1905.az portalının suallarını “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cavablandırır.
– Əlavə təqdimata ehtiyacı olmayan “Şərq” qəzeti Sizin adınızla bağlıdır. 2016-cı ilin fevralınadək “Şərq” qəzeti hansı yolu, mərhələləri keçib? Və yaxın perspektivi necə təsəvvür edirsiniz?
– “Şərq” qəzeti 1996-cı ildən çap olunur, bu il fəaliyyətimizin 20 illiyi tamam olacaq. Həmin dövrdə Azərbaycanda böyük mətbuat bumu var idi. Siyasi partiyalar çox ciddi fəaliyyət göstərirdi. Əlbəttə, həmin partiyaların da qəzetləri bazara çıxırdı. Ayrı-ayrı yaradıcı insanlar da öz qəzetlərini buraxırdılar. Hər gün qəzet köşkündə yeni bir qəzet görünürdü. “Şərq” qəzeti məhz belə bir dönəmdə nəşr olunmağa başladı. Biz “7 gün” qəzetində çalışan bir qrup adam daha müstəqil, keyfiyyətli, maraqlı qəzet buraxmaq qərarına gəldik və düşündük ki, siyasi qüvvələrdən müəyyən bir məsafə saxlamaqla bunu həyata keçirmək mümkündür. O dövrdə yetərli oxucu bazarı və azad sözə böyük tələbat da var idi. Qəzeti də sırf oxucu marağına və sırf satış imkanlarına söykənərək nəşr etdirdik. Şübhəsiz ki, bizə dəstək verən insanlar da var idi və qəzet özünün ən yüksək inkişaf dövrünü 2000-ci ilədək yaşadı. 2000-ci ildən sonra latın qrafikasına keçid bizim üçün müəyyən çətinliklər törətdi. Çünki oxucularımızın müəyyən bir hissəsi orta yaş təbəqəsinə malik insanlar idi. Onlar əsas etibarilə kiril qrafikasında oxuduqlarından, latın qrafikasına keçid bizim oxucularımızın sayına öz təsirini göstərdi. Birdən-birə tirajımızda xeyli enmələr oldu. Sonrakı siyasi proseslər, mətbuata qeyri-peşəkarların gəlməsi, sui-istifadə halları, qeyri-peşəkarlara cəmiyyətin mənfi münasibətinin formalaşması da bizim işimizə öz təsirini göstərdi. Qəzetimizin tirajı 29-30 mini ötürdü, satış imkanlarımız 80 faizdən artıq idi.
Lakin sonrakı dönəmdə cəmiyyətdəki problemlər mətbuata da hopdu. Çox təəssüf ki, müəyyən səbəblərdən media bazarını doğru-düzgün formalaşdırmaq imkanı olmadı. Bu bazarı formalaşdırmaq mümkün olsaydı, vəziyyət indikindən çox fərqli olardı. Reklam bazarı şəffaflaşmadığından, qəzetlərin ölüm, ya qalım məsələsi gündəmə gəldi. 2002-2003-cü illərdən sonra çap mətbuatı öz tənəzzül dövrünü yaşamağa başladı. “Azərbaycan” nəşriyyatına qəzetlərin xeyli borcu yarandı. Belə bir vəziyyətdə Heydər Əliyev mətbuatın inkişafı üçün mühüm tədbirlər gördü, qəzetlərə dəstəyini göstərdi. Bu gün də dövlətin dəstəyi olmasa, Azərbaycanda çap mətbuatının yaşamaq imkanı yoxdur. Mən bunu tam səmimi deyirəm və söylədiklərimin altından imza atmağa da hazıram. Bu gün ən populyar nəşrlərin belə tirajı 5 mindən artıq deyil. 140 illik Azərbaycan mətbuatını yaşatmaq üçün bu gün də mücadilə gedir. Sözlə ifadə olunmayacaq dərəcədə fədakarlıq göstəririk. Kağızın qiyməti 100 faiz, mətbəə xərcləri 55 faiz qalxıb. Təbii ki, bu vəziyyətdən çıxış yollarını araşdırırıq.
