“Kvartet” rubrikasında bu dəfə tarix elmləri doktoru İkram Ağasıyev və kinorejissor, xalq artisti Oqtay Mirqasımovla 200 il öncə almanların Cənubi Qafqaza köçürülməsini müzakirə etdik.
Fuad Babayev: Bu günki müzakirəmiz almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunub.
İkram Ağasıyev: Mənim bu mövzuya həsr edilmiş 4 monoqrafiyam var. 1817-ci ildə ilk dəfə Gürcüstana 31 ailə köçürülüb. Bunlar Yermolovun təşəbbüsü ilə Almaniyanın Vürtemberq ərazisindən gətirilən əhali idi. 1500 ailə Almaniyadan yola çıxıb. Yolda həlak olanlar, epidemiyadan qırılanlar, Ukraynada qalanlar oldu və Cənubi Qafqaza 486 ailə çatıb. 209 ailə (1101 nəfər) Azərbaycanda, 277 ailə (1164) nəfəri Gürcüstanda məskunlaşıb. Orada Kox qardaşları var idi. Onlar fanatik dindarlar idi. Bizdə sovet dövründən sosial-iqtisadi amili ön plana çəkmək ənənəsi var. Amma bu amili Qafqaza köçürülənlərə tam aid etmək olmaz. Əgər torpaq lazım idisə, Ukraynanın cənubundakı ərazilər daha münbit, daha məhsuldar və onların Vətənlərinə daha yaxın idi. Və belə təkliflər də var idi. Ukrayna, Polşa xristian ölkələri idi. Onların məhz Qafqaza gəlişinin səbəbi, onların pietizm cərəyanının tərəfdarı olmaları idi. Bunlar İsus Xristosun min illik çarlığına inananlar idi. Hətta, günü, tarixi də özləri üçün müəyyənləşdirmişdilər. Guya 19 noyabr 1836-cı ildə dünyanın sonu olmalı idi.
Fuad Babayev: Bunlar təbii ki, lüterandılar.
İkram Ağasıyev: Bunlara lüteranlıqda separatçı qol demək olar. Yəni lüteranlığın rəsmi ehkamlarına qarşı çıxırdılar. Ona görə də onları Vürtemberqdə dövlət səviyyəsində sıxışdırırdılar, Lüteran kilsəsi onları təqib edirdi, həbsə atırdı və s.
Fuad Babayev: Hərçənd inkvizisiya tonqalları artıq yox idi, amma hər halda sıxışdırılırdılar.
Oqtay Mirqasımov: Almanların əksəriyyəti lüteran və yevangelistdilər. Yəni konflikt azlıq təşkil edir. Mən bununla bağlı çox şey bilmirəm. Almanların 15 faizi katolikdir və inkvizisiya təcrübəsi katolik kilsəsinə aiddir.
İkram Ağasıyev: Bilirsiniz, bu pietistlər Qafqaza niyə can atırdılar? Bunların təliminə görə dünyanın sonundan sonra İsa Məsihin minillik çarlığı yaranmalı idi. Kim müqəddəs torpaqlarda yaşayırsa, onlar da guya həmin minillik çarlıqda yaşayacaqlar. Onlar Fələstin kimi Qafqazı da müqəddəs torpaq hesab edirdilər. Nuh peyğəmbərin gəmisinin Qafqazda olması onlarda bu fikri yaratmışdı. Ümumiyyətlə, onların fikri Fələstinə getmək olub, Qafqaz müvəqqəti dayanacaq kimi düşünülmüşdü. Hətta, 1844-cü ildə onların Fələstinə köçmək cəhdlərinin qarşısını çar ordusu kazak dəstələri vasitəsilə almışdı. Çünki çar hökuməti onların yerləşməsinə milyonlarla rubl vəsait xərcləmişdi. Ondan sonra almanlar arasından 3 nəfər seçilərək oradakı şəraitlə tanış olmaq, vəziyyəti öyrənmək üçün Fələstinə göndərilir. Bu 3 nəfərdən ibarət nümayəndə Fələstinə gedib görürlər ki, kənd təsərrüfatı üçün şərait, su yoxdur. İqlimi də fərqlidir. Bundan sonra almanlar Fələstinə getmək fikirlərini dəyişdilər.
