Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub.
APA-nın xəbərinə görə, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb.
Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, M. R. Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın bəzi hökumət üzvlərinin, xüsusilə prezident Serj Sarkisyanın Xocalı qırğınının iştirakçısı olduğunu qeyd edib.
M. R. Hess münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, münaqişənin həllində qaçılmaz ilk şərt bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmalıdır: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların vətənə dönüş hüququ təmin olunmalıdır”.
Müəllif nəticə hissəsində yazır ki, 2016-cı ilin aprelindəki hadisələr Dağlıq Qarabağ münaqişəsinin Avropanın cinahında açıq yara olaraq qaldığını göstərib.
Poliqlot alim M. R. Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı, regionun arxivlərindəki Azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə edib.

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









