1905.az portalının suallarını “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı cavablandırır.
– Anar müəllim, etiraz etmirsinizsə, əvvəlcə Sizin mediada keçdiyiniz yola nəzər salaq. Hər bir media mənsubunun oxucu, dinləyici, tamaşaçı üçün bəlli olan işləri var, bir də təkcə özünə bəlli olan yaradıcılıq mərhələləri… Elə deyilmi?
– Jurnalistikaya gəlişim təsadüfən olub. 1997-ci ildə İqtisad Universitetini bitirdikdən sonra iş axtarmağa başladım. Bir neçə banka baş çəkdim, tanışlardan soraqlandım, alınmadı. Eyni zamanda sənədlərimi aspiranturaya vermişdim, dekabrda keçirilirən imtahanlarda müsabiqədən keçə bilmədim. Tələbə yoldaşım Vüqar Bayramov (Sosial İnkişaf Mərkəzinin rəhbəri) da aspiranturaya sənəd vermişdi və tez-tez görüşürdük. O, “Avrasiya” qəzetinin iqtisadçı-jurnalist axtardığını dedi və mən də müraciət elədim. Sahib Alıyevlə görüşdüm və mənə bir yazı hazırlamağı tapşırdı. Sahib müəllim ilk yazımı bəyənmişdi və beləcə 1998-ci ilin aprelindən başladım işləməyə. Həmin ilin payızından 1 il hərbi xidmətdə oldum, qayıdandan sonra başqa iş axtarmadım və yenə də qəzetlərdə çalışmağa başladım. Bir haşiyə də çıxım, əsgərlikdən sonra İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturasına qəbul olundum. 2001-ci ilin oktyabrında ANS-də “İqtisadiyyat xəbərləri”nə dəvət aldım. 2011-ci ilin martına qədər orada işlədim. Deyərdim ki, bu illər jurnalist fəaliyyətimin ən məhsuldar dövrü oldu. Hərdən öz-özümə sual verirəm ki, görəsən iqtisadi jurnalistika ilə məşğul olmasaydım, bu sahədə özümü doğrulda bilərdimmi?
– İndi də mətbuatla əlaqədəsiniz. Odur ki, bizim medianın problemlər zənbilinin ağırlığı barədə məlumatlarınız var. Amma bu barədə danışmayaq. Anar Cəbrayıllının Azərbaycan mediasının vətənpərvərlik əmsalı barədə düşüncələrini bilsək, kifayət edər.
– Bu suala konkret cavab vermək çətindir, ancaq ən pis halda belə, bu əmsal 0,5-dən yuxarı olacaq. Bu gün Qarabağ münaqişəsini yaşadığımızndan və torpaqlarımız işğal altında olduğundan azərbaycanlıların çoxunda vətənpərvərlik ruhu yüksəkdir. Vacib məqamlarda bu özünü daha qabarıq göstərir. Xatırlayırsınızsa, Ramil Səfərov məsələsində, Mübariz İbrahimov təkbaşına düşmən üzərinə hücuma keçəndə, bir neçə ay bundan əvvəl cəbhədə yaranmış gərginlik zamanı və yaxud da bu günlərdə Ermənistana məxsus helikopter vurulanda el arasında, mediada, həmçinin sosial şəbəkələrədə yanaşma necə idi. Cəmiyyət müharibə və qələbə əhval-ruhiyyəsinə köklənmişdi. Sadəcə, vətənpərvərlik ruhunun aşılanmasında müəyyən problemlər var. Yadımdan heç çıxmaz, ANS Xocalı soyqırmı, işğal olunmuş rayonlarımızın adları ilə bağlı sorğu keçirirdi. Bir qism insanlar, əsasən də gənclər adi suallara belə cavab verə bilmirdilər. Bu da orta məktəbdə və ailələrdə təbliğata bağlı məsələlərdir. Başqa sözlə, vətənpərvərlik problemi ən çox təhsilsiz insanlarda müşahidə olunur. Onu da deyim ki, belə insanları istiqamətləndirmək də çox asandır. Onları çox rahatlıqla vətən, torpaq uğrunda döyüşə və ölümə aparmaq olar.
