Müsahibimiz filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.
– Alxan müəllim, XXI əsrin ikinci onilliyinin ikinci yarısında yaşayırıq. Və M.Ə.Sabirin ölümündən 100 ildən çox vaxt keçir. Bu gün Sabirə olan münasibət Sabir tədqiqatçısı kimi Sizi qane edirmi?
Sabirə münasibət istər sağlığında, istərsə də vəfatından sonra heç vaxt birmənalı olmayıb. Elə ona görə də deyir:
Bənzərəm bir qocaman dağə ki, dəryada durar.
Döysə də canımı minlərlə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnada durar.
Nə qəm, uğratsa da bir gün məni ifnaya zaman,
Mən gedərsəmsə məramım yenə dünyada durar
Yəni onun tipləri, obrazları, tənqid hədəfləri hərtərəflidir. Elə bir mövzu, sinif, silk, düşüncə sahəsinin adamı yoxdur ki, Sabirin diqqətini cəlb etməmiş olsun. Əgər Cəlil Məmmədquluzadənin hekayə, felyeton və dramlarında əsasən kənd həyatı əksini tapıbsa, Sabirin yaradıcılığında həm kənd, həm də şəhər həyatı var. Onun əsərlərində həm qoca, həm cavan, həm dul, boşanmış, küpəgirən qarı, qoca kişiyə ərə verilən azyaşlı qız, çoxarvadlı kişi, kəndli, bəy, xan, inqilabçı, milyonçu, intelligent, şair, qəzetçi və s. hamısı var. Ona görə də Sabirə münasibət də birmənalı deyil. Çünki cəmiyyətdə hamının düşüncə tərzinin eyni olması mümkünsüzdür. Sabiri dərk etməkdə çoxçalarlılıq həmişə var və olacaq. Hətta əlinə təzə qələm alanlar başlayırlar dahilər əleyhinə yazılar yazmağa. Bununla da dahilərin adlarının kölgəsində diqqəti guya cəlb etməyə çalışırlar. Sabir “Hophopnamə”si elə bir əsərdir ki, hər bir evdə, ictimai-siyasi mövzuda söhbətlərdə istər-ustəməz ona müraciət edirsən, onun qəhrəmanları ilə üzləşirsən.
– Deməli, Sabirin “Hophopnamə”si evlərin əksəriyyətində kitab rəfinin atributiv elementidirsə, Sabir qəbul olunur və ona münasibət də yüksəkdir. 900 il öncə yaşamış Nizami, 600-500 il öncə yaşamış Nəsimi və Füzuli də var. Amma bunlar sanki elə bir məsafədədirlər ki, Nizami, Nəsimi, Füzuli tənqid və rəqabətdən çox uzaqdırlar. Sabir isə sanki təhlükəsilik baxımından daha əlçatandır.
Nizami intibah düşüncəsinin, Füzuli qəzəl dünyasının, Nəsimi isə ilahi eşqin, hürufiliyin dahisidir. Amma Sabir gündəlik həyat tərzini, yaşam normasını elə əks etdirir. Həmişə yazırlar ki, Sabir inqilabi satiranın banisidir – düz yazırlar. O vaxt onu belə izah edirdilər ki, o, fəhlə-kəndli mövzusunda yazıb. Amma mən deyirəm ki, fəhlə-kəndli mövzusunda Əli Nəzmi, Abdulla bəy Divanbəyoğlu, İbrahim bəy Musabəyov və başqaları da yazıb. Məsələ fəhlə-kəndli mövzusunda deyil. Sabirin satira güzgüsü çox parlaqdır. “Bir məclisdə on iki kişinin söhbəti”, “İki həpənd”, “Xandostu, amandı, qoyma gəldi”, “Millət necə tarac olur, olsun, nə işim var?”, “A başı daşlı kişi, dinmə, uşaqdır, uşağım”, “Axx, bu uşaqlar necə bəzzadılar”, “Əkinçi”, “Osmanlılar, aldanmayın allahı sevərsiz” və s. Mən bunların adlarını niyə çəkirəm? Sabirin hər bir satirasında satirik bir tip var. Hər tipin də öz danışıq tərzi var. Danışıq tərzi həm də onun psixologiyası, münasibəti, düşüncə tərzi, dünyagörüşüdür. Sabir millətin düşdüyü vəziyyəti elə bir rakursda göstərirdi ki, millət bu vəziyyətə görə xəcalət çəkirdi. Marksın belə bir sözü var: “Xəcalət bir növ qəzəbdir. Amma bu qəzəb insanın özünə qarşı çevrilib. Bütöv bir millət xəcalət çəksəydi, sıçramağa hazırlaşan yığışmış şirə bənzəyərdi. Bu aqibət isə qarşıda duran inqilabdır.” Sabir böyük sənətkarlıqla, pafosla, psixoloq məharəti ilə elə təsvir etdi ki, millət düşdüyü vəziyyətdən silkinib çıxmaq istədi. Düşüncədə inqilab yaratdı. Sabirin satirasının inqilabiliyi də bundadır. Adamı silkəliyir və rahat oturmağa qoymur. Ona görə də Sabirin dahiliyi, Nizami, Füzuli və Nəsimi dahiliyindən fərqlidir.
