1905.az portalının “Diskussiya klubunda” bu dəfə biz “Analitik jurnalistikamızın vəziyyəti” mövzusunu əməkdar araşdırmaçı-jurnalist Bəhruz Nəzərov, siyasi şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, “Jurnalist Araşdırmaları Mərkəzi”nin sədri Seymur Verdizadə, hərbi jurnalist, “Azeri Defence” hərbi-texnoloji jurnalının həmtəsisçisi Rəşad Süleymanov, iqtisadçı ekspert, “İqtisadi forum” jurnalının baş redaktoru Samir Əliyev və jurnalist Anar Turanla müzakirə etdik.
Fuad Babayev: Xoş gördük! Hər biriniz uzun müddətdir jurnalist və ekspert kimi fəaliyyət göstərirsiniz. Necə düşünürsünüz, bu gün analitik jurnalistikamız öz üzərinə düşən vəzifənin öhdəsindən gələ bilir?
Seymur Verdizadə: Azərbaycanda publisistika həmişə ən çox oxunan janr olub. Sovet dövründə də ən çox oxunan janr publisitika idi. bv Bu gün bizim təhlil, araşdırma janrımız arxa planda qalıb. Bəlkə, bu fikrə etiraz edənlər olacaq, amma biz təbiət etibarı ilə şair xalqıq. Azərbaycan yeganə ölkədir ki, burada demək olar ki, hamı şeir yazır. Danışanda da qafiyə tutmağa çalışırıq. Jurnalistikamızda analitik janrın arxa planda qalmasının əsas səbəbi elə budur. Digər səbəb, yazarların öz oxucu kütləsini formalaşdıra bilməməsindədir. Bu gün yazılı mətbuat tənəzzül dövrünü yaşayır. Hamı elektron mediada xəbər axtarır, analiz yox. Buna görə də analitik yazıların sayı çox məhduddur.
Analitik jurnalistikamızın vəziyyətinin pis olmasının əsas səbəblərindən biri də maliyyə azlığıdır. Bir jurnalist araşdırma yazmaq üçün bəzən bir neçə ay yazı üzərində işləməli olur. Amma onu bir redaksiyaya təqdim edəndə dəyərindən dəfələrlə aşağı qonorar təklif edilir. Jurnalist də həvəsdən düşür. Redaktorlar bir araşdırma yazıya 25-30 manat təklif edirlər. Buna görə də analitik jurnalistikamız inkişaf etmir.
Həmişə deyirik ki, kəmiyyət yox, keyfiyyət maraqlıdır, amma bazar qanunları başqa şey tələb edir. Mənim 300 dəfə oxunan yazıma heç bir redaksiya qonorar verməz. Bu gün təəssüf, hamımız reytinq arxasınca qaçırıq.
“Bu gün bizim peşəkar saytların sayı çox azdır. Qiymətləndirmə də aşağıdır. İnsan fikirləşir ki, mən bir yazı yazacam və qiymətləndirmə bu olacaq. Əziyyətə dəymir”
Elxan Şahinoğlu: Seymur müəllimlə razıyam. Tələbə olanda hamımız “İzvestiya” kimi qəzetləri oxuyurduq və insanlar belə yazılara maraq göstərirdilər. Bizim əsas problemlərimizdən biri ekspertlərin hadisəni çox mürəkkəb dildə izah etməsindədir. Bir müddət mətbuatda çalışmışam. 90-cı illərdə internet jurnalistikası inkişaf etməmişdi və informasiya bolluğu yox idi. Ona görə də analitik yazılara maraq çox idi. İndi tam əksinədir. O qədər informasiya bolluğu var ki, bilmirsən nə yazasan. Ona görə də xəbər jurnalistikası inkişaf edir. Amma bu gün həm də analitik yazılara ehtiyac var. Araşdırma və analitik jurnalistika fərqli anlayışdır. Əgər sən yazmaq istədiyin məsələni dərindən bilirsənsə yarım saata o proseslə bağlı analiz yazı yaza bilərsən. Amma araşdırma yazmaq çox uzun və çətin prosesdir. Ən böyük problemlərdən biri də sistemləşdirmədədir. Jurnalistlər aldıqları fikri təhrif edir və ya zəng edib bir şey soruşanda ümumiyyətlə hadisədən xəbərləri olmur. Fikirlərin təhrif olunmaması üçün çox vaxt yazını özüm yazıb göndərirəm. Ancaq bu da çox vaxt alır.
Analitik yazılar az oxunur, doğrudur. Amma məsələn, mənim məqsədim yazıya kütləni cəlb etmək deyil. Onsuz da analitik yazının oxucu kütləsi hər yerdə, həmişə az olub. Önəmli olan o yazını ciddi adamların oxuması və yazdığın yazının proseslərə təsir etməsidir.Bütün neqativ hallara baxmayaraq analitik yazıların da oxucu kütləsi var. Maraqlı yazılar oxunur və əks-sədası olur.
Bəhruz Nəzərov: Var faktlara əsaslanan xəbər və təhlilə söykənən analitik jurnalistika. Analitika səbəb-nəticə əlaqələrini göstərir, proqnoz verir. Analitik jurnalistikanın da öz janrları var. Məsələn resenziya. Tutaq ki, dünya prakatında bir film təqdim olunur. Ona resenziya yazılır. Bu özü də analitik janrdır. Və ya müsahibə janrı. Müsahibədə də analitika ola bilər. Mətbuatın icmalı da analitik jurnalistikanın sahəsidir. Bəzən isə jurnalist analitik yazıda istədiyi nəticəyə gəlir. Bu isə manipulyasiyadır, analitik jurnalistika deyil, siyasi texnologiyadır. Azərbaycanda da daha çox bundan istifadə edilir. Yəni subyektiv fikri əsaslandırmaq. Sovet dövründə analitik janra bir o qədər də ehtiyac yox idi. Çünki insanların seçim azadlığı da yox idi. Analitik jurnaistika azad cəmiyyətdə inkişaf edir. Analitik jurnastika jurnalistikanın ən intellektual səviyyəsidir.
“Təəssüf, bu gün mətbuatın bir yazıya 300-400 manat qonorar verə biləcəyi maliyyəsi yoxdur. Mətbuata siyasətçi yox, 10 manata işləyən jurnalist, könüllü lazımdır”
Seymur Verdizadə: Əsas problemlərdən biri analtik yazıların jurnalistlər tərəfindən yazılmasındadır. Elə jurnalist var ki xəritədə Misirin yerini göstərə bilmir. O Misirdəki hadisələri necə təhlil edə bilər?! Türkiyə mətbuatına baxsaq görərik ki, orada belə ciddi yazıları Türkiyənin keçmiş xarici işlər naziri səviyyəsində adamlar yazır. Ona görə də yazı oxunur. Mən əminəm ki, bizdə də bu təcrübə olsa təhlil yazılar oxunar. Biz bütün yükü jurnalistin çiyinlərinə atırıq. Yaxşı material istəyiriksə peşəkar qrup yaratmalıyıq. Biz səfirləri, nazirləri və s insanları mətbuata cəlb etməliyik.
Rəşad Süleymanov: Məncə yazıya oxunma sayı ilə dəyər vermək düzgün deyil. Bu yaxınlarda saytların birində iqtisadi mövzuda bir yazı oxudum. Çox gözəl analitik yazı idi. Həm mövzu aktual idi, həm də sadə dillə izah edilmişdi.
Biz öz jurnalımızda Xəzər ökələrinin silahlanma məsələsi ilə bağlı 2 ardıcıl yazı dərc etdik. Bir neçə xarici ölkənin səfirliklərindən o yazını istədilər. Yazını təkmilləşdirdik. Əhəmiyyətli bir formaya gətirdik və loru dildə desək, sata bildik. Hərbi qurumlar üçün də yazılar hazırlayırıq və buna ehtiyac var. Sadəcə o yazıları mediada yaymırıq. Həmin yazılara keçmiş hərbçiləri cəlb edirik. Seymur müəllim dediyi kimi. Amma bizim kifayət qədər işini bilən hərbiçilər var ki, heç nə yaza bilmir. O danışır, biz yazırıq. Yəni bəzən mütəxəssis yaxşı yazı yaza bilmir. Bu gün hərbi sahə ilə bağlı ciddi yazılara ehtiyac var. Bu yaxınlarda bir redaktor mənə bir mövzuda yazmağı təklif etdi, amma qonorarı biləndə imtina etdim. Çünki o qonorara o yazını işləməyə dəymirdi. Təəssüf, ən böyük problemimiz zəhmət haqqının həddindən artıq aşağı olmasıdır.
“Mətbuata yeni gələn jurnalistlər ya mədəniyyətdən, ya da sosialdan yazır. İqtisadiyyata meyl edən yoxdur”
Samir Əliyev: Yadımdadır, mətbuata yeni gəlmişdik. Yazırdıq, redaktor deyirdi ki, yazını elə yaz ki, onu tək özün yox, oxucu da başa düşsün. O dövrdə mətbuata axın çox idi. Xüsusən də qeyri-ixtisas adamlar tərəfindən. Ona görə də bu adamlar jurnalistikada illərlə püxtələşib, hamının başa düşəcəyi dildə yazmağı öyrəndilər.
Yəqin, hamı razılaşar ki, 90-cı illərin mətbuatı indikindən dəfələrlə peşəkar idi. Məsələn, iqtisadi jurnalistkaya cavabdeh şəxslər həm öz sahəsini, həm də başqa sahələri yaxşı bilirdilər. O vaxt bir rəqəm üçün bir neçə saat gözləyirdik. Özümü həmişə mətbuatın bir hissəsi hesab etmişəm. Mətbuat mənə yazıları insanların başa düşdüyü dildə yazmağa çox kömək edib. Çox vaxt jurnalistlər deyirlər ki, sizin yazıları oxumadan sayta yerləşdiririk. Çünki jurnalist kimi yazırsınız.
Təəssüf, bu gün iqtisadiyyatdan yazan jurnalistlərin çoxunun iqtisadiyyatdan xəbəri yoxdur. Heç iqtisadi sahəyə meyl edən də yoxdur. Əslində bu başa düşüləndir. Son dövrlər istisna, iqtisadiyyat Azərbaycan üçün həmişə maraqsız sahə olub. Bəzən jurnalist zəng edir, deyir filan hadisəyə münasibət bildirin. Sualı başa düşmürəm, deyirəm nəyə cavab tapmaq istəyirsiniz? Jurnalist cavabında deyir ki, özüm də bilmirəm, redaktor istiqamətləndirdi ki, filan ekspertdən filan məsələ ilə bağlı açıqlama al, buna görə də zəng etmişəm. Yəni jurnalistin bəzən hadisədən xəbəri olmadığı üçün bizi yanlış istiqamətə yönləndirir. Mətbuat insanları öz səviyyəmizə qaldırmalıdır. 90-cı illərdə qəzet mediası bunu bacarmışdı.
İnternet jurnalistikasının əsas üstünlüyü məhdudiyyətin olmamasıdır. Sən nə qədər istəsən yaza bilərsən. Məsələn, bu günlərdə Elman Rüstəmov manatın üzən məzənnəyə keçidi ilə bağlı açıqlama verib. Bir mətbu orqan yazıb ki, manat üzən məzənnəyə keçir, biri yazıb keçmir. Jurnalist açıqlamanı sona kimi oxumadığından yazını peşəkar hazırlaya bilmir.
Mətbuatın acınacaqlı durumda olmasının obyektiv səbəbləri var. Bunlardan biri də reklam və rəqabətin olmamasıdır. İndi mətbuat konveyer üsulu ilə işləyir. Bir məlumat çıxır bütün saytlar onu verir. Dəyişən yalnız başlıqdır. Yeni heç nə yoxdur.
Feysbukda iqtisadi mövzuda bir status yazıram. 1 dəqiqə sonra baxıram ki, saytlar həmin statusu xəbər edib. Bəzən olur ki, statusu yazanda bir rəqəmdə texniki səhv edirəm. Status artıq xəbər formasında mətbuatda yayıldığı üçün məcbur olub bir-bir redaksiyalara zəng edirəm ki, filan rəqəmi düzəldin. Qeyri-peşəkarlıq həddindən artıq çoxdur.
Fuad Babayev: Bizim portalın əsas mövzusu Qarabağ düyünüdür. Bəs, analitik jurnalistikamız Qarabağla bağlı üzərinə düşən yükün öhdəsindən necə, gəlirmi?
