Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəzifəsindən istefa verməsindən sonra həm Sovet İttifaqında, həm Ermənistanda, həm də xaricdə yaşayan ermənilərin Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirilməsi uğrunda mübarizəsi başladı. Digər tərəfdən də Azərbaycanda siyasi rəhbərlik qətiyyət göstərə bilmədiyinə görə Ermənistan müharibənin birinci dövründə Dağlıq Qarabağ deyilən ərazini işğal edə bildi. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, ölkənin bir milyon vətəndaşı qaçqınlıq və köçkünlük həyatını yaşamağa məcbur edildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib.
Deputat təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmələrinə baxmayaraq, heç bir nəticə əldə edilmədi. Əksinə, münaqişənin həllinə vasitəçi olan ölkələr işğalçı ilə işğala məruz qalanı bir sıraya qoymaqla məsələnin həllini daha mürəkkəb məcraya saldılar.
“Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi mövcud idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğu” formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni Azərbaycan torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın danışıqsız təslim olunması haqqında Bəyanat imzalandı”, – deyə deputat qeyd edib.
Anar İsgəndərov vurğulayıb ki, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Təəssüf ki, bu gün Ermənistanda bu reallığı dərk etmirlər, hələ də hansısa statusdan bəhs edirlər. Prezident İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan Televiziyasına müsahibəsində bu cür bəyanatlar səsləndirənlərə statusun yerini bir daha xatırlatdı. Artıq heç bir statusdan söhbət gedə bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına son səfərinin və Prezident Vladimir Putinlə görüşünün böyük önəm daşıdığını vurğulayan deputat deyib: “Prezident İlham Əliyev son müsahibəsi zamanı da bu görüşün nəticələrini müsbət qiymətləndirdi. Təbii ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və müharibədən sonra yaranmış yeni reallıqlar fonunda əməkdaşlığımızın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur. Bir çox mövzularda, o cümlədən Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bağlı məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür”.
Zəngəzurun birmənalı şəkildə Azərbaycanın tarixi torpağı olduğunu söyləyən tarix elmləri doktoru deyib: “Bundan əlavə, Zəngəzur deyilən ərazinin bütün toponimləri türk adlarıdır. Tarixin real vəziyyəti budur və Azərbaycan Prezidenti İlham Əliyev də tarixin bu məqamlarına istinad edərək hər zaman qeyd edib ki, sovet dönəmində bu ərazi bilərəkdən iki yerə parçalanıb və beləliklə, Zəngəzur torpaqlarının yarısı Ermənistana verilib. Bu hadisənin tarixi bəllidir. 1920-ci ilin noyabr ayının 30-da Bakıda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının iclasında ilk dəfə olaraq Zəngəzurun iki yerə parçalanması məsələsi müzakirəyə çıxarılıb. Burada xüsusi qeyd olunmalıdır ki, bu torpaqların verilməsi Azərbaycan xalqının iradəsi ilə deyil, hakimiyyətdə olan bolşeviklərin əli ilə həyata keçirilib. Yəni, Azərbaycan xalqı heç bir vəziyyətdə öz doğma torpaqlarını digər ölkəyə verməz və verməyib. Bununla yanaşı, 1921-ci ilin iyul ayında Sovet Rusiyası tərəfindən Azərbaycan rəhbərliyinin fikri öyrənilmədən Dağlıq Qarabağ ifadəsi ortaya atılandan sonra bu ərazilərə muxtar vilayət statusu verilib. Həmin andan 1991-ci ilədək Ermənistan və hansısa formada dövlət siyasətinə təsir göstərən separatçı qüvvələr tərəfindən Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi ideyası istiqamətində işlər görülüb”.
O bildirib ki, dövlətimizin başçısı Zəngəzur dəhlizindən danışarkən hər zaman bu torpaqların tarixi Azərbaycan torpaqları olmasını əsaslandırır və bunu bütün dünyaya bəyan edir. Zəngəzur dəhlizi layihəsini müdafiə edən dövlətlər də bu gün kifayət qədərdir. Bu dövlətlər sırasında Rusiya, İran, Türkiyə, Gürcüstan, Azərbaycan var. Əgər Ermənistan da bu ideyanı müdafiə etsə, bütün kommunikasiyaların açılması təklifini qəbul etsə, o zaman bundan ən çox faydalanan ölkələrdən biri kimi, hazırkı acınacaqlı vəziyyətdən xilas ola, dağılmış iqtisadiyyatını bərpa edə biləcək. Bu gün buna ən çox ehtiyacı olan ölkə Ermənistanın özüdür. Lakin Ermənistan əgər revanşist düşüncələrlə hərəkət etsə, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu dəfə “dəmir yumruq” daha dəhşətli olacaq.