Alman-Azərbaycan Forumunun Nəzarət Şurasının növbəti iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.
Əvvəlcə Forumun idarə heyətinin sədri Hans-Eberhard Şlayer təşkilatın 2014-cü il ərzində fəaliyyəti və 2015-ci ildə qarşıda duran vəzifələri barədə çıxış edib.
İclasa məruzəçi qismində dəvət olunmuş Almaniya hökumətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin vətəndaş cəmiyyəti ilə münasibətlər üzrə koordinatoru, Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi, Şərqi Avropa üzrə tanınmış mütəxəssis Qernet Erler Ukrayna böhranı ilə əlaqədar yaranmış yeni vəziyyət kontekstində Almaniyanın regiondakı maraqları və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Erler bildirib ki, problemin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həlli prosesi çətinləşib. Almaniya özünü Cənubi Qafqaz ölkələrinin tərəfdaşı kimi görür və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə dəstək verməyə hazırdır.
Avropa İttifaqının sabiq komissarı və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Günter Ferhoyqen Qərbin Krım probleminə və Dağlıq Qarabağ münaqişəsinə fərqli yanaşmasını tənqid edib. O deyib ki, Avropa İttifaqı Rusiyaya qarşı münasibətini Ermənistana da göstərməlidir.
Münaqişənin həllinin uzanmasından ən çox öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. Onların hüquqları 20 ildən artıqdır ki, pozulur. Ən qısa zamanda həmin insanların öz evlərinə qayıtmaları üçün şərait yaradılmalıdır.
Bu fikirləri isə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer söyləyib.
Səfir Pərviz Şahbazov isə çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasını Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə izah edib. O bildirib ki, təcavüzkar siyasəti ilə Ermənistanı uğursuzluğa düçar etmiş bu ölkənin hakimiyyəti Dağlıq Qarabağ bölgəsi və digər torpaqlarımızın işğalına son qoymalıdır. Münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin açarı işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasıdır.
Tədbir iştirakçıları Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxından cəlb olunmasının, münaqişə tərəflərinə münasibətdə aydın mövqe nümayiş etdirilməsinin zəruriliyini bildirib, Alman-Azərbaycan Forumunun bu məsələyə daim öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Alman-Azərbaycan Forumu ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin dərinləşdirilməsinə töhfə vermək məqsədini daşıyır. Forumun tərkibinə Almaniyanın tanınmış ictimai-siyasi xadimləri daxildir.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin