
– Alpay müəllim, 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunursunuz. Artıq 15 ildir. Yazıçı kimi hədəflərinizin hansı hissəsinə çata bilmisiniz?
– Azərbaycan ədəbi mühitini nəzərdə tutursunuzsa, hekayə sahəsində hədəflərimə müəyyən qədər çatmışam. Romanla bağlı bunu deyə bilmərəm. “Həyat epikrizi” adlı bir romanım “Qanun” nəşriyyatında çıxıb, amma istədiyim kimi alınmayıb. Yaxşı, fərqli romanlar ustası Mübariz Cəfərli 5 bal üzrə bu romana 3 -, mətnin diaqnozunu verə bilən filoloq alimimiz Rüstəm Kamal 4 bal verib. Qələm dostlarım Elnarə Akimova, Şərif Ağayar da bu romanı bəyənməyib. İllər öncə başladığım ikinci romanım yüz səhifəsini yazmışam, amma hekayə enerjisi məndən əl çəkmir, imkan vermir ki, o romanı yazmağa davam edim.
Hə, hədəflərimin necə deyərlər beynəlxalq müstəvisi də var. Görək, alınacaqmı…
– Bir neçə musabiqədə mükafatlar almısınız. Həmin mükafatlar nəşriyyatlarla əməkdaşlığınıza hansısa müsbət təsir göstəribmi?
– Azərbaycandan nəşriyyatlarla bağlı vəziyyət çoxumuza bəllidir. “Qanun” nəşriyyatı iki dəfə kitabımı çap edib, qonorar verməsələr belə, onlara təşəkkür edirəm. Çünki bilirəm ki, mənim kitablarımin kütləvi satışı baş tutmayıb. Bestseller müəllif olsaydım, təbii, sevinərdim. Amma olmamağımdan kədərlənmirəm. Mənimçün önəmli olan ədəbiyyat adamlarının mətnlərimə dəyər vermələridir. Bildiyimə görə, “Teas-Press”, “Park” nəşriyyatları müəlliflərə qonorar verir. Bir sözlə, müsabiqədə əldə etdiyim uğurlardan sonra mənə qonorar təklif edən nəşriyyat olmayıb.
– “Şax yeriyənlər” və “Yazıçı və arvadı” adlı iki hekayə toplusunun, “Həyat epikrizi” adlı romanın müəllifisiniz. Birinci kitab 2012-ci ildə, ikinci kitab 2018-ci ildə çıxıb. Romanınız 2020-ci ildə işıq üzü görüb. Növbəti kitabın nəşri yubanmır ki?
– Əslində yubanır, çünki yeni hekayələrimdən ibarət ən azı iki kitab nəşr etdirmək olar. Məndə müxtəlif silsilələrdən (“Yaddaş eskizləri”, “Siyasi-psixoloji tipajlar”, “Fraqmentlər” və s.) hekayələr var ki, onlar ayrı-ayrı kitablarda öz əksini tapa bilər. Niyə yubanıram? Bunun iki səbəbi var. Birincisi, müasir ədəbiyyatımıza olan marağın aşağı səviyyədə olması. Təbii, Çingiz Abdullayev, Elxan Elatlı, Varis bu mənada istisnadırlar. Tutaq ki, nəşr olunan kitablarımla bağlı feysbukda paylaşımlar edirəm, şərhlərdə təbrik təbrikin ardınca gəlir, amma kitablarımı alanlar elə də çox olmur. Vəziyyət belədir. İkinci səbəb – tənbəlliyim, hərçənd, yazmaq məsələsində tənbəlliyim yoxdur. Hər gün yazıram, hər gün çapa, sayta gedəcək hekayələrimi redaktə edirəm, bundan son dərəcə zövq alıram.
– Bir az da ədəbi tənqiddən danışaq. Daha doğrusu, ədəbi tənqidin Sizin yaradıcılığınıza ayırdığı diqqətdən.
– Məncə, yetərincə tənqidçilərin, daha dəqiq desək, filoloqların diqqət dairəsindəyəm. Bir neçə il öncə AMEA Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri tanınmış filoloq Tehran Əlişanoğlunun təşəbbüsü ilə həmin şöbədə “Yazıçı və arvadı” hekayələr kitabımın müzakirəsi keçirildi. Yenə də tanınmış alimlərimiz Cavanşir Yusifli, Elnarə Akimova, gənc alimlər Mətanət Vahid, Elnarə Qaragözova, gələcəyin parlaq nəzəriyyəçi filoloqu Nizami Bayramlı hekayələrim haqqında məqalələr yazıblar. O yazılarda yerində olan tənqid də olub, tərif də. Bir şeyi də xüsusi vurğulayım, yazılarıma diqqət göstərən filoloqlar daxil, ədəbiyyat adamlarından həmişə müsbət enerji almışam, mənə stimul veriblər.
– AYB-nin üzvüsünüzmü?
- – Üzvüyəm.
– Daha bir sual. Əksər hallarda qonorar almayan, kitablarının satışından gəlir götürmək imkanından məhrum olan orta statistik yazıçımız bədii yaradıcılıqla əsasən işdən kənar vaxtda məşğul olmalıdır deyəsən. Bu dünya auditoriyasına belə deyək, translyasiya oluna biləcək yetərli sayda nəsr nümunələrimizin yaranmasını əngəlləyən amillər sırasında neçəncidir?
– Məncə, bu, ciddi amil deyil. Əsas olan yazıçının istedadı, enerjisi, həvəsidir. Yəni bu şeylər yazıçıda varsa və o, hardasa işləyə-işləyə normal maaş alarsa, ciddi qayğılar əhatəsində deyilsə, əsərlərini yaza bilər.
– Azərbaycan nəsrinin gələcəyi barədə nə düşünürsünüz?
– Proqnoz xarakterli suallara cavab verməkdə çətinlik çəkirəm. Ümid və arzu edirəm ki, müasir nasirlərimizdən layiq olanlar heç olmasa, Buker müsabiqəsinin uzun, qısa siyahılarına düşsünlər. Orxan Pamuk, Murakami kimi dünyada tanınsınlar. Gənclər arasında Orxan Həsəni, Əli Zərbəliyev və adlarını unutduğum başqa nasirlərin gələcəyini parlaq görürəm.
Fuad Babayev, 1905.az