İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunun Kəngərli kəndində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün kənddə 290 fərdi ev inşa olunacaq.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Ağdam şəhərində beş yaşayış məhəlləsi, 12 kəndin tikintisi həyata keçiriləcək. Eyni zamanda, şəhər infrastrukturuna daxil olan daxili yollar və kommunikasiya şəbəkəsi, şəhər parkı, meşə park və inzibati mərkəz inşa ediləcək. Artıq şəhərdaxili yolların tikintisinə başlanılıb. Paralel olaraq şəhərdə beş yaşayış məhəlləsinin ikisində ərazinin inşaat tullantılarından təmizlənməsi və hamarlama işlərinə start verilib. Digər yaşayış məhəllələrinin layihələndirmə işləri və ekspertizadan keçirilməsi tamamlanma ərəfəsindədir.
Kəngərli kəndində tikinti işləri 4 mərhələyə bölünüb: ərazinin tullantılardan təmizlənməsi, vertikal hamarlanma, yol yataqlarının profilə gətirilməsi və yaşayış evlərinin tikintisi. Sonrakı mərhələdə qeyri-yaşayış binalarının tikintisi həyata keçiriləcək, ən sonda kənddaxili yolların və kommunikasiya şəbəkəsinin inşasına və landşaft işlərinin icrasına başlanılacaq. İşlərin 2024-cü ilin sonunadək yekunlaşması planlaşdırılır. Kəngərli kəndinin öz sakinlərini 2025-ci ilin əvvəllərində qəbul edəcəyi nəzərdə tutulur.
Ö.Həmidov qeyd edib ki, artıq 118 evin bünövrəsi qazılıb, 90 evdə bünövrəyə hazırlıq işləri görülüb, 86 evin bünövrə işləri tamamlanıb, 76 evdə hörgü işlərinə başlanılıb. Bəzi evlərdə hörgü işləri tamamlanmaq üzrədir. Yaşayış evləri iki, üç, dörd və beşotaqlı olacaq. Əsali əsasən üç və dörd otaqlı mənzillərdə yerləşəcək.
“Layihələrin özəlliyi ondan ibarətdir ki, mənzillər həm görünüş, həm də istilik tutumu baxımından fərqlənir. İstilik tutumlu evlər daha az enerji ilə qızdırılacaq və soyudulacaq. Eyni zamanda, alternativ enerji mənbələrindən istifadə ediləcək. Hər evin damında 3 kV-lıq solar panel quraşdırılacaq. İstifadə olunmayan enerji mərkəzi elektrik şəbəkəsinə qaytarılacaq. Bununla da insanlar enerji xərclərinə ciddi qənaət edəcəklər” – deyə, Övsət Həmidov bildirib.
Hazırda Kəngərlidə tikinti işləri ilə yanaşı, inşaat tullantılarının emal edilərək təkrar materiala çevrilməsi də həyata keçirilir.
Kəngərli kəndinin yenidən qurulmasında çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Onlar işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdiyi üçün qürur duyduqlarını bildirirlər. Ağdam rayonunun Saybalı kəndindən olan Şahid Kərimov deyib: “Mən çox sevinirəm ki, torpaqlarımız işğaldan azad edilib. Tezliklə bütün məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar. Mən də bir bənna kimi aparılan tikinti işlərində iştirak edirəm. İşğaldan azad olunmuş ərazilərin tikintisində mənim də əməyim olduğu üçün fəxr edirəm”.
23 noyabr 2023-cü il, Tahir Ağaməmmədov, AZƏRTAC