Fuad Babayev: Azərbaycana ilk dəfə almanlar nə vaxt gətirilib?
İkram Ağasıyev: Azərbaycana 209 alman ailəsinin ilk dəfə gətirilməsi 1818-ci ilin noyabrına təsadüf edir.
Fuad Babayev: Deməli, Azərbaycana almanların köçürülməsinin 200 illiyi gələn ildir.
Cənubi Qafqaza ilk ailə 1817 –ci ildə köçürülüb, Gürcüstana. Azərbaycana isə almanların gəlişi 1818-ci ilin payızına, öz yerlərində tam oturuşması isə 1819-cu ilə təsadüf edir.
İkram Ağasıyev: Almanlar 1818-ci ilin noyabrında gətiriliblər. Amma havalar soyuq olduğuna və yaşayış yerləri olmadığından almanları beş-beş, üç-üç yerli ailələrə paylayıblar. Almanlar 1819-cu ilin mart ayına qədər azərbaycanlılarla birlikdə yaşayıblar. Və 1819-cu ilin martında dövlət xətti ilə Rusiya hökuməti memar Demidovu Azərbaycana göndərib, layihələr hazırlanıb, evlər tikillib, koloniyalar salınıb onlar üçün. Bundan sonra almanlar mart ayının 18-də köçüblər üz evlərinə. Azərbaycan Respublikası Prezidentinin 2017–ci il fərmanında almanların Azərbaycana köçürülməsinin yox, Cənubi Qafqaz regionuna köçürülməsinin 200 illiyi qeyd olunub. Cənubi Qafqaza ilk ailə 1817 –ci ildə köçürülüb, Gürcüstana. Azərbaycana isə almanların gəlişi 1818-ci ilin payızına, öz yerlərində tam oturuşması isə 1819-cu ilə təsadüf edir.
Fuad Babayev: Artıq biz mühüm bir məqama aydınlıq gətirdik. Həm İkram müəlimə, həm də Oqtay müəllimə daha bir sualla müraciət etmək istəyirəm. Azərbaycanda indiyə kimi almanlar yaşayır? Bildiyim qədər bir qadin qalmışdı Şəmkir rayonunda bu yaxınlara kimi. Amma deyəsən o da dünyasını dəyişib.
İkram Ağasıyev: Qadın yox, kişi. Adı Klayn idi . O, 2007-ci ildə dünyasını dəyişdi.
Fuad Babayev: İndi deməli, Azərbaycan ərazisində faktiki olaraq Azərbaycan vətəndaşı olan alman yoxdur.
İkram Ağasıyev: Qarışıqlar var. Soyadları Əhmədov, Bayramov, Əliyev və s. olanlar var. Kiminsə nənəsi, kiminsə babası almandır…
Fuad Babayev: Bakıda da alman əsirlərin iştirakı ilə xeyli tikili ucaldılıb.
İkram Ağasıyev: Elə Mingəşevir Su Elektrik Stansıyasınıın tikilməsində də alman əsirlər iştirak ediblər.
Fuad Babayev: Bəli. Amma sonra öyrəndik ki , bir neçə ciddi alman memarı da Bakıda çalışıb. Amma bu artıq neft bumu zamanında olub. Gədəbəydə də Simens qardaşları işləyiblər. Almanların bu kolonizasiya məsələsi əlbəttə çoxşaxəli sualdır. Bunun Azərbaycanda nəticəsi nə olub? Bu bizə nə verib?
İkram Ağasıyev: Sonra Bakıda yaşayan almanlar, o cümlədən qeyd etdiyiniz alman memarları kolonist deyillər.
Oqtay Mirqasımov: Onlar dəvətlə Bakıya gəliblər.
İkram Ağasıyev: Onlar kolonist deyillər. Kolonist kimdi? Əvvəl iki koloniya yaranıb – “Yelenendorf”, “Annenfild”. Sonra bunlardan törəmə koloniyalar yaranıb. Əhali artdıqca, pulları çoxaldıqca torpaq alıb, cavanları, təzə ailə quranları ora köçürüblər. Təzə məskənlər yaradıblar. Altısı da sonradan yaranıb. Cəmi səkkiz məskən olub Azərbaycan ərazisində. Bunlar hamısı Gəncəbasardadır -Göygöl, Şəmkir, Qazax, Tovuz və Ağstafada.
