Andronik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb, hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub.
Öz xasiyyətində dığaları başına yığıb külli miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Məsələ belə qoyulmuşdu ki, erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində Türkiyənin Şərqi Ərzurum, Sarıqamış, Qars və Van gölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib “Böyük Ermənistan” yaradacaq və Andronik də oranın hökmdarı olacaq.
Andronik 1912-1914-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-1915-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Türkiyə ərazisində erməni könüllülərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurum vilayətlərində vuruşur və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini, general Haratovun geri çəkildiyini görüb rusların silah-sursatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə yaradan daşnak Andronik “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, “Məni Naxçıvana rəhbər təyin ediblər”. Andronik S.Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun hu hərəkətləri, fəallığı S.Şaumyana xoş təsir bağışlayır və Androniki “xalq qəhrəmanı” adlandırır. O, bolşevik lideri V.İ.Leninə belə bir teleqram vurur: “Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır”.
Teleqram V.İ.Leninə çatar-çatmaz daşnaka “əlavə kömək” təşkil edilir. Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun 1965-ci ildə mənə danışdıqlarından: “Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Ordubad rayonun Tivi kəndindən Süleyman adlı bir nəfər var idi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfəri baŞına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bütöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına düşür. Türk qoşununun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir və ildırım sürəti ilə dağlara çəkilir. Bu quldur dəstə Sisyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsirvaz, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın “dostu” Hayrik adlı erməni yaşayır. Andronik Hayriki ələ alır. Hayrikin qonağı olan Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstə üzvlərinin boyunları vurulur. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına görə fərqinə varmadan güllələmiş, Yayıcı kəndinin 2500 nəfər əhalisini qılıncdan keçirib meyitləri Araz çayına atmışlar.
Ümumiyyətlə, Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi, daha böyük faciələr olardı…
Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq etmişdir.
Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar ki, Andronikin dəstəsi – Bazaçay boyunca yerləşən Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub, əhalini qırıb.
Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıdıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Sonra qəddar ermənilər məscidin damını söküb, içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüblər. Bakıda, Şamaxıda olduğu kimi, insanları ən çox Allah evlərində – məscidlərdə məhv edirdilər…
“Erməni xəyanəti: terror, soyqırım və deportasiya siyasəti” (“Avropa nəşriyyatı servis” MMC, 2009) kitabından