1992-ci il aprelin 7-dən 8-nə keçən gecə işğalçı Ermənistanın quldur hərbi birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək evləri yandırmış, dinc əhaliyə qarşı kütləvi qırğın törətmişdi. Bir yaz gecəsinin şirin yuxusunda ikən kənd odlara qalanmış, törədilən soyqırımı nəticəsində dinc sakinlərinin başına müsibət gətirilmiş, camaatın mal-mülkü, var-dövləti talan edilmişdi. Hələ Qarabağ münaqişəsinin ilk vaxtlarında erməni quldurları Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, ayrı-ayrı kəndlərə soxularaq dinc əhaliyə divan tuturdular. Ağdaban kəndinin işğalına aparan yol 1989-cu il iyulun 10-da başlamışdı. Həmin gün Ağdabanda baş verən hadisə erməni quldurlarının həyata keçirmək istədiyi çirkin planın tərkib hissəsi idi.
Həmin dövrdə bu cür hücumların qarşısının alınması məqsədilə Ağdaban kəndində yaradılan yerli özünümüdafiə könüllülər dəstəsinin komandiri Nəsimi Səfərov xatırlayır: “l989-cu il iyulun 10-da sübh tezdən Ağdabanın ətrafındakı təpələrdə toplanan şübhəli adamlar narahatlığa səbəb olduqları üçün bir qrup sakinlə onların yanına getdik. Təxminən 150-200 nəfər silahli erməninin qruplar şəklində “Ağdabanın yalı” deyilən ərazidə toplaşdığını gördük. Həmin qrupa hamının “daşnak Suren” kimi tanıdığı Qaqo adlı qoca kolxoz sədri başçılıq edirdi. Onlar açıq şəkildə bizə bildirdilər ki, Yerevandan gələn əmr əsasında Ağdabanı boşaltmalıyıq. Əgər müqavimət olarsa kənd yandırılacaq, əhali gülləbaran ediləcək.
Kəndə qayıdan kimi bu barədə Kəlbəcər rayon rəhbərliyinə məlumat versək də, hayımıza yetən olmadı. Elə həmin gün kənd əhalisini, xüsusilə yaylaqda olan qız-gəlini erməni təcavüzündən qorumaq üçün yerli özünümüdafiə dəstəsi təşkil etdik. Ov və tir tüfəngləri ilə silahlanmış kənd əhalisi həmin gecəni səhərədək keşik çəkdi. Ertəsi gün ermənilər hiylə işlədərək yaylaqlarımıza soxulmaq istəsələr də, qarşısını aldıq və 9 silahlı erməni əsir götürüldü. Sonradan əsirlərdən biri qaçmağa nail olsa da, digər 8 ermənini kəndə gətirərkən rus komendaturasının əsgərləri onları bizdən alıb rayon mərkəzinə apardı. Həmin hadisədən sonra Ağdaban kəndinin dincliyi pozuldu”.
Bu hadisəni AZƏRTAC-ın müxbirinə danışan Nəsimi Səfərov Kəlbəcər rayonunun Ağdaban kəndindəndir. O, Sovet ordusu sıralarından hərbi xidmətdən qayıdandan sonra erməni hərbi birləşmələrinin Ağdabana etdikləri hücumun qarşısını almaq üçün yaradılan yerli özünümüdafiə dəstəsinin təşəbbüskarı və daha sonra komandiri olub. 1992-ci ilin mayından 1993-cü ilin mayınadək kənd icra nümayəndəsi vəzifəsində işləyib.
O, Ağdaban faciəsi haqqında da məlumat verib: “1992-ci il fevralın 17-də rayonda dislokasiya olunan tabor komandirlərinə müraciət etdim ki, Ağdabanı erməni təcavüzündən qorumaq üçün Çapar kəndini düşməndən azad etmək lazımdır. Orada yerləşən erməni döyüşçülərini məhv etmək üçün bir dəfə artilleriya atışları səviyyəsində hazırlıq keçirildi. Aprelin 2-də Ağdaban ətrafındakı kəndlərdə vəziyyətlə tanış olmaq üçün özünümüdafiə dəstəsinin üç üzvü ilə kəşfiyyata gedərkən Çapar kəndində çoxlu canlı qüvvə toplaşdığını müşahidə etdik. Kənddən aşağıda yerləşən çay yatağında bir neçə zirehli texnika da vardı. Ermənilərin Ağdabanda fəlakət törədəcəyi ilə bağlı narahatlıq gündən-günə artırdı.
