Rusiya-ABŞ-Avropa Birliyi əlaqələrinin gələcəyindən asılı olduğunu qeyd edir.
Etibar Qulusoy
1905.az