Oqtay Mirqasımov: Ən böyüyü Yelenendorf idi. Sonrada adını Xanlar etdilər.
İkram Ağasıyev: Annenfild Şəmkirdə, Traubenfild Tovuzda idi. Bunlardan başqa Georqsfild, Qrünfild, Aqenfild də var idi və s. Yəni səkkiz məskən olub. Bunlar kolonistlərdir, əkinçi əhalisidir. Bəzən yazırlar ki, almanlar 200 il əvvəl Göygöl şəhərinin əsasını qoyublar. Bu düzgün deyil. Bunlar əkinçi məskəni yaradıblar, şəhər salmayıblar. Şəhər statusu 1938-ci ildə verilib və Xanlar olub. Göygölün şəhər kimi inkişafı artıq bizimlə bağlıdır.
Oqtay Mirqasımov: Yelenendorf müqəddəs Yelenanın adındandır, “dorf” isə almanca kənd deməkdir.
İkram Ağasıyev: Oqtay müəllim, mən də elə düşünürdüm, amma sonra məlumat tapdım ki, Yelena Pavlovnanın – I Aleksandrın bacısının şərəfinə bu cür adlandırıblar. Annenfild də I Aleksandrın bacısı Annanın şərəfinədir. Gürcüstanda olan altı koloniyanın hamısı çar nəslinin nümayəndələrinin şərəfinə adlandırılıb. Bir faktı da deyim. XIX əsrin ikinci yarısında bir ingilis iş adamı gəlir Bakıya. İngilis dili bilən bir tərcüməçi tapa bilmirlər ki, bununla ünsiyyətə girsinlər. Amma XIX əsrin ikinci yarısında Bakı küçələrində alman dili, alman danışığı eşidilirdi. Bakıda 5 min alman yaşayırdı.
Fuad Babayev: Dediniz ki, səkkiz yaşayış məskəni olub. Sırf o məskunlaşdırılmış almanların, Azərbaycan şəhər mədəniyyətinə, kənd təssərrüfatı ənənələrinə hansı təsiri olub?
İkram Ağasıyev: Mən Sizə deyim bunları gətirəndə çar hökumətinin niyyəti nə idi. Deməli, 124 min erməni səkkiz il ərzində bizim ərazimizə gətirilmişdi. Bəs elə isə almanlara nə ehtiyac vadı? Bunlar özləri də rəsmi olaraq etiraf edirdilər ki, ermənilər heç vaxt azərbaycanlılara burada nümunə ola bilməz – nə təsərrüfat qurmaqda, nə də mənəvi cəhətdən. Özləri də yazırlar ki, ermənilər daim şərq ölkələrində ən aşağı statuslu insanlar olublar. Bunlar nə nümunə göstərəcəkdilər yerli əhaliyə? Ona görə də Avropa xalqının nümayəndlərini gətirirdilər ki, güya bunlar bizə təsərrüfat aparmaq mədəniyyətini öyrədəcəklər. Keçən dəfə baxıram televizora, Şəmkir rayon İcra Hakimiyyətinin yetkilisi çıxış edir, deyir ki, almanlar Şəmkir şəhərinin əsasını qoyublar. Görün nə boyda səhv edir bu adam. Şəmkirin əsası VII əsrdə qoyulub. Şəmkir Azərbaycanın ən qədim şəhərlərindən biridir. Almanlar nə vaxt gəlib Şəmkirin əsasını qoydular? Almanlar gəldilər və onlara köhnə Şəmkir şəhərinin ətrafinda boş sahələr verildi ki, üzüm bağı salıb, kənd təsərrüfatı ilə məşğul olsunlar. Və bu koloniyanın adı qoyuldu “Annenfeld”. Bu koloniya ləğv olunandan sonrakı dövrlərdə onların yaşadıqları ərazi qatıldı köhnə Şəmkirə. Bilirsiniz, urbanizasiya olmayıb. Alman koloniyaları bizə urbanizasiya gətirməyiblər, şəhər salmayıblar. Bunlar kənd əhalisi idi. Özü də çox konservativ əhali idi.