Elxan Şahinoğlu: Rəşadın sahəsi olsa da deməliyəm ki, Müdafiə Nazirliyində son illər keyfiyyət dəyişkliyi çox hiss olunur. “Atlas” Araşdırmalar Mərkəzi həftəlik bülleten buraxır. Abunəçilərimiz arasında səfirliklər, müxtəlif təşkilatlar var. Belə bir təklif irəli sürdüm ki, Avropa Oyunlarından sonra hökümət Qarabağda bir, hətta bir neçə rayonun azad edilməsi istiqamətində müəyyən addımlar ata bilər. Bülleten hazırladım, fikirləşdim bu konsepsiyanı mətbuata da çıxarım. Bir portal var. Onlara qonorar güdmədən yazı verirəm. Bu yazını da onlara təqdim etdim ki, saytda yerləşdirsinlər. Gördüm materialı yerləşdirməyiblər. Redaktor dedi ki, bu yazını çox oxuyan olmayacaq. Görürəm, o yazının yerinə şou və ya kriminal xəbər yerləşdirilib. Düşündüm ki, mətbuata çıxmağın ən yaxşı üsul bu yazını feysbukda yerləşdirməkdir. Yerləşdirəndən sonra gördüm ki, bir neçə saytda artıq yazını dərc ediblər. Mənim də əsas məqsədim yazı ilə geniş oxucu kütləsinə çıxmaq idi.
Qarabağ elə mövzudur ki, burada hər şeyə ciddi yanaşmaq, ideya ortaya atanda da onun əsaslandırmaq lazımdır.
Bəhruz Nəzərov: Qarabağ elə bir məsələdir ki, burada biz öz mövqeyimizdən çıxış edəcəyik, jurnalist mövqeyindən yox. Fuad müəllimin yadına gələr. Vladimir Pozner gəlmişdi. O bizə kiçik bir misal çəkdi. Dedi ki, özümüzü jurnalist qismində ölkəmizin müdafiə nazirindən müsahibə almağa gəlmiş bir insan kimi təsəvvür edək. Müsahibə zamanı müdafiə nazirinə zəng gəlir, o otağı tərk edir, müsahibəni dayandırır. Gözümüz nazirin stolunun üzərindəki vərəqə sataşır. O kağıza baxırıq və bir neçə saat sonra qonşu dövlətə müharibə elan ediləcəyi ilə bağlı göstərişi oxuyuruq. Müharibə elanını jurnalist kimi oxuyub dərhal bütün dünyaya çatdırmalıyıqmı? Yoxsa o kağızdan xəbəri olmamış kimi davranmaq lazımdır? Poznerə görə jurnalist o xəbəri verməli idi. Amma hətta Amerikada da bəzi tabular var ki, jurnalist o haqda obyektiv mövqe göstərə bilmir. Məsələn, İraq məsələsi. Azərbaycan jurnalistlərinin Qarabağ mövzusunda mövqeyi bəllidir. Çalışmalıyıq ki, Qarabağ məsələsində xarici jurnalistlərin bizim mövqeyi sərgiləyən yazılar yazmasına nail olaq. Cəbhədə atəşkəs olsa belə informasiya müharibəsi həmişə var. Təəssüf, biz informasiya müharibəsində geri qalırıq.
“Müharibə hər an başlana bilər. Mən 10 gündən bir cəbhəyə gedirəm. Orada heç də hər şey bir düşündüyümüz qədər sadə deyil. Cəbhədə artıq səslər də dəyişib”
Rəşad Süleymanov: Bu, həssas mövzudur. Azərbaycan Müdafiə Nazirinin açıqlaması var. Açıqlamaya görə, Azərbaycan silahlı qüvvələrinin təxminən 60-70%-ə qədəri 1000 km-lik bir sərhəddə (Gürcüstan sərhəddindən Horadizə qədər) döyüş növbətçiliyində dayanıblar. Hərbi əməliyyatların da hər an başlama ehtimalı istisna edilmir. Rəsmi açıqlamaya görə, Azərbaycan silahlı dəstələrinin 80-100000 min nəfəri xidmət edir. 80-100 min nəfərin valideynlərinin fikri daim cəbhədə, övladının yanındadır. Müharibə başlayarsa orda olanların həyatı hər an təhlükədə olur.
