AMEA-nın Rəyasət Heyətinin iclasında İctimai Elmlər Bölməsinin (İEB) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, hesabatı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.
Akademik qeyd edib ki, 2024-cü ildə İEB-in elmi müəssisələrində 33 problemə aid 88 mövzuya dair 505 tədqiqat işi, 98 mərhələ aparılıb, 18 mövzu, 364 iş, 43 mərhələ tamamlanıb. Hesabat ilində elmi tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən araşdırılan 35-dən çox elmi iş Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunub.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən G.Baxşəliyeva bildirib ki, 2024-cü ildə bölmə üzrə 1525 əsər nəşr olunub. Bunlardan 36-sı kitab (3-ü xaricdə), 54-ü monoqrafiya (7-si xaricdə) 1101-i məqalə (266-sı xaricdə), 334-ü tezis (106-sı xaricdə), 9-u dərslik və dərs vəsaitidir. Bölmə üzrə 46 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 1275 istinad edilib.
Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 2610 əsər çap olunub. Bunlardan 62-sı kitab (5-i xaricdə), 49-u monoqrafiya (8-i xaricdə) 192-si dərslik və dərs vəsaiti, 1176-sı məqalə (545-i xaricdə), 464-ü tezis (213-ü xaricdə) olmuş, “Web of Science”, “Scopus” bazalarında indekslənən jurnallarda isə 452 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 2202 istinad qeydə alınıb.
Akademik Gövhər Baxşəliyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlətimizin başçısının Sərəncamının icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 1 beynəlxalq, 2 respublika səviyyəli elmi konfrans, 3 elmi seminar, 6 dəyirmi masanın keçirildiyini, 2 kitabın işıq üzü gördüyünü bildirib.