Oqtay Mirqasımov: Almanların bizim əraziyə köçürülməsi bir növ I Pyotrun ənənələrinin davamı idi. O, almanların Rusiyaya köçürülməsinin tərəfdarı idi. I Pyotr ruslara daim almanları örnək göstərirdi. Təhsildə, hərb sahəsində, gəmiçilikdə almanların ənənələrindən istifadə edilirdi.
Fuad Babayev: Elə rus çarı I Pavel də Prussiyanın pərəstişkarı idi.
“Almanlar iqlim amilinə görə bu ərazilərə köçüb gəlsələr də, məncə, bu həm də Almaniya dövlətinin uzaqgörənliyindən də irəli gəlir.”
Oqtay Mirqasımov: Məndə olan məlumata görə, almanlar yalnız Qafqaza deyil, Volqaboyuna, Moldovaya, Rumıniyaya, Bessarabiya və başqa vilayətlərə öz xahişləri il gəlmişdilər. Çünki həmin ərəfədə onların yaşadıqları Şimali Almaniya ərazisində çox böyük iqlim dəyişiklikləri, təbii fəlakətlər olmuşdu. Bu səbəbdən məhsul yetişməmiş və aclıq olmuşdu. Ona görə də müraciət etmişdilər ki, onlar üçün torpaq ayrılsın. Onlar isə öz növbələrində qanunlara riayət etmək, vergi ədəmək öhdəliyini qəbul etmişdilər. Ruslar da fikirləşdi ki, almanlara mərhəmət etsinlər. Amma istənilən halda məncə, bu məsələdə yetərincə gizli məqamlar var. Düzdür, həm ingilis kolonizasiyası, həm də ispan kolonizasiyası zamanı çox qan tökülüb. Amma alman kolonizasiyası daha mülayim, daha humanitar şəkildə aparılıb. Almanlar iqlim amilinə görə bu ərazilərə köçüb gəlsələr də, məncə, bu həm də Almaniya dövlətinin uzaqgörənliyindən də irəli gəlir.
Fuad Babayev: Oqtay müəllim, Siizn “Uzaqdan məktublar” filminizdə də Azərbaycanda yaşayan almanlar mövzusuna toxunulub. Nəyə görə məhz bu mövzuya müraciət etdiniz?
Oqtay Mirqasımov: Təxminən 30 il əvvəl mən çox böyük bir dram yaşadım. Mənə xəyanət etmişdilər. Bir nəfər məndən daha güclü, məndən daha böyük vəzifəli şəxs tərəfindən. Bu səbəbdən işdən çıxdım və hamıya dedim ki, onu burdan işdən çıxarana kimi geri qayıtmayacağam. Bir müddət keçdi və öyrəndim ki, onu böyük qalmaqalla işdən çıxarıblar. Bir anda bütün nifrət, intiqam almaq hissim yoxa çıxdı. Hətta vaxtilə ona dediyim sözlərə görə üzr istəmək də keçdi ağlımdan. Yarım il keçir və mən kinostudiyaya qayıdıram. Bir də gördüm küçə ilə həmin şəxs qoltuğunda da qovluq gəlir. Üz-üzə çıxmışdıq, özünü itirmişdi. Gördü ki, gözünün içinə baxıram. Yaxın gəldi, başına qoydu sinəmə və ağladı. Mən də onu qucaqladım. Yadınızdadırsa, filmin sonunda da Rixard Markusu tapır. Markus onun sinəsinə başını qoyur. Mən bu səhnəni öz həyatımdan götürmüşəm. Arzusundaydım ki, nə vaxtsa düşməni bağışlamaq haqqında süjet qurum. Bu filmin əslində tarix və siyasətlə əlaqəsi yoxdur. Filmdəkilər almanlar olmaya da bilərdi. Amma mənim üçün belə bir mövzu daha ifadəli gəldi. Filmin tarixçəsi belədir. Amma burada yetərincə sirrlər var.
