Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 22-də Füzuli və Tərtər rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat açıqlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndi ərazisində fermada 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat – 122 mm-lik top mərmisinin partladıcısı aşkar edilərək götürülüb.
Füzuli rayonunun Horadiz kəndi ərazisində isə 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.
Ümumilikdə, ANAMA tərəfindən 7 aprel – 22 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 24 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 544 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.