– Təqribən 1 ay bundan əvvəl Rusiyanın ORT telekanalının aparıcısı İradə Zeynalovaya açıq məktub yazdınız. Cəmiyyətimizdə belə fikir mövcuddur ki, oxuculara əsasən şou-biznes nümayəndələri və kriminalla bağlı xəbərlər maraqlıdır. Lakin Sizin ictimai-siyasi çəkiyə malik məktubunuz böyük auditoriyanın marağına səbəb oldu…
– Təəssüf ki, son dövrlərdə Azərbaycan telekanallarında insanı heyrətləndirə biləcək televerilişlər yoxdur. Bunu xüsusilə xəbərlərlə bağlı deyə bilərəm. Çünki 24 aprel qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı həqiqətən insanların ürəyindən xəbər verə biləcək materiallar yaya bilərdilər. Buna görə də daha çox xarici ölkələrin telekanallarına baxıram. Həmin ərəfədə Avropa Birliyinin “erməni soyqırımı”nı tanıması isə mənə daha çox toxunmuşdu. Axı mənim babalarım Nuru paşanın ordusunda xidmət ediblər. Atamın dayısı iki il öncə vəfat edib. Və vəfat etdiyi günə qədər namazdan sonra Nuru paşanın ruhuna dualar oxuyurdu. Evimizdə həmişə türçülük mühiti olub. Bu hadisələrlə bağlı bir yazı yazmaq, fikrimi bölüşmək istəyirdim. Belə bir məqamda İradə Zeynalovanın “erməni soyqırımı” ilə bağlı televiziya ilə çıxışını gördüm və içimdən çalxalandım. İradə Zeynalova təxminən dəqiqə yarımlıq materialı elə təqdim edir, elə yana-yana oxuyurdu ki, sanki bu hadisələr onun öz başına gəlmişdi. Bir azərbaycanlının bu təqdimatı məni çox hiddətləndirdi. Ona görə də saytlardan birindən xahiş etdim ki, bununla bağlı bir yazı hazırlasınlar. Onlar kiçik bir informasiya verdiklərindən, özüm bu barədə bir material hazırladım. Facebook səhifəmə qoydum və Modern.az və Aznews.az saytlarından da onu yaymaqlarını xahiş etdim. Yəzi yazdıqlarım içimdən gələnlər idi və onları birnəfəsə yazmışam. Çox təəccüblənirəm ki, niyə xaricdəki həmvətənlərimizin içində fikirlərimizi deyəcək insanlar azdır?
– Əslində bu yazının gücü də onun emosional ovqatda yazılmasındadır. Amma bir məsələ də var. Məlumdur ki, ORT dünyanın ən nəhəng teleşirkətlərindən və Rusiyanın əsas təbliğat ruporlarından biridir. Kanalın simasını müəyyənləşdirən verilişlərdən birini – həftənin yekun xəbər proqramını etnik azərbaycanlı İradə Zeynalova aparır. Doğrudanmı, Rusiya federasiyasının ORT telekanalının yekun informasiya proqramının aparıcısından bizim hansısa konkret gözləntilərimiz olmalıdır?
– Bilirsiniz, uman yerdən küsərlər, deyirlər. Məndə olan məlumata görə, İ.Zeynalova Moskvada fəaliyyət göstərən azərbaycanlı iri iş adamları ilə yaxından tanışdır. Həmin şəxslər ona böyük önəm verirlər. Azərbaycanlıların məclislərində iştirak edir. Özünü azərbaycanlı kimi dərk edir. Buna görə də ya həmin gün hansısa bəhanə ilə efirə çıxmamalı, yaxud da oxuduğu mətni bir qədər yüngülləşdirməli idi.
– Bütün müqayisələr qüsurludur. Kim Kardaşyan adlı açıq-saçıq fotoları ilə “fərqlənən” bir erməni əsilli model var. Səhv etmirəmsə, bir müddət öncə, hansısa tanınmış jurnalın Türkiyə nəşrinin aprel sayında fotosu verildiyinə görə, həmin jurnaldan imtina etmiş və onu satışdan yığdırtmağa nail olmuşdu.
– Bəli. Hətta belə bir adam da etnik mənsubiyyətini unutmur və Ermənistanın təəssübünü çəkir.
– Bu yaxınlarda bir “KVN”çi də “erməni soyqırımı” ilə bağlı ziddiyyətli fikirlər səsləndirmişdi. Əkrəm Əylisli “Daş yuxular”ını daha öncə yazmışdı. Lakin həmin “KVN”çi, İradə Zeynalova, Əkrəm Əylisli və s. aysberqin görünən tərəflərində yer tuturlar. Nə üçün azərbaycanlı kimi özünü dərk və təqdim etmək bəzi hallarda necə deyərlər rentabelli görünmür adamlara?
– Bizim özümüzü necə təqdim etməyimiz, haqqımızda müsbət təəssürat yaratmağımız özümüzdən asılıdır. Auditoriyanı öz arxanca aparmağa nail olmalısan.
– Sizə elə gəlmir ki, İradə Zeynalova bu verilişdə Rusiya Fedarasiyası və onun rəhbərliyinin sadəcə olaraq siyasi xəttini çatdırıb? Axı Rusiya Prezidenti V.Putin də aprelin 24-də birgə iri layihələr gerçəkləşdirdiyi Türkiyə dövlətinin dəvətini qəbul edib, Çanaqqalaya deyil, İrəvana “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə yollanmışdı. Doğrudanmı Siz inanırsınız ki, həmin gün İ.Zeynalovanın özünü xəstəliyə vurmaqdan əlavə, ikinci yolu da olub?
– Mən inana bilmirəm ki, İradə Zeynalovanı Azərbaycanın başına gətirilən bu qədər faciələrin heç birindən danışmağa qoymasınlar. Hər hansı bir formadasa bunu etmək olardı. Ya du bu informasiyanı bir qədər yumşaltmaq olardı.
– Bizi Sizi fədakar, döyüşkən ruhlu jurmalist kimi tanıyırıq. 10 il ərzində AzTV-nin Mərkəzi Asiya Respublikaları üzrə xüsusi müxbiri kimi çalışmısınız. Gördüyünüz işlər sırasında Astanada cəllad Levon Mirzoyanın adını daşıyan küçənin adının dəyişdirilməsini yada salmağımız kifayətdir.
– Bu qiymətə görə sağ olun. 10 illik mübarizədən sonra nail olduq buna. Qazaxıstan Azərbaycanlıları İttifaqı və Astana şəhərindəki “Xəzər“ cəmiyyəti ilə birlikdə.
– Minnətdarıq. Sizə uğurlar arzulayırıq.
Fuad Babayev, Gündüz Nəsibov.
1905.az