Tədqiqatçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin layihəsi çərçivəsində iki dildə – Azərbaycan və ingilis dillərində nəşr edilib. Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçilər professorlar Qasım Hacıyev və Mais Əmrahov, məsləhətçi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov, tərcüməçi Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.
Kitabda erməni Qriqorian kilsəsinin tarixi, erməni xalqının formalaşmasında bu kilsənin rolu, kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində bilavasitə iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən təkzibolunmaz faktlar təqdim edilib.
“Erməni terroru və Qriqorian kilsəsi” kitabının erməniliyi ifşa etmə istiqamətində ikinci kitabı olduğunu deyən müəllif, bundan əvvəl Azərbaycan və ingilis dillərində “Dünya soyqırımları tarixi” adlı monoqrafik elmi işinin çap olunduğunu qeyd etdi. Bildirdi ki, son iki yüz il ərzində ermənilərin Cənubi Qafqazda və Türkiyədə aktivləşməsinin səbəbləri sırasında Qərbin və Çar Rusiyasının onlara fövqəladə şəkildə dəstəyi inkaredilməzdir, ancaq onların milli-identifik cəhətdən təşkilatlanmasının kökündə əsas amil kilsə faktorudur. “Erməni kilsəsi bir növ, erməni milli düşüncə mərkəzidir, erməni irqçi-şovinist identifikasiyasının bazisidir. Biz həmişə probleminin üstünə gedirik, amma problemin mənbəyini, kökünü araşdırmırıq. Əslində, problemin kökünə enəndə erməni kilsə xadimlərinin, yepiskoplarının, arxiyepiskoplarının zaman-zaman istər Səfəvilər, istər də Osmanlılar ərazisində separatçı fəaliyyətini müşahidə edə bilərik.“
Ermənilərin eyni zamanda bir neçə cəbhəyə çalışmasından danışan müəllif, onların öz məqsədlərinə çatmaq üçün imperiyaların əlində bir vasitə olmağı seçmələri və bunu da müvəffəqiyyətlə icra etmələrini qeyd etdi. “Ermənilərdə iki katolikosluq mövcuddur: biri Ermənistandakı Eçmiədzin (Üçkilsə), o biri isə Antilyasda (Livanda şəhər – red.) yerləşən Kilikiya katolikosluğudur. Onların da hər birinin öz nüfuz dairəsi var.”
Müəllif bu kilsələr arasında güclü rəqabət olduğunu vurğulayaraq, Eçmiədzin katolikosluğunun nüfuz dairəsinə, əsasən keçmiş sovet post-məkanı, həmçinin bir sıra Avropa ölkələrində yerləşən yeparxiyaların, Kilikiya katolikosluğunun nüfuz dairəsinə isə Kipr, Suriya və Livandakı yeparxiyaların daxil olduğunu bildirdi.
Ermənilərdə dövlət və kilsə münasibətlərinə toxunan müəllif bunları qeyd etdi: “Dövlətin yaranmasına qədər keçilən bir yol var. Orada da kilsənin ortaya qoyduğu proqram var və o nəticə hasil olub. Amma dövlət yaranandan sonra, təbii ki, bu dövlətə dəstək lazımdır. Biz həmişə nə ilə öyünürük? Məsələn, Ermənistan ilə Azərbaycanı müqayisə edəndə, bizim tezislərdən biri budur ki, Azərbaycan öz hesabına ayaq üstədir, ölkəmiz öz diasporuna dövlət səviyyəsində dəstək verir, amma Ermənistan dövləti isə ianələr hesabına yaşayır. Ermənistan Respublikasının heç bir təbii sərvəti yoxdur və insan resursları da azalmaqda davam edir. Lakin Ermənistanı ayaq üstə saxlayan imperialist dövlətlərin maraqları və onların maşaları olan erməni diasporu, lobbisidir”.
Müəllif bildirdi ki, erməni lobbisi və diasporu başqa ölkələrin vətəndaşları olduqları üçün hansısa mərkəzdə birləşməlidirlər və mütləq onların dini hisslərindən siyasi məqsədlər üçün istifadə edən bir qüvvə olmalıdır ki, bunu da erməni kilsəsi uğurla yerinə yetirib və yetirir.
Kitabda Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib.
Bundan başqa, son yüz ildə, “Nemezis” əməliyyatı da daxil olmaqla, kilsənin separatçılığa verdiyi “töhfələr” işıqlandırılıb. Müəllif qeyd etdi ki, “Nemezis” əməliyyatı bir çox tarixi kitablarda sadəcə, Türkiyə və Azərbaycan dövlət xadimlərinə qarşı planlaşdırılmış lakonik bir əməliyyat kimi götürülür. “Əslində, onu “Nemezis” terror hərəkatı kimi qeyd etmişəm. Çünki bu bir hərəkat idi. Bu hərəkat nəticəsində minlərlə insan: dövlət xadimləri, ictimai-siyasi xadimlər həyatını itirib. Hətta tərəf tutmayıb obyektiv mövqe ortaya qoyan insanlar da aradan götürülüb. “Nemezis” terror hərəkatının hədəfləri daxilində erməni yepiskopları, mütərəqqipərvər insanları belə olub. Onların cinayətlərinə imza atmayanlar da hədəf götürülüb.” ABŞ-da erməni kilsəsinin arxiyepiskopu olan Gevond Turyanı misal göstərən müəllif bildirdi ki, kilsənin iç üzünü açan, onu xəyanətdə günahlandıran bu kilsə xadimi 1933-cü ildə erməni daşnakları tərəfindən “Nemezis” əməliyyatı nəticəsində qətlə yetirilib.
Müəllif hesab edir ki, bu terror dalğasının kökündə həmçinin, dırnaqarası erməni ziyalıları və onların təbliğatları durub və ermənilərdə separatçılıq, terrorçuluq kimi hissləri körükləyənlər həmin bu dırnaqarası ziyalılar və erməni kilsəsi olubdur.
Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub.
Hazırladı: Mehman İbrahimov, 1905.az