İkram Ağasıyev: Azərbaycana kolonistlər nə veriblər? Birinci növbədə üzümçülük sahəsində. Düzdür, Azərbaycanda üzümçülük qədimdən, hətta Albaniya dövründə olubdur. İxrac da ediblər. Amma İslam qəbul olunandan sonra Azərbaycanda yalnız süfrə sortları qalıb. Şərabçılıq olmayıb. Almanlar o boşluğu doldurublar. Dünyanın hər yerində üzüm tənəklərinin dirəklə bağlanması almanlarla başlayıb. Azərbaycanda da o mədəniyyət onlardan qalıb. Hərçənd o vaxt beton dirəklər olmayıb, almanlar akasiya ağaclarından istıfadə ediblər. Bunun üçün xüsusi olaraq akasiya bağları salırdılar. Azərbaycanda baytar xidmətinin də əsasını alman kolonistləri qoyublar. Koloniyada heç kim cazəsiz heyvanın burnunu da qanada bilməzdi. Baytar heyvanı yoxladıqdan, müayinə etdikdən sonra kəsmək olardı. Simenslerin fəaliyyətini də almanlarla bağlayırlar. Simensler kolonistlər deyil, amma sonradan onların kolonistlərlə əlaqələri yarandı. İlk dəfə asfalt Azərbaycanda tətbiq olunub. Peterburqun küçələrində şam lampaları yandırılanda, Gədəbəydə su elektrik stansiyası olub. Pensiya verilmə ənənəsi də Simenslərdən başlayır. İlk dəfə teleqraq xəttini Gəncədən Gədəbəyə almanlar çəkiblər. Misdən qızılın elektroliz ilə alınması da onlarla bağlıdır. Təkcə Yelenendorf bir ildə Almaniya boyda dövlətin istehsal etdiyi şərabın 15%-ni verib. Russiya imperiyasının 39 quberniyasında onların firma mağazaları vardı. Rusiyada 2 milyon 400 min alman vardı. Ən varliları Azərbaycanda yaşayanlardı. Butün çar Rusiyasında ən varlı almanların yaşadığı yer Yelenendorf idi.
Oqtay Mirqasımov: Yelenendorfun futbol komandası Azərbaycanın çempionu olmuşdu.
İkram Ağasıyev: Yəqin ki, 1930-cu ilərdə.
Oqtay Mirqasımov: Yəqin ki.
Fuad Babayev: Birinci Dünya müharibəsinin başlanması ilə Rusiyada antialman isteriyası başladı. Hətta Sankt-Peterburqun da adını dəyişib Petroqrad etdilər. İkinci Dünya müharibəsi ilə bağlı hamımızın məlumatyı var. Bu hadisələrin dramatiklik əmsalı haqqında nə demək olar?
İkram Ağasıyev: Oqtay müəllim də bayaq bu məsələyə toxundu ki, burada çox mətləblər var. Bu mətləblər nədir? Hələ I Pyotra qədər almanlar Qərbi Belarusiya, Ukrayna, Moskva ətrafına gəlirdilər. I Pyotrun da gəncliyi Moskva ətrafındakı Alman Slobodası adlanan qəsəbədə keçib. Orada 400 alman ailəsi yaşayırdı. Hətta bacısı Sofiyanı taxtdan salanda ona kömək edənlərin içində almanlar da vardı. Onun dövründə almanların sayı çox artdı. Hətta almanlar Rusiyanın ziyalı təbəqəsini bir növ qəsb etmişdilər. II Nikolayın dövründə rus ordusunda generalların 25 faizi alman mənşəli idi. Qafqaz qoşunlarının komandanı baron Rozen alman idi, baş nazir Vitte alman idi və s. Hətta fevral inqilabının əsas şüarlarında biri belə idi: “Almanlar Qış sarayından rədd olsunlar”. Çünki ruslar artıq müharibəni uduzurdular. Məğlubiyyət məğlubiyyət dalınca gəlirdi. Əhali də düşünürdü ki, yuxarıda oturanlar almanlardır, onlar öz qohumları ilə vuruşmayacaqlar ki. Almanlara qarşı münasibətin korlanmasının əsas səbəblərindən biri də 1871-ci ildə vahid Almaniyanın yaranması oldu. Bismarkin “Şərqə təzyiq” siyasəti başladı. Alman tarixçiləri kitablar yazırdılar ki, Rusiya parçalanmalıdır, bu ölkəyə zərbə cənubdan, şimaldan vurulmalıdır və s. Yazırdılar ki, Rusiyadakı alman koloniyaları da onların bir növ dayaq nöqtələri olmalıdır. Burdakı kolonistlər isə təsərrufatla məşğul idilər və heç ağıllarına da belə şeylər gəlməzdi. Almaniyanın apardığı siyasət çar hökümətini burdakı almanlara qarşı çıxmağa bir növ vadar etdi.
