Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya indiyədək 208 min səs verilib. Aksiya mayın 5-dək davam edəcək. AVCİYA Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəni davam etdirəcək.
Bu fikirləri aprelin 22-də AVCİYA-nın təşkilatçılığı ilə “Ermənistanın qondarma soyqırımı təbliğatına petisiya mesajımız” mövzusunda keçirilən tədbirdə təşkilatın rəhbəri Elxan Süleymanov bildirib.
E.Süleymanov bildirib ki, ermənilər tarix boyu Azərbaycan xalqına qarşı soyqırımları, vandalizm aktları törədiblər. Bu vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün gücümüzdən istifadə etməliyik.
Bildirilib ki, Avropa Şurasının qəbul etdiyi 2085 saylı qətnamədə Ermənistanın işğalçı dövlət kimi göstərilməsi erməniləri təşvişə salıb. Ermənilər hər vasitə ilə bunun altından çıxmağa çalışırlar. AŞPA-nın yaz sessiyasında da Ermənistan nümayəndə heyəti və onların himayədarları bu məqsədlə təxribat xarakterli müraciətlər etdilər. Lakin Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində ermənilər istəklərinə çata bilmədilər. Nəticədə Avropa parlamentarilərində Ermənistanın işğalçı dövlət olması fikri möhkəmləndi.
Bakı, 22 aprel, AZƏRTAC