Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, intensiv və uğurlu minatəmizləmə fəaliyyəti sayəsində mümkün olan yenidənqurma işləri nəticəsində bu yola tam təhlükəsiz çıxan ilk sakinlər isə Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlarımızdır. Burada yerləşəcək sakinlərin təhlükəsiz və sağlam şəraitdə məskunlaşması məqsədilə işğaldan azad edilmiş ərazilərdə mövcud mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirilməsi əsas prioritetlərdən biridir.
Məhz bu məqsədlə, 2022-ci il iyulun 1-dən etibarən ANAMA tərəfindən Zəngilan icmasına mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinə başlanılıb. Məqsəd orada məskunlaşacaq vətəndaşları Ağalı kəndinin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz hərəkət alqoritmləri ilə tanış etməkdir.
Təlimlərdə vətəndaşlara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Onları nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa çağırır.
“Unutmayaq ki, hər bir vətəndaş verilən təlimatlara əsasən məsuliyyətli davranıb həm özünü, həm də ailəsini baş verə biləcək bədbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə öz müsbət töhfəsini vermiş olacaqdır”, – deyə ANAMA-nın məlumatında deyilir.