Oqtay Mirqasımov: İkinci dünya müharibəsi dövründə almanların deportasiyası ikibaşlı məsələdir. Mənə bu barədə almanlar danışıblar. Stalin amansız bir adam idi, mərhəmətsiz, qəddar və qətiyyətli. Amma Osetiyayla Gürcüstan arasında olan Böyük Qafqaz dağlarında, Dəryal keçidində böyük döyüşlər gedirdi. Əgər almanlar həmin keçidi aşa bilsəydilər, Bakı nefti Hitlerin sərancamına keçəcəkdi. Bu baş versəydi, dünyanın tarixi başqa cür ola bilərdi.
İkram Ağasıyev: Oqtay müəllimin dediklərilə razıyam. Ancaq bir məsələdə razı deyiləm. Dissertasiyamda mən o sənədləri göstərmişəm. 2 milyon 400 min alman var idi. Bunların hamısı ucdantutma casus, diversant və s. deyildi. Çar dövründə bizdə yaşayan almanlar deportasiya olunmayıb. Səbəbini deyim. Onların deportasiyası planlaşdırılmışdı 1917 –ci ilin mart ayına. Lakin fevral inqilabı baş verdi, çar devrildi və qaldılar. Həm də bizim ziyalılar, xüsusilə də Rəfibəyov yazırdı ki, bunlara dəyməyin. Bir də burdakı almanlar şvab idilər. Onların ləhcəsi fərqli idi. Senata hətta şikayət məktubu yazmışdılar ki, bura Vütenberq təbəələri kimi kimi köçüblər. Ona görə də onları Almaniya ilə bağlamasınlar. 1941-45-ci illərdə köçürülmənin səbəbi isə müharibə idi. İstənilən ölkə öz təhlükəsizliyi haqqında düşünür. Məsələn II Dünya müharibəsi zamanı Amerikada yaponlar rezervuarlarda saxlanılmırdılar? İstənilən ölkənin hüququdur ki, öz təhlükəsizliyini qorusun.
Fuad Babayev: Hərbi vəziyyətin tələblərindən biridir bu.
İkram Ağasıyev: Bəli. Labüddür bu. Bir maraqlı fakt da danışım. 1941 –ci il avqustun 28-də qərar qəbul olundu ki, Volqaboyundan almanlar deportasiya olunsun. Bundan əvvəl nə olmuşdu? Bir batalyon sovet hərbçisinə faşist forması geyindirib, Volqaboyu ərazilərə atmışdılar – almanların reaksiyasını yoxlamaq üçün. Bir neçə nəfər bunları gül-çiçək ilə qarşılayıb. Və bu da deportasiya üçün bəhanə oldu.
Fuad Babayev: Oqtay müəllimin filmində də indi deyəcəyim məsələyə müəyyən qədər toxunulub. 1941-ci ildə müharibə başladı və almanları köçürtdülər Qazaxıstana. Sovet hökuməti dağılandan sonra da onların bir çoxu köçdü Almaniyaya. Bəs əks rabitə oldumu? Elm bunu öyrənibmi? Qazaxıstandakı azərbaycanlı almanların bura ilə bir əlaqəsi oldumu?
Oqtay Mirqasımov: Yox. Bura qayıtmadılar. Çünki imkan yox idi. Ortada erməni məsələsi var. Ermənilər başlamışdılar almanların yaşadıqları yerləri tutmağa. Azərbaycanlılar Yelenendorfda keçmiş alman evlərinə girmədilər. Mənə bunu dəqiq deyiblər. Amma ermənilər o evləri zəbt etdilər. Ermənilər hətta alman qəbiristanlığına da soxuldular.
İkram Ağasıyev: Baş daşlarını dəyişdilər, yazıları dəyişdilər. 1955-ci ildə almanlar əvf olundu, Stalinin ölümündən sonra. Bunların üzərindən damğa götürüldü və qayıtmalarına icazə verildi. Amma hara qayıdaydılar? Torpaqlaq bölünüb, evləri yoxdur. SSRİ dağılandan sonra 700 min alman köçüb Almaniyaya. İndi onların böyük əksəriyyəti Almaniyadadır, cəmiyyətləri də var. Hətta bəziləri azərbaycanca danışırlar.