Aprelin 7-də sonuncu döyüş postunun təşkil olunması və könüllülərin postda yerləşməsi ilə əlaqədar kənd icra nümayəndəsi Yaşar Məmmədovla müzakirələr apardıq. Səhər saat 6 radələrində ilk atəş səsləri eşidildi, məlum oldu ki, ermənilər hücuma keçib. Biz dərhal atəş səslərinin gəldiyi istiqamətlərə kiçik qruplar göndərərək kəndin ətraflarında mövqe tutduq. Təxminən bir saatdan sonra məlum oldu ki, kəndin bütün yüksəklikləri ermənilərin əlinə keçib, biz mühasirə vəziyyətindəyik. Həmin vaxt bizim mövqe tutduğumuz ərazidən baxanda düşmənə məxsus 1 BMP-nin dayandığını, digərinin isə artıq kəndin girəcəyində olduğunu, başqa bir BRDM-in kəndi əlverişli bir yerdən pulemyot atəşinə tutduğu görünürdü. Düşmənin saysız-hesabsız canlı qüvvəsi iki xətt boyu düzülərək atəş aça-aça kəndə yaxınlaşırdı. Yaranmış mövcud vəziyyətdə yeganə yol əhalini kənddən çıxarmaq idi. Zirehli döyüş maşınlarından atılan atəş evləri uçurur, yanğınlar törədir, dağıntılara səbəb olurdu. Vahimə içərisində olan qadın və uşaqların qışqırtısı kəndi başına götürmüşdü.
Hər kəs kəndin aşağısındakı dərəyə yönələrək qaçıb canını qurtarmaq istəyirdi. Saat 8 radələrində kəndin yuxarı hissəsi tamamilə ermənilərin nəzarətində idi. Əhalinin bir hissəsi təhlükədən qismən uzaqlaşaraq kəndin qarşısındakı meşəlikdən aşağı enib yolu kəsməyə cəhd göstərdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. Biz Kəlbəcərə gedən yolun təxminən 500 metrliyinə çatanda maşınların nəriltisi, ardınca partlayış və şiddətli atışma səsləri eşidildi. Məlum oldu ki, ermənilər dinc əhalinin xilas ola biləcəyi yolu nəzarət altına alıb. Ona görə də bir qədər sağa istiqamətlənərək xilas olmağa çalışırdıq. Ermənilər yolu dəyişdiyimizi görüb yönəlmək istədiyimiz cığırı atəşə tutdular. Düşmənin atəşini öz üzərimizə yönəltməklə əhalinin həmin yerdən keçməsini təmin edə bildik. Beləliklə, döyüşçülərin müqaviməti sayəsində ermənilərin dinc əhalini pusquya salaraq məhv etmək planları pozuldu”.
Həmsöhbətimizin dediyinə görə, həmin gün səhər saat 9-da Ağdaban və Çayqovuşan kəndləri bütünlüklə ermənilərin nəzarətinə keçib: “Ermənilərin qəfləti və amansız hücumu nəticəsində 32 nəfər şəhid oldu. Onlardan dördü döyüş postunda, ikisi kəndin ayrı-ayrı hissələrində əhalini müdafiə edərkən, 9 nəfər isə köməyə gedərkən pusquya salınaraq şəhid olmuşdu. Törədilən vandalizm aktı zamanı Ağdaban və Çayqovuşan kəndlərində 130-dan çox ev odlara qalanmış, 779 nəfər dinc sakinə divan tutulmuşdu. Erməni quldurları 32 qoca, qadın və uşağı dünyada görülməmiş ən qəddar üsullarla qətlə yetirmişdilər. Həlak olan dinc sakinlərdən 8 nəfəri 90-100 yaşlı qoca, 2 nəfəri azyaşlı uşaq idi, 7 qadın isə diri-diri yandırılmışdı. Həmin soyqırımı zamanı 2 nəfər itkin düşmüş, 12 nəfər ağır bədən xəsarəti almış, 5 nəfər isə girov aparılmışdı.
Faciə qurbanlarının 15 nəfəri Dədə Şəmşirin nəslindən idi. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qulu Qurbanovu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışdılar”.
24.02.2023, AZƏRTAC