Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə və keyfiyyətlə icra edir.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidən qurulması mərkəzi küçələrin və məhəllədaxili yolların bərpasından ibarətdir. Küçə və məhəllədaxili yolların eni 4-11 metrarası dəyişir.
Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks-dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da burada yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişini təmin edir.