1905.az saytının bu dəfəki müsahibi Azərbaycan Jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist, prezident təqaüdçüsü Altay Zahidovdur.
– Altay müəllim, uzun illər AzTV-nin Moskvadakı xüsusi müxbiri olmusunuz. Sizin çalışdığınız mərhələ isə həm də Sovet İttifaqının süqutu ərəfəsinə təsadüf edib. Həmin dövrün ən yadda qalan ifadələrindən biri informasiya blokadası idi. Hər gün eşidirdik ki, bizim xəbərlərimiz informasiya blokadasını yarıb keçə bilmir, səsimiz eşidilmir və həm də buna görə məğlub oluruq. Həmin dövrdə deyildiyi kimi, informasiya blokadası var idimi ?
– Mən informasiya blokadasının olması haqqında iddialarla razı deyiləm. Bunlar hamısı boş, yalan, uydurma söz-söhbətlərdir. O vaxt qeyd etdiyiniz kimi, AzTV-nin Moskvadakı xüsusi müxbiri idim. “Vremya” proqramının baş redaktoru tez-tez deyirdi ki, informasiya göndərin, verək. Yəni ölkənin əsas informasiya proqramı hadisələri işıqlandırmaq üçün informasiya istəyirdi. Mən də Bakıdakılara çatdırırdım ki, respublikadakı hadisələrlə bağlı məlumatları göndərin, ən azı iki informasiya efirə veriləcək. Ancaq göndərilmirdi. Əslində dediyiniz informasiya blokadası ilə bağlı söz-söhbət bilərəkdən yaradılmışdı. Halbuki Bakıdakıların özləri vermirdilər informasiyanı.
– İnformasiya blokadasının olmadığını deyirsiniz. Ancaq elə bir mif yaradılmışdı ki, guya blokada var. Elə isə bu mifin yaranmasının səbəbi sizcə nə idi?
– Bu Bakıdakılara özlərini qorumaq üçün lazım idi. Bizimkilər respublika daxilində baş verən proseslərlə bağlı rəsmi Moskvanın xəbər tutmağını istəmirdilər. Digər tərəfdən isə respublika sakinlərində guya Azərbaycanın səsinin eşidilmədiyi görüntüsünü yaratmaq istəyirdilər. Nə vaxt material göndərildi ki, biz onu Moskva efirinə vermədik? Ona görə də bir daha vuğulayıram, informasiya blokadası məsələsi yalan idi.
– Altay müəllim, zaman-zaman ermənilərin media sahəsində gücləri barədə danışılır. Sizcə biz ermənilərin “gücü”nü çox böyütmürükmü? Onlar danışıldığı qədər güclüdürlərmi?
– Birmənalı şəkildə deyə bilərəm ki, belə deyil. Ermənilər güclü deyil. Uzun illər ərzində ermənilərin də çalışdığı yerlərdə işləmişəm. Ermənilər kimini bəxşiş, kimini isə rüşvətlə ələ alırdılar. Vaxtilə bizim bu sahədə səhvlərimiz çox olub. 90-cı illərdə hakimiyyətə çox bacarıqsız adamlar gəlmişdilər. Azərbaycanı qorumaq, müdafiə etmək əvəzinə, viran qoydular. Büdcə bomboş idi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan olmazdı. Heydər Əliyev o qədər səviyyəli, o qədər güclü şəxsiyyət idi ki, nəyi və necə etməyi çox yaxşı bilirdi. İnformasiyanın və medianın nəyə qədər olduğunu hamıdan əla anlayırdı. Həm sovet dövründə, həm də müstəqillik illərində bu amildən hər sahədə bacarıqla yararlanırdı. Bu barədə çox danışa bilərəm, o qədər hadisələrin şahidi olmuşam ki.
– Siz köhnə bakılılardansınız. Bakının beynəlminəl şəhər olması barədə çox danışılır. Bəs 1960-70-ci illərdə ermənilərin Bakıda törətdiyi soyqırımı haqqında danışanlar var idimi?
– Bildiyimiz kimi, ermənilərin törətdikləri qırğınlar 1918-ci ildə mart soyqırımı ilə pik həddinə çatıb. O vaxt Bakı indiki qədər böyük deyildi. Bu baxımdan 1918-ci ildəki soyqırımın miqyası daha dəhşətlidir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və sovet hökuməti quruldu. Bununla da bizim hafizəmizdən soyqırım həqiqətləri silindi. Sovet hökumətinin rəsmi ideologiyasının təsiri ilə biz hətta ermənilərlə düşmən olduğumuzu da unutduq və Bakı beynəlmiləl şəhərə çevrildi. Bakı o dövrdə bütün dünyada ən tolerant şəhərlərdən biri olub. Mən bunu əminliklə deyə bilərəm. Siz təsəvvür edin ki, bir məhəllədə bir neçə millətin nümayəndəsi qardaş kimi yaşayırdı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bədxah qonşularımız sadəcə olaraq fürsət gözləyirlərmiş. Və 1980-ci illərin sonlarında onlar üçün belə bir fürsət yetişdi.
– Altay müəllim, siz Azərbaycan jurnalistikasınız canlı tarixisiniz. Reallıq budur ki, bu gün bizim mediamız da arzu etdiyimiz, bizim əvvəlki illərdə gördüyümüz səviyyədə deyil. Və bazar iqtisadiyyatı burada öz rolunu oynayır. müasir dövrdə reallıq budur ki, insanlar medianın ardınca getmir, media insanların zövqunun ardınca gedir. Sizcə bu düzgündürmü?
– Qətiyyən belə olmalı deyil. İnsanlar medianın ardınca getməlidir, media insanların ardınca yox. Ancaq bu yolla nəyəsə nail ola bilərik. O verilişlərdə, yazılarda reytinq yüksək olsa belə aldanmaq lazım deyil. Bizim əsas problemimiz Azərbaycan telekanallarında rəhbərlərin səriştəsiz olmasıdır. Bunu bir neçə dəfə demişəm, yenə də deyirəm.
– Bəs nəyi tövsiyə edərdiniz? Bizim mediamıza, orta statistik jurnalistə tövsiyəniz nədir?
– Qərəzsiz olsunlar, düzgün yazsınlar, yaltaqlıq etməsinlər. Etik məsələlərdə diqqətli olsunlar. Təəssüf ki, indi jurnalistlərin səviyyəsi əvvəlkilərlə müqayisədə çox aşağıdır. İndiki jurnalistlərin çoxu radio, televiziya, sayt və qəzet işini bir-birindən fərqləndirə bilmir. Yaza bilmirlər, təqdimatı düzgün başlaya bilmirlər.Televiziyada xəbərlərin baxımlı olması üçün onu maraqlı hazırlamaq lazımdır. Kriminal xəbərlərlə tamaşaçı və ya oxucu cəlb etmək düzgün deyil.
1905.az