– Əlbəttə, Sabir dahidir və Azərbaycan şairidir. Bir neçə il əvvəl axtardıq ki, Sabirin əsəri hansı xarici dillərə tərcümə olunub. Səhv etmirəmsə, öyrəndik ki, 7 şeiri ingilis dilinə tərcümə olunub.
Fransız dilinə də bir neçə şeiri tərcümə olunub, lap çox rus dilinə tərcümə edilib. Ancaq yüksək səviyyədə deyil.
– Biz Qərbi Avropa dillərinə tərcümələri axtarırdıq. Sabirin xarici dillərdə təqdimatı ilə bağlı hansısa işlər görülürmü?
İstənilən bədii əsər xarici dilə tərcümə ediləndə, xeyli itirir. Sabirdə isə daha çox itirir. Hətta fransızlar etiraf edirlər ki, Sabir o qədər milli şairdir, o qədər koloritlidir ki, tərcümədə həmin koloritin heç 30 faizini də vermək olmur. Ona görə də Sabiri tərcümə etmək çox çətindir. Gərək heç olmasa Sabir istedadında, onun dünyagörüşündə adam olsun, Azərbaycan dilini də bilsin ki, Sabiri tərcümə etməyi bacarsın. Hələ ki, özünə güvənən tərcüməçilər etiraf edirlər ki, Sabiri tərcümə etmək çətindir, o, milli düşüncəli şairdir.
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsi keçirildi. Bildiyiniz kimi, bu tədbiri Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə AVCİYA və Söz Azadlığını Müdafiə Fondu keçirir. Qaliblərə təqaüdlər verilir. Siz gənc nəsildə Sabirə olan marağı hiss edirsinizmi?
Sabirə maraq heç vaxt səngimir. Bu da onun millətinə psixologiyasına bələdliyindən, onu zaman-zaman tərpətməyindən irəli gəlir. Arada azacıq səngisə də, Sabirə maraq həmişə yüksələn xətt üzrə gedir.
Bəs elmi tədqiqatlar necə? İndi Sabirdən dissertasiya, elmi iş yazan varmı?
Bəli. Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetindən Ulduz Qəhrəmanova “Sabir və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda elmi iş müdafiə etdi. Opponentlərdən biri də elə mən idim. Rəhbəri də Tərlan Novruzov idi. O da sabirşünasdır. Sabir haqqında 150 illik yubileyində xeyli kitab çıxdı. Şamaxı təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin də Sabirin həyatı ilə bağlı kitabı çıxdı. Seyfəddin Qəniyevin də yazıları var. Mərhum Bəkir Nəbiyevin millət vəkili Elxan Süleymanovun çap etdirdiyi kitabının bir hissəsi Sabirə həsr olunub. Elə yenə də Elxan müəllim “Sabir haqqında tədqiqlər” kitabının nəşrinə yardım göstərdi. Mən özüm Sabir haqqında növbəti kitabımı çap etdirməyə hazırlaşıram, artıq materiallar yığılıb. Şəhriyarın Sabirə münasibəti ilə bağlı məqalə, Firudin Qurbansoyun Sabirin Məmmədəli şahla münasibətləri ilə bağlı məqaləsi də kitaba daxil ediləcək.
Məşhur “O olmasın, bu olsun” filmində Sabir obrazı var. Amma başqa filmlərdə Sabir obrazı yadıma gəlmir. Mərhum Müxlis Cənizadə Sabirin bəhri-təbillərini söyləyirdi. Belə başa düşdük ki, Sabirə maraq var, Sabir tədqiq olunur. Bəs bizim kinomuzun, teatrımızın, qiraət ustalarımızın Sabirə müraciəti qənaətbəxşdirmi?
