1905.az portalınn növbəti həmsöhbəti Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdır.
– Akif müəllim, Qarabağ Azadlıq Təşkilatı elə bir təşkilatdır ki, Qarabağ azad olunmayınca onun işi bitməyəcək. Amma gəlin, QAT-ın cari iş cəbhəsi və yarandığı tarixdən bu günə kimi keçdiyi yoldan danışaq…
– Qarabağ Azadlıq Təşkilatı 1993-cü ildə çox gərgin bir dönəmdə yaranıb. Həmin dövrdə rayonlarımız bir-birinin ardınca işğal edilirdi. Xocalı soyqırımı da baş vermişdi. 1993-cü ilin iyul ayından Ağdam uğrunda döyüşlər başladı və 40 günlük döyüşdən sonra işğal edildi. Cəmiyyət şok vəziyyətində idi. Çünki birdən-birə bu qədər rayonun işğal edilməsi ağla gəlməz məsələ idi. Həmin ərəfədə bir neçə ziyalı, düşünən insan bir araya gəldi. Çünki prosesləri ancaq kənardan izləmək olmazdı. Famil Mehdi, Emin Eminbəyli və bir neçə döyüşçüdən ibarət geniş tərkib təşkilat komitəsi yaratdı. Əlbəttə, dövlət öz yerində, amma ictimai təşkilat da öz işini görməli idi. 1993-cü il avqustun 27-də hazırlıq işlərindən sonra “Azərnəşr”in binasında böyük bir toplantı keçirildi. Həmin toplantıda ən tanınmayan adam yəqin ki, mən idim. Ancaq nədənsə toplantının sədri seçildim. Toplantıda müxtəlif təşkilat üçün müxtəlif adlar təklif edildi. Təkliflərdən biri də Qarabağ Azadlıq Hərəkəti idi. Və biz bu adı seçdik. Sonra idarə heyəti formalaşdı. Birinci sədrimiz o dövrdə yeni istefa vermiş Nizami rayon icra başçısı Xəqani Hüseynov oldu. Hərbçi idi. Bir neçə ay sonra həmsədrlər insitutu təşkil edildi və həmsədrlər Xəqani Hüseynov, Aslan Şahverdiyev və mən seçildim. Təəssüf ki, 95-96-cı illərdə müəyyən anlaşılmazlıq ucbatından təşkilatın qeydiyyatı ləğv edildi. 97-98-ci illərdə biz onu bərpa etməyə çalışsaq da alınmadı. 98-ci ildə Qarabağ üzrə Kordinasiya Şurası yaratdıq. Bu da təxminən eyni funksiyanı yerinə yetirirdi. 2 il ərzində Kordinasiya Şurası kimi fəaliyyət göstərdik. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatını bərpa etmək missiyası ilə qurultay çağırıldı. Qarabağ qurultayında adımız bir qədər dəyişdi. Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatı ilə əvəz edildi.
Bizim məqsədimiz hökümətin məqsədi ilə eynidir: torpaqlarımızın azad edilməsi istiqamətində çalışmaq. Hərdən bizə deyirlər ki, Qarabağ Azadlıq Təşkilatı Qarabağı nə zaman azad edəcək? Bizi Fələstin Azadlıq Təşkilatı ilə də müqayisə edənlər var. Ancaq bizdə situasiya bir qədər fərqlidir. Əgər bizim dövlətçiliyimiz olmasaydı bu ifadə anlaşılan olardı. Azərbaycan dövləti və Azərbaycan ordusu var. Ancaq Fələstin Azadlıq Təşkilatı yarananda nə Fələstin dövləti, nə də ordu var idi. Həmin hərəkat hər şeyi əvəz etdi. Qarabağ Azadlıq Təşkilatı sadəcə imkanları daxilində ictimai xətlə Qarabağın azadlığına dəstək olan təşkilatdır.
Hesab edirik ki, Azərbaycan höküməti bu mövzuda 2 istiqamətdə iş aparmalıdır. 1) Azərbaycan cəmiyyəti və ordu hərbi döyüşlərə hazırlanmalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, Qarabağ məsələsi danışıqlar yolu ilə öz həllini tapmayacaq. Biz bunu hələ 1993-cü ildən deyirik. O vaxt beynəlxalq təşkilatlar yanlış yanaşma ortaya qoydular. BMT, ATƏT, Avropa İttifaqı məsələni “Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, həmin işğalın nəticələri aradan qaldırılmalı və digər məsələlər həll edilməlidir” kimi qoysa indi vəziyyət bəlkə də başqa cür olardı. Məsələ qoyuldu ki, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqları pozulur, onların statusları genişləndirilməli və yerdə qalan məsələlər də o məsələyə uyğunlaşdırılmalıdır.
