Çox tez-tez müxtəlif adamlarımız müxtəlif mövzularda danışırlar və yazırlar. Bir çox hallarda bu danışan və yazan adamlar həmçinin danışmaq və yazmaq imkanı olan adamlar haqqında da danışırlar, yazırlar. Və adətən ad çəkmək istəmədiklərini də vurğulayırlar.
Ad çəkmək istəmirəm.
Bax bu cümlə bir çox maraqlı sayıla biləcək çıxışların, yazıların tən ortasına, ya da maraqlı bir məqamına pərçim olunub.
Görəsən niyə?
Ağla gələn nəsnələrdən biri budur ki, çıxışçı sərhəd tanımayan kübarlığından qaynaqlanaraq ad çəkmir.
Həvəslə inanıram.
Amma qeyd etməliyəm ki, ad çəkməyən çıxışçı adını çəkmədiyi insan (bu qurum da ola bilər ha) haqqında o qədər informasiya verir ki, mövzudan az-çox baş çıxaran hər kəs sözün əslində kimdən, ya da kimlərdən getdiyini başa düşür.
Başqa bir səbəb. Doğrudan da mütəmadi olaraq çıxış edən insanların müəyyən hissəsi sadəlövhcəsinə inanır ki, kiminsə adını çəkməklə həmin adamı şərəfləndirmiş olar. Öz şifahi və ya yazılı çıxışının az qala müalicəvi əhəmiyyətinə inanan bu adamlar üstəlik antireklamın da reklamın bir növü olduğunu bilirlər axı…
Və yaxud daha bir səbəb. Kiminsə arxasınca danışmaq fenomeninin mühüm atrubutlarından biri həmin adamın adının çəkilməsidir. Ad çəkməmisənsə, demək heç kimin arxasınca da danışmamısan. Bu məqam məntiqin təzahürlərindən biridir də.
Ən nəhayət, sən öz çıxışında kiminsə adını çəkmisənsə, o adam cavab çıxşıında sənin adını çəkə bilər axı?!
Bütün bunların əhəmiyyətli hissəsinin sosial şəbəkədə baş verməsindən, “xəbər lent”lərinin “ünvanlı”, “oxu atıb, yayı gizlədən”, ya da «qıza deyilən», “gəlinə ünvanlanan” və sonuncunun qeyd-şərtsiz, həm də razılıqla qəbul etməsi üçün istehsal olunan statuslarla zənginləşdirilməsindən hamının xəbəri var.
Əlbəttə, bir xeyli adamımız da var ki, yeri gəldi-gəlmədi ad çəkirlər. Bu adamların müxtəlif adları aydın sezilən həvəslə çəkmələrinin ən müxtəlif səbəbləri ola bilər. Bu yazının həmin adamlara əsla, birmənalı şəkildə dəxli yoxdur. Ola da bilməz.
Bu yazının o adamlara dəxli var ki, yuxarıda sadalanan, ya da hələlik elmə məlum olmayan səbəblərdən ad çəkmirlər.
Mən də ad çəkməyəcəyəm…