İndi yox. Radioda hərdə köhnə lentlərdən istifadə olunur. Əvvəllər radionun “Lirika dəftərindən” verilişində Sabirin qəzəlləri oxunurdu, sözlərinə mahnılar ifa edilirdi. İndi o verilişlər demək olar ki, yığışdırılıb. Bu yaxınlarda bizim tələbələrdən biri dərsdə Sabirin bəhri-təbilini söylədi, çox xoşuma gəldi. Təəssüf ki, indi bizim tələbələrimiz dərsə hazırlaşanda ancaq İnternetdən istifadə edirlər, kitabxanaya getmirlər. Ona görə də tutaq ki, vaxtilə Əziz Mirəhmədovun “Məhəmməd Hadi” ilə bağlı namizədlik dissertasiyasının ləğvindən və işdən azad edilməsindən xəbərləri yoxdur. Səbəb isə bu idi ki, M.C.Bağırov çıxışlarından birində, Məhəmməd Hadini, Hüseyn Cavidi və Əhməd Cavadı pantürkist şair adlandırmışdı. Buna görə də Ə.Mirəhmədovun sonralar Sabir haqqında yazdığı doktorluq dissertasiyası namizədlik dissertasiyası kimi qəbul edilmişdi. Akademik Feyzulla Qasımzadə dini mövzuda yazan şairlərin yalnız təsəvvüf ədəbiyyatının nümayəndəsi kimi adlarını qeyd etmişdi ki, izləri itməsin. Mir Cəlal Paşayev “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq dissertasiyasında “Təzə həyat”, “İrşad”, “Füyuzat” kimi qəzet və jurnalların fəaliyyətini yüksək qiymətləndirmişdi. Firudin Hüseynovla birlikdə yazdığı “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” dərsliyini yazanda “Mətbuat” bölməsi Firudin Hüseynovun adı ilə gedir. O da tamamilə Mir Cəlalın monoqrafisyasındakılarla üst-üstə düşür. Sadəcə F.Hüseynov onun üstünə ideoloji pərdə çəkib. Görünür, Mir Cəlal müəllimin həmin insanlara ideoloji yarlıq yapışdırmağa əli gəlməyib. Ona görə də tələbələrə deyirəm ki, ideoloji məqamlar vurğulanan kitabları internetdən oxumağa dəyməz.
Sabir bu gün də aktualdır. Bu, onun gələcəyi görən, öz mənsub olduğu xalqı hiss edən mütəfəkkir olmasını birmənalı olaraq təsdiqləyir. Amma Sabirin hələ də aktual olması bizi bir toplum, xalq kimi kiçiltmir ki?
Kiçiltmir, amma milli psixologiya formalaşır. Psixoloqlar qeyd edir ki, 25-27 yaşa kimi insanın xarakteri formalaşır. Bundan sonra müəyyən qüsurları belə özündə islah edə bilmirsən. Sabirə birmənalı münasibət olmasından, ondan xoşu gəlib-gəlməməsindən asılı olaraq insan Sabir yaradıcılığında öz nöqsanını da görür. Mahir Qarayev qeyd edir ki, biz dəfələrlə Sabiri uzaqgörən kimi alqışlayırıq. Amma nəyi alqışlayırıq? Sabirin arzusu o idi ki, göstərdiyi nöqsanlar tamamilə islah olsun və onun “Hophopnamə”si tarixin yaddaşına çevrilsin. Ona görə də Sabiri alqışlamaqdan çox, özümüzü dəyişdirməliyik. Amma milli genetik kodun tamamilə dəyişməsi mümkün deyil. Və nə qədər qəribə də olsa, Sabir bunu görürdü.
Alxan müəllim, bizim portalımız “1905.az”dır. Sabir də 1905-ci il hadisələrindən yazmışdı. Sabir 1905-ci il hadisələrinin mahiyyətini tuta bilmişdimi?
Hadisələrin mahiyyətini tuta bilmişdi. Sabirin 1905-ci il hadisələrinə münasibəti ilə bağlı “Beynəlmiləl” satirası 1905-ci il iyulun 2-də “Həyat” qəzetində dərc olunub. Sabir çox az şeirlərinə başlıq qoyub. Bu şeirinin başlığı isə belədir: “Müsəlman və erməni vətəndaşlarımıza”. Şeirin bir bəndində deyir:
İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,
Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar,
Fitneyi-iblisi-məl’un oldu nagəh aşikar…
Gör cəhalətdən nə şəklə düşdü vəz’i-ruzigar!
Sabir sanki indiki erməni ideoloqlarının siyasi cahilliyini də qiymətləndirir. Eyni zamanda rus-bolşevik şovinizminə də yüksək səviyyədə, poetik ovqatda işarə edir bu şeirində.
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
Sabir hər iki xalqı sülhə çağırır və bu davadan heç kəsin xeyir qazanmayacağını vurğulayır. Elə bizim dövlətimizin bu günkü siyəsətində də qeyd edilir ki, biz dinc yanaşı yaşamağın tərəfdarıyıq. Sabir də bunları görürdü.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 20 may 2016-cı ildə dərc edilib