Hazırda bir yazı üzərində işləyirəm. Sabah müharibə olsa, biz nə qazanacağıq? Bizim itkilər və nəticə nələr ola bilər? Hərbiçilərlə bir qrup yaratmışıq. Həmin qapalı qrupda bunları müzakirə edəndə çox maraqlı məqamlar ortaya çıxır. Cəbhə xəttində ermənilər eşalonlaşmış müdafiə sistemləri tətbiq ediblər. Ermənilər buna “Ohanyan planı” deyirlər. Həmin ərazi yumşaq desək minalanmış ərazidir. Qarışıq, tikanlı məftillərdən tutmuş, pərakəndə səpilmiş minalara qədər çox sərt mövqe yaradıblar. Onun ardınca dərinliyi 3 metr olan tank xəndəkləri var. Yəni ermənilər çox sərt müdafiə sistemi yaradıblar. Hərbi mövzuda təhlillərə ehtiyac var, amma hərbi sirrləri qorumaqla yazmaq lazımdır bu təhlilləri. Mən hərbi hisslərə gedirəm. Orda çox şey görürsən. Jurnalist kimi onu yaza bilərəm. Amma onu yazsam birinci mənbəmi itirəcəm. Yazılarımı sabah həmin birinci mənbə ilə dəqiqləşdirə bilməyəcəm. Hərbi xəbərləri mətbuata ötürəndə diqqətli olmaq lazımdır.
Seymur Verdizadə: Avqust hadisələri mətbuatın ekstremal şəraitdə işləməyə hazır olmadığını göstərdi. Amma bu bizim-mətbuatın günahı deyil. Müdafiə Nazirliyi mətbuatı operativ məlutlandırmadı. Ona görə də avqust hadisələrindən sonra mətbuat əhli hərbi mövzuda istənilən xəbəri yaymaqdan çəkinirik. Amma mətbuatla zor gücündə danışmaq olmaz.
Samir Əliyev: Seymur müəllimlə razıyam. Avqust hadisələri ərəfəsində dövlət qurumlarının mətbuatla yaxşı işləmədiyinin bir daha şahidi olduq. Bu tək hərbi yox, iqtisadi sahədə də belədir. Manatla bağlı xəbərləri yadımıza salaq. Panika yarandı. İnsanlar banka axışdı. Maksimum panika yaratmamağa çalışsaq da alınmırdı. Baş verən proseslər mətbuatla dövlət qurumları arasındakı boşluğu üzə çıxardı. Ona görə də dövlət qurumları bu proseslərdən nəticə çıxarmalıdır.
Anar Turan: Bəzi dövlət qurumlarının mətbuatla yaxşı işləmədiyi fikri ilə razıyam. Avqust hadisələri bir daha bunu sübut etdi.
Bu yaxınlarda SOKARın 12 günlük qış məktəbində iştirak etdim. Bizdən əvvəl bu məktəbi tələbələr üçün təşkil etmişdilər. Onlar bizi- jurnalistləri tələbələr kimi kontrol edir, nəzarətdə saxlamağa çalışırdılar. Xoşbəxt Yusifzadə bizə baxan kimi dedi ki, rahat oturun, özünüzü azad mühitdə hiss edin. Onun bu sözündən sonra bizə qarşı münasibət tamam dəyişdi. Halbuki, o sözə kimi vəziyyət elə deyildi. Həmin qış məktəbində təklif etdim ki, digər nazirliklər də jurnalistlər üçün 10-12 günlük belə məktəblər təşkil etsinlər. Məsələn, iqtisadiyyatdan yazan jurnalistlər İqtisadi İnkişaf Nazirliyində bir məktəb keçsin və s. Bu gün mətbuatda yerində olmayan adamlar çoxdur. İnformasiyanı bilməyən, hadisədən xəbəri olmayan adam gündəm yaradır.
Fuad Babayev: Hər birinizə minnətdaram!
Hazırladı: Aynur Hüseynova
1905.az
Material ilk dəfə 09.04.2015-ci ildə 1905.az portalında dərc edilib