– Bəs, bu əmsalı artırmaq, özü də əhəmiyyətli dərəcədə artırmaq üçün hansı addımlar atılmalıdır. Ümumiyyətlə, ehtiyac varmı hansısa addımların atılmasına?
– Vətənpərvərlik, elə-obaya bağlılıq, təəsübkeşlik bizim qanımızdadır. Tarixdə dəfələrlə olub ki, millət olaraq ayağa qalxmışıq. 1989-cu ildə elə-belə ilin xalqı olmamışıq. Bəhs etdiyimiz əmsalı ən azından sabit saxlamaq üçün davamlı təbliğat aparılmalıdır və bu, üç istiqamətli olmalıdır. Ailədə, təhsil müəssisələrində və mediada. Birinci sırf fərdi məsələdir. Yəni gedib hansısa valideyini məcbur edə bilmərik ki, evində Qarabağdan, Xocalıdan, Şuşadan, Zəngəzurdan, Göyçədən, Cəbrayıldan danış. Bu gün orta məktəb dərsliklərində tariximiz, faciələrimizilə bağlı kifayət qədər əhatəli məlumatlar var. Burada da pedaqoqun onu uşaqlara necə çatdırması sual yarada bilər. Fikrimcə, bu gün cəmiyyət üçün əsas olanı geniş auditoriyanı əhatə edən və hər birimizin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş televiziya və internetdə təbliğatdır. 10-15 il bundan əvvəl media orqanlarının sayı kifayət qədər az idi və onların da çoxu ciddi mətbuat kimi qəbul edilirdi. Hamı da bilirdi ki, 3-4 televiziya, üzdə olan 15-ə qədər qəzet və bir də barmaqla sayıla biləcək qədər informasiya agentlikləri var. Bunların da başında peşəkarlar dayanırdı və hər bir xəbərə ciddi yanaşılırdı. İndi də ciddi internet portalları, televiziya proqramları var, amma onlar şouya meyllilərin arasında itib-batır. İnsanlar ən çox televiziyalara baxır, verirlişlərin reytinqi, yəni baxımlılığı necədir? Ən çox tamaşaçı toplayan müğənnilərin qatıldığı şou verilişlər, ailə-məişət problemlərini qabarqdan müzakirələr və kriminal xəbərlərdir. Vətənpərvərliyə, tariximizə, ictimai-siyasi məsələlərə həsr olunan verilişlərə baxanlar da var, təssüf ki, çox az sayda. Deməli, belə verilişlərə daha çox yer ayrılmalıdır. Başqa kanalda şou görməyənlərin bir qismi istər-istəməz onları seyr edəcək. Deməli, çıxış yolu var. Necə ki, sizin saytınız edir, şəxsən mən sizin yazılarınızdan bilmədiyim xeyli şeyləri öyrənmişəm.
– Mediaya 2014-cü ildə, mətbuatımızın 140-cı ildönümü ərəfəsində gələn gənclərə tövsiyələriniz?
– Gənclərdən əvvəl redaktorlardan xahiş edərdim ki, ucuz işçi qüvvəsi olsun deyə kimi gəldi işə götürməsinlər. Tez-tez rastlaşırıq, normal təhsili olmayanlar qəzet və ya sayt açır. Oxucu və ya İP xatirinə nə gəldi yazır və yayır. Nəticəsi nə olur? Mətbuat ciddiliyini itirir, sabah nəyisə düz yazsa belə, ona inanmırlar. Yalançının evi yandı, heç kim inanmadı, məsəli kimi. Gənc jurnalistlərə tövsiyəm odur ki, çalışıb ixtisaslaşsınlar. Bir gün siyasətdən, sabah idmandan, biri gün mədəniyyətdən yazmasınlar. Sonra nə nəticəsi olacaq, nə də faydası.
Fuad Babayev
1905.az