
IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti mərhələsi Ağdam Muğam Mərkəzində təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə əvvəlcə Prezident İlham Əliyevin mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında səsləndirdiyi dəyərli fikirləri əks etdirən videoçarx təqdim olunub.
Yarışmada 11 iştirakçı öz məharətini göstərib. Yeniyetmə iştirakçılar zərb muğamlar, gənclər isə Qarabağ şairlərinin qəzəllərinə muğam və təsniflər ifa ediblər. Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər.
Xatırladaq ki, “Muğam” Televiziya Müsabiqəsində iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər.
Avqust ayının sonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.