Problemi yeganə İslam Konfransı Təşkilatı düzgün qaldırdı. Azərbaycan həmin təşkilatın üzvü idi. 1992-ci ildə qəbul etdikləri qətnamədə Azərbaycana qarşı Ermənistan təcavüzü pislənildi və Azərbaycanın işğal edilmiş əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən təmizlənməsi məsələsi qəbul edildi. Biz də işimizi bu cür qururuq. Necə edək ki, həm cəmiyyətdə döyüş əhval-ruhiyyəsi olsun, həm də ordumuz daha güclü orduya çevrilsin?! Ordu haqqında neqativ fikir formalaşdırmaq olmaz. Biz də həmişə bunun təbliğini aparmışıq. 2) Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmaq. Yəni diplomatik üsul, danışıqlar yolu ilə.
– O cümlədən də Xalq diplomatiyası yolu ilə?
– Bəli, amma Xalq diplomatiyasından hər yerdə istifadə etmək olmaz. Dünya Qarabağla bağlı həqiqətləri bilməlidir. Mən ermənilərə yazıq və qürurunu itirmiş millət kimi baxıram. Onlar 1878-ci ildən bu günə kimi bu vəziyyətdədirlər. İlk dəfə Berlin konqresində erməni məsələsi ortaya qoyulanda onlar Almaniya imperatoru ilə görüşməyə cəhd etdilər və qapıdan qovuldular. Bu gün də həmin vəziyyətdir. Bir üzlərindən sillə vurulur, digər üzlərini çevirirlər. Xalq diplomatiyası isə dünyada istifadə edilən bir formadır. Ancaq onun məqamı var. Məqamında istifadə edilməməsi əleyhimizə işləyə bilər. Ermənilər düşünür ki, müharibənin birinci mərhələsində bizə qalib gəliblər. Torpaqlarımızı işğal edib, orada məskunlaşıblar. İkinci mərhələdə isə onlar danışıqlar və gediş-gəlişin çox olmasına çalışırlar. Onların məqsədi odur ki, hökümətlər arasında diplomatiya adı altında get-gəl çoxalsın, bu üsulla da həqiqət unudulsun. Ermənilər bütün dünyaya və bizə deyir ki, hadisə baş verib, amma gəlin burdan başlayaq. Keçmişə qayıtmayaq. Bu isə bizə sərf edən üsul deyil.
– Akif müəllim vaxt gedir. Sizcə vaxtın getməsi bizim lehimizə, yoxsa əleyhimizədir?
– Hesab edirəm ki, Atəşkəsdən sonrakı 10 il ərzində vaxt bizim xeyrimizə işləyib, indi isə əleyhimizədir. Həm cəmiyyət passivləşir, həm də baş vermiş fakta uyğunlaşma, öyrəşmə gedir. O baxımından keçən hər il bizim əleyhimizə işləyir. Sabah bizə Amerika və ya Avropa ölkələri deyə bilərlər ki, siz Laçın əhalisinin ərazidən çıxarılmasını necə təsəvvür edirsiniz? Laçında bu gün 20-25 min erməni əhali yaşayır və bu proses dayanmır.
Ancaq cəmiyyət heç vaxt birmənalı passivləşmir. Qarabağı görməyən gəncdə vətənpərvərlik hissinin az olmasından ehtiyat etmək lazım deyil. Kollektiv şüur anlayışı var. Biri var Xocalıda yaşayan insanların həmin faciəni danışması. Dövrü yaşayan insan hadisə haqqında subyektv fikir yürüdür. Biri də var obyektiv, kollektiv yanaşma. Hadisəni görməyən insanlar onu kitabdan, televiziyadan, internetdən görür. Orada bizim mövqe vahid formada, kollektiv təqdim edilir. Bu kollektiv şüur adlanır. Gənclik həmin kollektiv şüurla formalaşır. Bu gün güclü vətənpərvərlik hissi ilə böyüyən uşaqlar var. Ona görə bu mənada narahat olmağa dəyməz.
– 2007-ci ildə “Milyon imza bir tələb” şüarı altında AVCİYA-nın bir layihəsi oldu. Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində. Bundan əvvəl və sonra da AVCİYA tərəfindən dəfələrlə belə layihələr gerçəkləşdirilib. Yağı tapdağı altında olan torpaqlarımızdakı Sərsəng su anbarı ilə bağlı layihəni də xatırlatmaya bilmirik. QAT da aktiv fəaliyyət göstərir. Amma gəlin etiraf edək ki, ümumilikdə cəmiyyətdə o əvvəlki ajiotaj hiss edilmir. İnsanlarda Qarabağ hadisələrinə qəribə bir laqeydlik formalaşıb. Bunu siz də hiss edirsinizmi?