– Bəs Sizcə, qeyd edilən dövr ərzində bizim oxucu auditoriyası hansı yolu keçib?
– Ümumiyyətlə, medianın əsas funksiyalarından biri maarifçilik, digər funksiyaları isə cəmiyyəti informasiya ilə təmin etmək və əyləndirməkdir. Amma oxucu auditoriyasını formalaşdırmaq da bizim əsas işlərimizdən olmalı idi. Buna isə yeni ideyalar, analitik təhlillərimiz, verdiyimiz informasiyanın keyfiyyəti sayəsində nail olmaq olardı. Təəssüf ki, biz oxucunu sonadək özümüzə alışdıra bilmədik. Elə bəzi qəzetlərin yanlış yönləndirilməsi, qeyri-peşəkarlıq da ciddi qəzetlərin yaşamasına mənfi təsir göstərdi. Lakin bir faktı da qeyd edim ki, cəmiyyət yenə də jurnalistə inanır. Çünki aldığımız məktublar, hansısa məmurlardan, şahidi olduqları qanunsuzluqlardan şikayətlər bunu göstərir. Ümid edirlər ki, onların bu məktubları qəzetdə və ya saytda dərc olunsa, problemləri öz həllini tapacaq. Sadəcə bu illər ərzində media-oxucu etibarını saxlaya biləcək güc bir qədər zəifləyib. Bu inamı, etibarı geri qaytarmaq üçün ciddi islahatlara ehtiyac var. Təbii ki, nöqsanlarımız çoxdur. İcazə verin, birini göstərim. Təəssüf ki, müəyyən mərhələdən sonra biz mətbuata, jurnalistikaya biznes kimi baxa bilmədik. Misal üçün bizim yaxın qonşularımızda – Türkiyə və Rusiyada qəzet menecmenti, qəzetin idarə olunması ayrıca ixtisaslardır. Bizdə isə baş redaktor həm qəzetin menecerliyini edir, həm yaradıcılıq məsələlərini, həm də texniki məsələlərini yoluna qoymağa çalışır. Bu «qaydasız döyüş»lə inkişafa nail olmaq mümkün deyil.
– Bu gün Facebook-da 2 min dostu olan şəxsin səhifəsi bir növ elə kütləvi informasiya vasitəsi kimidir. Sizə elə gəlmir ki, artıq ənənəvi qəzet dövrü geridə qalıb?
– Belə fikirlər dövri olaraq səsləndirilir. Bu fikrin həm həqiqi, həm də həqiqi olmayan tərəfləri var. Həqiqət olan tərəfi ondan ibarətdir ki, bizim xəbər vermək imkanlarımız məhdudlaşıb. Çünki saytlar bizdən daha öncə, sosial şəbəkələr isə saytlardan da öncə həmin xəbərləri verirlər. Biz bu media strukturlarının bir-birilərini istisna etməyən inkişaf meyllərini müəyyənləşdirməliyik. Bunlardan hansını istisna etdikdə isə, mediaya vahid sistem kimi yanaşa bilmərik. Qəzet analitik materiallar, xəbərin alt qatında yatan mətləbləri verməlidir. Həm də qəzetlərdə qalıcılıq xüsusiyyəti var. Saytların xəbər siyasəti bir növ mesaj xarakterlidir. Baxın, sanki bir nəfər telefonla üzləşdiyi hadisəni digərinə çatdırır, mesaj ötürür. Bizim xəbər saytlarının xəbər yükü bu tipi özündə daşıyır. Peşəkarlıq baxımından bunun jurnalistikanın prinsiplərinə uyğun olub-olmadığını müəyyənləşdirmək əslində mütəxəssislərin işidir. Sosial şəbəkələr isə bir növ vətəndaş jurnalistikası kimi qiymətləndirilir. Amma bunun da digər tərəfi var. Yadınızdadırsa, bu yaxınlarda Bakı-Böyük Kəsik qatarını bir