Müsahibimiz jurnalist Anar Bayramoğludur.
– Anar müəllim, 5 ildən sonra özünüzü jurnalist kimi görürsünüzmü?
– Nəyin haqqındasa əvvəlcədən danışmağı xoşlamayan insanam. Artıq 14 ilə yaxındır ki, mediadayam və bu illər ərzində ancaq “Şərq” qəzetində çalışmışam. Bu qəzetin strukturu, redaksiyada yaradılmış mühit, azad şərait mənə uyğun olduğundan, burada aldığımdan daha çox əmək haqqı vədləri olunsa da, bu qəzeti tərk etməmişəm. Çünki öz prinsiplərim var və yola çıxdığım insanları dar gündə qoyub getmək həmin prinsiplərlə uzlaşmır. Amma 5 ildən sonra harada olacağımı deyə bilmirəm. Hər halda yəqin ki, mətbuatda olacağam. Çünki bu işi sevirəm. Hərçənd siz də bilirsiniz ki, indi mətbuatda işləmək çox çətindir. Çox hallarda gecədən keçmişə qədər işdə oluruq. Lakin bununla belə daha yaxşı olacağını güman edirəm.
– Qeyd etdiniz ki, 14 ildir mediadasınız və eyni qəzetdə çalışmısınız. Bu illər ərzində bizim medianın, xüsusilə də çap mediasının durumu yaxşılığa doğru gedib, yoxsa daha da pisləşib? Ümumi istiqamət necədir?
– Ümumi vəziyyətin yaxşılığa doğru dəyişdiyini deyə bilmərəm. Düzdür, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı, media üçün qrantlar ayrılır. Bunun hesabına çap mediası özünü çətinliklə də olsa saxlaya bilir. İnternet media yarandıqdan sonra isə qəzetlərin maraqlılıq əmsalı nisbətən aşağı düşüb. Bu özünü əsasən qəzetlərin xəbər siyasətində özünü göstərir. Çünki bir gün əvvəlki xəbəri verən qəzetlər bu baxımdan saytlara uduzurlar. Qəzeti əsasən analitik yazılara, müsahibələrə, araşdırmalara maraq göstərənlər oxuyur. Ümumi mətbuatın inkişafı reklam bazarından keçir. Düşünürəm ki, reklam bazarı olmadan mətbuatın inkişafı ləng gedəcək. Azad reklam şəraiti olmalıdır ki, mətbuat öz ayaqları üzərində dayana bilsin. Mətbuat Şurası bununla bağlı bir neçə dəfə məsələ qaldırdı. Şuranın sədri, deputat Əflatun Amaşov bu məsələ ilə bağlı parlamentdə çıxışlar etdi. Xüsusilə son devalvasiyadan sonra kağızın qiymətinin qalxması ilə çap mediası ağır duruma düşüb. Əvvəllər kağıza tətbiq olunan 18 faizlik əlavə dəyər vergisi, yenidən bərpa olundu, bu isə mətbuatı çöküşə aparır. Bir neçə qəzet xərcləri qarşılaya bilmədiyi üçüb nəşrini dayandırmaq məcburiyyətində qaldı, sayt versiyasına keçdi. Həmçinin qəzetlərdə işçi ixtisarları baş verdi ki, bu da xoş hal deyil. Çox yaxşı olardı ki ƏDV aradan qaldırılaydı. Bu problemi həll etmədə də, müəyyən mənada nəfəslik rolunu oynaya bilər.
– Bütün dünyada çap mediası öz mövqelərini elektron mediaya təhvil verməkdədir. Yeni qacetlər elektron medianı ardıcıl olaraq izləməyə imkan verir və çap mediasını arxa plana keçirir. Bizim indiki halımızda bunu həmçinin kağızın sabit valyuta ilə xaricdən gətirilməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də şərtləndirir.
– Çap mətbuatı, ümumiyyətlə media həm də biznes strukturudur. Sən xəbər istehsal edib, satırsan, mənfəət götürürsən. Amma indiki halda, alıcılıq qabiliyyəti aşağı düşüb. Bəzi redaktorlar devalvasiyadan sonra qəzetlərin qiymətini qaldırmağı təklif etdilər, hətta qiymət artımına da getdilər. Amma nə baş verdi? Satışda daha da geriləmə oldu. Əvvəlki qiymətə qəzeti almağa imkanı olmayanlar, qiymət qalxdıqdan sonra heç almırlar. Amma bununla belə, elektron medianın qəzeti tam sıradan çıxaracağına mən inanmıram. Elə qonşu Türkiyəni götürək. Saytları bizim saytlardan qətiyyən geri qalmayan “Hürriyyət” və “Milliyyət”in həm də qəzet variantları nəşr olunur. Yaxud da Rusiyanın qəzetlərinə baxaq. Bu gün də “Arqument i fakt” qəzeti əldən ələ gəzir. Orada internet media zəifdirmi? Əlbəttə zəif deyil. Amma qəzetlər də Rusiyada mövcudluğunu qoruyur. Qəzetlər internet resurslarına sadəcə xəbər vermək funksiyasında uduzurlar.