– Hiss edilir, amma bunu faciə etmək istəməzdim. Çünki 25 il ərzində cəmiyyəti köklənmiş vəziyyəti saxlamaq asan məsələ deyil. İnsanlar fərd olaraq aktiv olmalıdırlar. Məsələn, Oğuza gedəndə gördüm yolda “Qarabağı unutma!” şüarı yazılıb. Baxdıq və məlum oldu ki, hansısa şirkət öz təşəbbüsü ilə edib bunu. Və ya Sumqayıtda Qarabağ, Azərbaycanla bağlı şüarlar var. İcra Hakimiyyətinin öz təşəbbüsü ilə. Ona görə heç kim hanısa bir qərar, göstəriş gözləməli deyil. Özü bu işdə fəal olmalıdır. Şəhərin müxtəlif yerlərində bununla bağlı nələrsə olmalıdır.
Onu da deyim ki, həqiqətlərimizi bilməli olan adamlar onsuz da bilir. Onsuz da sadə azərbaycanlının da Xartumda, Korsikada, Kəşmirdə baş verənlərdən xəbəri yoxdur. Bu məntiqlə elə xarici sıravi vətəndaş da bizim həqiqətləri bilə bilməz. Heç ehtiyac da yoxdur. Önəmli olan siyasi xadimlərin bilməsidir. Onlar da bilirlər.
Bizdə həmişə belə bir təsəvvür olub ki, Rusiyada heç kim Qarabağ həqiqətlərindən xəbərdar deyil. Amma bu yaxınlarda elə ermənilər Gümrü məsələsi ilə bağlı aksiya keçirmək istəyəndə Ali Kuznesov, Serqey Markov, Aleksandir Duqin, “Regnum”un baş redaktoru Mades Kolerov hansı mövqedən çıxış etdilər? Tezisləri deyirəm: Ermənilər bilmir ki, onların dövlətlərini Azərbaycan torpağında biz yaratmışıq? Sizin heç nəyiniz yoxdur. Millətin millət olması üçün onun yazıçısı olmalıdır. Azərbaycanın musiqisini, yeməyini götürmüsünüz. Əlimizi üstünüzdən götürsək 1 ay içində Azərbaycan öz torpaqlarını geri qaytaracaq.” Bunu ruslar deyir ermənilər haqqında. Təsəvvür edirsiniz?
Bu gün Azərbaycanda fədakar insanlar yox dərəcəsindədir. Çox azdırlar, amma var. Onlardan biri də AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovdur. Məsələn, elə bu günlərdə girovlarla bağlı məsələdə AŞPA-da problemi çox dəqiq işıqlandırdı. Onun Sərsənglə bağlı layihələri də xüsusi diqqət çəkən məqamlardandır. Belə adamlara çox böyük ehtiyacımız var.
Xalq hər şeyə çox düzgün reaksiya verir. Xalqın reaksiyası üçün isə şərait olmalıdır. Azərbaycanda da ruh yüksəkliyi 92-93-cü illərdə, daha sonra belə 93-cü ilin sonu, 94-cü ilin əvvəlində oldu. Horadiz əməliyyatı zamanı. 2004-cü ilin iyun-sentyabr aylarında da cəmiyyətdə belə bir ruh yüksəkliyi müşahidə edildi. “Avropa” otelinə erməni zabitləri gəlmişdi. Bizi tutmuşdular, yəqin xatırlayarsınız, o hadisə. O mövzu böyük hay-küyə, diskussiyaya səbəb olmuşdu. Və nəhayət, sonuncu avqust hadisələri. Həmin günlərdə biz Ağdamda və Tərtərdə sonuncu səngərə kimi getdik. Camaatla söhbət edirdik. Yəni insanlarda olan ruh yüksəkliyini gözümlə görmüşdüm. Yerli əhaliyə birinci sualımız o oldu ki, siz atışma vaxtı evlərinizi qoyub, qaçmaq barədə düşündünüzmü? Hamı bir cavabı verirdi: “Yox, biz orduya inanırıq və köçkün olmağın nə olduğunu bilirik”. Bu, cavablar bizim, Azərbaycanın uğurudur. Xalqın orduya inanması qürurverci bir haldır. Mən avqust hadisələri zamanı sadə insanların şəhid ailələrinə yardım etdiyinin də şahidi oldum. Məsələn, Zaqataladan bir iş adamı avqust ayında cəbhədə şəhid olan əsgər ailələrinə yardım göstərmək istəyirdi. Mən Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng etdim. Dedim, belə bir müraciət var, istəyirik sizin xəttinizlə həyata keçirilsin. Dedilər bizimlə əlaqə saxlasınlar biz onlara şəhid ailələri ilə əlaqələndirərik. Zaqataladan olan iş adamı da dedi ki, bunu heç bir vasitəçi ilə etmək istəmir. Sadəcə ailəyə yardım göndərmək istəyir. 6 ailəyə yardım etdi. Zahiri sakitlik bizi aldatmalı deyil. Düşmən fəallaşan kimi xalqımız dərhal reaksiya göstərir.
– Çox minnətdarıq sizə!
Fuad Babayev, Aynur Hüseynova
1905.az