neçə uşaq daşlamışdı. Bu uşaqların fotalarını sosial şəbəkələrdə yerləşdirmək nə dərəcədə jurnalistikanın peşə prinsiplərinə uyğundur? Yaxud hansısa kriminal hadisə baş verib, amma hələ tam araşdırılma aparılmayıb, məhkəmə hökmü verilməyib, amma hadisənin iştirakçısı olan insanların ad və soyadları, fotoşəkilləri sosial şəbəkələrdə verilir və onlar cinayətkar elan olunur. Sosial şəbəkələrdə sanki kin-küdurət, iflas əhval-ruhiyyəsi hökm sürür. Hamı ekspert olub. Bəs onda peşəkarlara nə ehtiyac var? İstərdim ki, həm ənənəvi media, həm də saytlar peşəkarlıqları ilə seçilsin. Elə vətəndaş jurnalistikasının da öz prinsipləri var. Bu prinsiplərə riayət olunması vacibdir. Sosial məsuliyyət prinsipinə əməl olunmalıdır. Gənclərimiz vətəndaş jurnalistikasını peşəkar jurnalistikaya yaxınlaşdıran bağları öyrənməlidirlər. Bu gün çap mətbuatının yaşamaq imkanları çox zəifdir. Təbii ki, ən yaxın zamanlarda bir sıra qəzetlərin bağlanmasının da şahidi olacağıq. Maliyyə böhranına heç bir qəzetin tab gətirmək gücü yoxdur. Müəyyən mənada biz bunu bir qədər yubada bilərik.
– Yəni çap mətbuatının vəziyyəti ikiqat uğursuzdur. Əvvəla, onları oxuyanların sayı azalır, çünki informasiyanı oxucular başqa mənbələrdən alırlar, digər tərəfdən isə həm də bahalıdır. Qəzetin hər bir sayının çapına xeyli vəsait tələb olunur.
– Burada bir məsələ də var. Oxumaq da bir zövqdür. Və bu zövq hər kəsdə fərqli ola bilər. Kimsə informasiyanı saytdan almaq istəyir, kimsə də qəzetdən. Azərbaycanda bu gün də kifayət qədər qəzet oxuyanlar var. Keyfiyyətli, peşəkar təhlil və etibarlılıq baxımdan çap mətbuatı deyərdim ki, daha öndədir.
– Sizcə, bu yaşla bağlı deyilmi? Gənclər informasiyanı əsasən yeni qəzetlər vasitəsilə almağa üstünlük verirlər.
– Əlbəttə, dediklərinizdə həqiqət var. Gənclər saytlara, sosial şəbəkələrə, orta nəsil isə etibarlı informasiya mənbəyi kimi qəzetlərə üstünlük verir. Qəzetlərin qorunub saxlanmasını mən həm də ənənələrin qorunması hesab edirəm. Bizim 140 illik mətbuat tariximiz var. Qəzetlərdən imtina etməklə, biz həm də həmin ənənələrdən də imtina etmirikmi? Amma həm çap mətbuatının, həm elektron medianın, həm də saytların yaşaması üçün ən yaxşı mühit liberal bazar iqtisadiyyatı və rəqabət mühitidir. Bu iki amil və şəffaf reklam bazarı şəraitində ortaya yaradıcılıq məsələsi çıxacaq. Belə bir şəraitdə oxucuları maraqlandıran media vasitələrinin yaşamaq hüququ olacaq. Yaşamaq imkanı olmayanlar isə öz-özünə bağlanacaq. Elə bizim saytlarda da ixtisaslaşma çatışmır. Elə saytlar var ki, xəbərlərin məzmununa və yerləşdirilmə ardıcıllığına diqqət yetirilmir. Sanki qazana bir-birinə uyuşmayan 10-15 ərzaq məhsulu tökülüb qaynadılır. 1990-cı illərdə hər gün bazara yeni bir qəzet girdiyi kimi, indi də hər gün yeni saytlar peyda olur.