Oqtay Mirqasımov: Bir azərbaycanlı danışır ki, ailəsi ilə köçüb Almaniyaya. Bir gün uşağı küçədə dəcəllik edib və onun üstünə qışqırıb. Həmin anda yaxınlıqdan keçən alman təmiz Azərbaycan dilində ona deyib: «A kişi, uşağın üstünə niyə qışqırırsan ? Bir az mülayim ol. Övladın deyil bu sənin ? » Kişi təəccüblənib soruşub ki, «Siz kimsiniz ?» Cavab verib ki, sənin yerlinəm.
İkram Ağasıyev: Azərbaycanda tanınmış alman ailələri olub – Reytenbaxlar, Forerlər, Ungemaxlar, Gummeldlər. Reytenbaxların nəsilləri indi də yaşayırlar Almaniyada. 70 yaşı ötənlər Azərbaycan dilində yaxşı danışırlar. Reytenbaxlardan biri çıxış edirdi. Deyir ki, Azərbaycanda böyük torpaqları, üzüm bağları olub. Hətta yerli azərbaycanlılarda belə bir məsəl də var imiş : «Sağa bax, sola bax, hər yerdə Reytenbax» Bir məqamı da deyim, Azərbaycana çox millətlər, xalqlar, etnoslar köçürülüb. Maraqlıdır, tədqiqatlarda, arxivlərdə rast gəlmədim ki, almanlar Azərbaycanın kürəyinə bıçaq sancsınlar, ya nəsə bir xain hərəkət etsinlər. Məsələn, 1905-ci il hadisələri zamanı artıq almanlar Rusiya hökumətinin gözündə arzuolunmaz sayılırdılar. 1871-ci ildə siyasət dəyişmişdi. Amma faktlar var ki, azərbaycanlılara ermənilərin hücumu zamanı, azərbaycanlılar əşyalarını, qab-qacağını, xaçalarını və s. almanlara verirdilər. Özləri qaçırdılar meşələrə, dağlara və başqa yerlərə. Ara sakitləşəndən sonra qayıdırdılar və iynəsinə qədər geri götürürdülər. Bu da almanların azərbaycanlılara bir münasibəti idi. 1918-ci ilin mart hadisələri dövründə isə faktlar var ki, almanlar azərbaycanlıların müdafiəsinə qalxıblar. Ermənilər fevralın 28-də bütün milli şuralara, o cümlədən alman milli şurasına müraciət etmişdilər ki, gəlin birləşək, türklər bizi qıracaq və s. Amma almanlar bu işə qarışmadılar. Hətta bəzi vaxtlarda ermənilərlə silahli toqquşmalara girişiblər.
Fuad Babayev: Öz maraqları naminə, yoxsa bizim maraqlarımızı müdafiə edərək ?
Oqtay Mirqasımov: Hər halda praqmatizm naminə.
İkram Ağasıyev: Oqtay müəllim, məsələ bələ idi : Reytenbaxın üzüm bağında azərbaycanlı fəhlələr işləyirdilər. Əksəriyyəti də Cənubi Azərbaycandan idi. Ermənilər onlara hücum edirdilər, girov götürür, öldürür, başlarını kəsirdilər. Almanlar da qalxırdılar ki, bizim işçilərimizə toxunmayın. İkincisidə ki, I Dünya müharibəsi gedirdi. Qərb bölgəsində, Yelenendorf ətrafında hardasa 3 minə yaxın erməni qaçqını var idi. Bunlar görürdülər ki, almanların gözəl evləri, şəraitləri var. İstəyirdilər ki, almanları hansısa bir bəhanə ilə qovub, çıxarıb, onların əmlaklarına yiyələnsinlər. Ona görə ermənilər almanlara qarşı təxribatlar törədirdilər. Ümumiyyətlə, məişət zəminində mübahisələr istisna olmaqla, azərbaycanlılarla almanların münasibətləri normal olub.
Hazırladı : Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 24 may 2017-ci ildə dərc edilib