Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib.
Bankdan AZƏRTAC-a bildirilib ki, strategiyada ölkənin inkişaf hədəflərinə nail olması üçün dəyərin yaradılması, inteqrasiya və dayanıqlılığın vacib amillər olduğu vurğulanır.
Beş il ərzində strategiya iki əsas istiqamətə yönələcək: yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
“AİB-Azərbaycan tərəfdaşlığında yeni mərhələyə qədəm qoyduğumuz bir dövrdə diqqətimizi dayanıqlı iqtisadiyyatın təmin olunmasına, özəl sektorun aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığa töhfə verilməsinə yönəldirik. AİB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişaf prioritetlərinə nail olmasına, regional təşəbbüslərin inkişaf etdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, – deyə AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal bildirib.
ÖTS Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildə hazırlanıb və əsas çağırışların həllinə yönəlib, eyni zamanda, yaşıl və dayanıqlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur. Sənəd digər strateji prioritetlər də daxil olmaqla innovasiyaların, yüksək dəyərə malik məhsulların və xidmətlərin təşviq olunması, habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqət ayıracaq.
İnkişafın təsirini ən yüksək səviyyəyə çatdırmaq məqsədilə ÖTS-nin nəticələri yalnız ÜDM-in artımı ilə məhdudlaşmır, eləcə də insanlar, ətraf mühit və digər qlobal ictimai mallar üçün faydalara yönəlir. Buna görə beşillik strategiyaya iqlim fəaliyyətini sürətləndirmək, fəlakət risklərinin idarəetməsini gücləndirmək, həmçinin gender bərabərliyi və rəqəmsal transformasiyada irəliləyişlər əldə etmək məqsədi daşıyan təşəbbüslər daxildir.