– Nə etməliyik ki, Azərbaycan mediası Qarabağ, bizim tariximizlə bağlı yazılar oxunsun, onlara diqqət artsın?
– Əgər kim deyirsə ki, Qarabağla bağlı yazılar oxunmur, deməli həmin adamın özü qeyri-peşəkardır. Qarabağ problematikasını, bu mövzuda aparılan görüşlərin, tutaq ki, mərhələli həll variantı, ATƏT-in Minsk Qrupunun yarandığı günün buvaxtadək danışıqları və əsas prinsipləri bilən çox az sayda jurnalist var. Dağlıq Qarabağla bağlı danışıqlardakı nizamlama prinsiplərini bəzən jurnalistlər bir-birinə qatır. Mövzunun mahiyyətini bilən 10-15 nəfəri ancaq tapmaq olar. Onların da əksəriyyəti fəal jurnalistika ilə məşğul deyillər. Bizim mediada bu gün peşəkarlar təəssüf ki, az qalıb. Onların hazırlanması isə 1-2 ilin işi deyil. Jurnalistika fakültəsini bitirib bizə gələnləri yalnız 2 ildən sonra nisbətən normal işçi kimi hazırlaya bilirik. Bu baxımdan planlaşdırma zamanı aparılan diskussiya və polemikaların jurnalistin yetişməsi baxımından böyük əhəmiyyəti var. Jurnalist yetişib, püxtələşəndən sonra isə iş yerini dəyişir.
– Başqa sözlə, oxucu torpaqlarımızın işğalı ilə nəticələnən erməni təcavüzü haqqında ona görə dolğun məlumat ala bilmir ki, bunu lazımi səviyyədə araşdıran və yazan adamların sayı azdır.
– Elədir.
– Əgər bu tədqiqatçıların sayı azdırsa, bu özü həmin mövzuya tələbatın azlığından xəbər vermirmi?
– Bu mövzuya ehtiyac həmişə var. Jurnalist çox mürəkkəb məsələləri sadə və analşıqlı dildə xalqa çatdıran adamdır. Dağlıq Qarabağ və bu kimi digər milli problemi terminlərdən geninə-boluna istifadə etmədən xalqa çatdırmaq lazımdır. Bizim alimlərimiz də bu məsələdən yazanda terminlərdən istifadə etməklə, ümumiləşdirmə aparmadan, faktları ortaya “tökürlər”. Bəzi alimlərimiz ümumiləşdirmə, bəzi jurnalistlərimiz isə sadələşdirmə apara bilmirlər.
– Bir sıra tədqiqat əsərlərinin müəllifi kimi gəlin, indi də Sizin elmi fəaliyyətinizdən danışaq.