– Bizim saytımız ermənilərin ərazimizə gəlişi, bizə qarşı törətdikləri soyqırımlar, deportasiyalar, bir sözlə, şərti olaraq desək, Qarabağ problemi ilə bağlıdır. Bu mövzunu gündəmdə saxlamaq çox əhəmiyyətlidir. Amma Azərbaycan mediasının “cəbbəxana”sında bu mövzunu gündəmdə saxlamaq üçün metodlar, fəndlər kifayət qədər deyil. Siz necə düşünürsünüz?
– Qarabağ problemini gündəmdə saxlamaq üçün danışıqlar prosesi ilə bağlı əlbəttə biz “Şərq” qəzeti olaraq informasiya və təhlil xarakterli yazılar veririk. Həm də bu cür yazılar gündəlik olaraq nəşr olunur. Amma məncə, biz xaricdə Azərbaycan diasporunun Qarabağ problemi ilə bağlı işlərini daha çox qabartmalıyıq. Diaspora qurumları bu istiqamətdə yaxşı işləyirlərsə, təbliğ etməliyik. Pis işləyirlərsə, tənqid edib, hərəkətə gətirməliyik. Qarabağ probleminin təbliğatı işinin əsas yükü diasporanın üzərindədir. Biz məsələ haqqında yazırıq, işıqlandırırıq, gündəmdə saxlayırıq. Amma ölkə daxilində, yəni Azərbaycan oxucusu üçün. Amma xaricdə işləmək, diasporanın borcudur. Onlar bukletlər, jurnallar nəşr etməlidirlər, mütəmadi tədbirlər keşirib haqq səsimizi əcnəbilərin beyninə yeritməlidirlər. Məncə diasporumuz bu istiqəmətdə yaxşı çalışmır. Məsələn, mən xarici ölkələrdən birində Xocalı soyqırımı ilə bağlı keçirilən bir tədbir haqqında yazını oxudum, şəkillərə nəzər saldım. O tədbirdə oturanların hamısı azərbaycanlılar idi. Tədbirdə azərbaycanlılara Xocalı soyqırımı ilə bağlı məlumat verilirdi. Axı azərbaycanlı onsuz da Xocalı hadisələrindən xəbərdardır, bəziləri hətta bu faciəni görüb, yaşayıb. Həmin tədbirdə yerli insanların iştirakı daha yaxşı olmazdımı? Nə vaxta kimi özümüz danışıb, özümüz eşidəcəyik? Materialları bir qədər avropalı oxucu və ya tamaşaçının qəbul edə biləcəyi tərzdə vermək lazımdır. Bu hadisələrlə əlaqədar məlumat xarakterli bukletlər hazırlanmalıdır. Uzaq xaric bir yana, qardaş və qonşu Türkiyədə də bizim problemimizdən xəbərsiz insanlar yetərincədir.
– Erməni mətbuatını izləyirsinizmi?
– Bəli, izləyirəm. Xüsusilə news.am saytını davamlı olaraq izləyirəm. Erməni mətbuatı ciddi yazılara daha çox önəm verir. Və bizdəkindən fərqli olaraq Ermənistanın həm saytlarında, həm də sosial şəbəkədə Qarabağ problematikasına maraq böyükdür. Bizim saytların bir çoxunda təəssüf ki, peşəkarlıq çatışmır. Ona görə də daha çox bizdə şou-biznes xəbərlərinə üstünlük verilir. Tutaq ki, ikinci dərəcəli şou-biznes nümayəndəsinin instaqram statusunda yazdığına əsasən hazırlanan xəbərə 11 min “like” qoyulur, Laçında Suriyadan olan erməni qaçqınlarının yerləşdirilməsi xəbərini isə bir neçə yüz nəfər oxuyur və heç bir şərh yazmırlar. Yalnız ayrı-ayrı insanların, xüsusən də sosial mediada aktiv olan jurnalistlərin nisgilli status və şərhlərinə rast gələ bilərsiniz. Ermənilərin isə taleyüklü məsələlərlə bağlı möhkəm mövqe ortaya qoyduqları görünür.
Gündüz Nəsibov, 1905.az