– Artıq doqquzuncu ildir ki, Azərbaycan MEA Tarix İnstitutunun dissertantıyam. Müdafiə üçün növbə gözləyirəm. Elmi işim cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı ilə bağlıdır. 1918-1920-ci ildə çap olunan cümhuriyyət mətbuatını araşdırmışam. Azərbaycan və Türkiyə arxivlərində olmuşam. Həmin dövrün əsas materialları arxiv sənədləri ilə yanaşı, elə qəzetlərdir. Bu qəzetlərdəki məsələlərin hamısı bizim indi üzləşdiklərimizlə səsləşir. Qarabağ məsələsi, demokratiyanın inkişaf problemləri, dindən sui-istifadə halları azad mətbuat və s. Mən bilirəm ki, “erməni məsələsi” ilə bağlı sizin sayt ciddi araşdırmalar aparır. Azərbaycan jurnalistləri bu qondarma problemlərini cəmiyyətə sırımaq istəyənlərə qarşı ciddi mübarizə aparıblar. Həsən bəy Zərdabi və onun “Əkinçi” qəzetinə qarşı ən sərt mübarizəni Tiflisdə nəşr edilən “Mşak” qəzeti aparırdı. Bu qəzetdə ermənilərin etnos kimi daha qədim olduqlarını, onların bu ərazidə daha qədimdən yaşadıqlarını “sübut” edən yazılar dərc olunurdu. Təbii ki, bunlara qarşı həmin dövrün ziyalıları, xüsusilə Həsən bəy Zərdabi mübarizə aparırdı. Yaxud “Həyat” qəzeti ermənilərin azərbaycanlılara qarşı apardıqları təbliğata qarşı yaradılmışdı. Hacı Zeynalabdin Tağıyev dönəmin böyük ziyalılarını – Sorbonna universitetini bitirmiş Əhməd bəy Ağaoğlunu, Türkiyədə təhsil almış Əli bəy Hüseynzadəni, Həsən bəy Zərdabini, Əlimərdan bəy Topçubaşovu evinə yığaraq, müzakirələr apardı və 1905-ci ili iyunun 7-də qəzet nəşrə başladı. 1905-ci il hadisələrinin mahiyyəti Moskva və Tiflis qəzetlərində, hətta Avropa qəzetlərində Türkiyə erməniləri tərəfindən tamamilə təhrif edilirdi. Azərbaycanlılar heç bir savada və səviyyəyə malik olmayan vəhşi müsəlmanlar kimi təqdim olunurdu. “Həyat” qəzeti nəşr olunanda Qafqaz canişini Vorontsov-Daşkova müraciət etmişdilər ki, azərbaycanlılar heç bir yazı mədəniyyətinə malik olmayan xalqdır, onlara qəzet açmağa icazə vermək olmaz. Sonrakı dövrdə “İrşad” qəzeti ermənizmlə mübarizə məsələsini davam etdirdi. Mətbuatın 140 illiyi ilə əlaqədar Prezident İlham Əliyevlə görüşdə də qeyd etdim ki, Azərbaycan mətbuatı yaranan gündən mətbuatımız ermənilərlə döyüşüb. “Açıq söz” qəzetinin hər bir sayında Azərbaycanın milli məsələləri, milli problemləri, şəriət problemləri qabarıq şəkildə müzakirə olunur. Azərbaycanda daim sünni-şiə qarşıdurması yaratmağa çalışıblar. Bizdə bu məsələnin qarşısını ziyalılar məharətlə alıblar. Həm də qəzetlərdə aparılan təbliğat vasitəsilə bunu ediblər.
– İndi necədir durum?
– Bu yaxınlarda vəhdət namazı qılındı. Mən bunu alqışlayıram. Bu olduqca maraqlı ideya idi. Sizə bir örnək də deyim. 1917-ci ilin aprel ayında Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Ə.Topçubaşov, M.Ə.Rəsulzadə vı N.Yusifbəylinin və s. rəhbərlik etdikləri təşkilatların fikri belə oldu ki, müfti və şeyxülislam qurultayda bir yerdə otursunlar. Ortada oturan Ə.Topçubaşovun bir tərəfində müfti, o biri tərəfində isə şeyxülislam oturmuşdu. Qərara alındı ki, Əli və Ömər məktəbləri yığışdırılsın, ayrıseçkilik aradan qalxsın. Bu qurultayın çox böyük əhəmiyyəti oldu.
– Deməli, bizim yenilik kimi qəbul etdiklərimiz o dövrdə artıq baş verib?
– Əlbəttə. Bizim indii yenilik kimi qəbul etdiklərimiz o zamanlar həyata keçirilib.Maraqlı ideyalar, fikirlər ortaya atılıb. Azərbaycan cəmiyyətini tolerant, bütün mədəniyyətlərə açıq bir sistem kimi formalaşdıran həmin dövrün ziyalıları, jurnalistlər idi.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə saytımızda ilk dəfə 11 fevral 2016-cı ildə dərc edilib.