
Noyabrın 18-də Ankarada Axısqa türklərinin hüquqi və sosial problemlərinə həsr olunmuş II Beynəlxalq Simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, Mturok-Axısqa deportasiyasının 80-ci ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarları arasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Koordinasiya və Əməkdaşlıq Agentliyi (TİKA), Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Fondu və Dünya Axısqa Türkləri Dərnəyi yer alıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyinin dəstəklədiyi təşəbbüs çərçivəsində 6 ölkədən millət vəkilləri, alimlər, siyasətçilər və ekspertlər dünyanın 9 ölkəsində yaşamağa məcbur edilən yarım milyondan çox etnik Axısqa türkünün vəziyyətini müzakirə ediblər.
Tədbirdə İosif Stalinin 14 noyabr 1944-cü il tarixli Axısqa türklərinin deportasiyası haqqında qərarı ilə bağlı problemlər və çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin Giresun Universitetinin professoru Yalçın Sarıkaya xatırladıb ki, 80 il əvvəl on minlərlə Axısqa türkü “ölüm qatarı” deyilən qatarlarla sürgün edilib. Alim bildirib ki, sürgün edilənlərin bəziləri mal-qara maşınında hərəkət edərkən aclıqdan və ya təyinat yerinə çatdıqdan az sonra xəstəlikdən ölüblər.
“Axısqa türklərinin bəlaları bu bölgənin çar Rusiyası tərəfindən Osmanlı dövlətindən qoparılmasından sonra başlayıb. Etnik Axısqa türkləri tədricən öz torpaqlarını tərk etməyə başladılar, ardınca 1944-cü il deportasiyası, eləcə də Fərqanə hadisələri baş verdi”, – deyən alim Özbəkistandakı etnik toqquşmaları Mərkəzi Asiyada etnik zəmində ədavətin süni şəkildə təbliği cəhdlərinin nəticəsi adlandırıb.
O, Ermənistanın təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq, Axısqa türklərinə qapılarını açan Azərbaycanın mövqeyini yüksək qiymətləndirib: “Axısqa türklərinə dəstəyə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarıq”, -deyə Türkiyə universitetinin müəllimi vurğulayıb.
Professor qeyd edib ki, Axısqa türklərinin bir çoxu bu gün ABŞ, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Ukraynada öz milli kimliklərini qoruyub saxlamağa çalışaraq tarixi torpaqlarından uzaqda yaşayır.
Giresun Universitetinin professoru Gürcüstan hakimiyyətini etnik türklərin öz doğma torpaqlarına qaytarılması prosesinə hər cür töhfə verməyə çağırıb.
Daha sonra çıxış edən Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Zakir Avşar qeyd edib ki, Axısqa türkləri deportasiya dövrünün iztirablarını və dəhşətlərini yaddaşlarından hələ də silə bilmirlər. O bildirib ki, bu insanlar Qafqaz regionundan zorla qovulmuş xalqlar arasında heç vaxt öz doğma torpaqlarında öz hüquqlarını tam bərpa edə bilməyən yeganə xalqın nümayəndələri olaraq qalırlar.
Zakir Avşar Azərbaycanın Axısqa türklərinin dəstəklənməsində xidmətlərini xüsusi qeyd edərək, ötən əsrin 90-cı illərində Orta Asiyadan gələn hər kəsə qapıların məhz Bakıda açıldığını xatırladıb. “Axısqa türklərinin torpaqları tarixi proseslər nəticəsində ölkəmizin hüdudlarından kənara çıxan Anadolunun bir parçasıdır”, -deyən professor Türkiyə ictimaiyyətinin öz soydaşlarını heç vaxt unutmadığına diqqət çəkib.
O, Axısqa türkləri mövzusunda çoxsaylı sənədli və bədii filmlər, kitablar, məqalələr və Türkiyə mətbuatında yer alan xəbərləri xatırladıb.
Qalatasaray Universiteti Hüquq fakültəsinin müəllimi, professor Akif Emre Öktem Axısqa türklərinin deportasiyasının hüquqi tərəflərindən danışıb. O, beynəlxalq hüququn etnik Axısqa türklərinə öz tarixi torpaqlarına qayıtmaq hüququ verdiyini vurğulayıb.
Akif Emre Öktem qeyd edib ki, Gürcüstan keçmiş sovet respublikası kimi SSRİ-də törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması üçün də məsuliyyət daşıyır.
“Beynəlxalq hüquqa görə, etnik Axısqa türkləri əvvəlcə Gürcüstanın daxili məhkəmələrinə müraciət etməlidirlər. Əgər iddia müəllifləri Gürcüstan məhkəmələrində istədiklərinə nail olmasalar, beynəlxalq məhkəmələrin mexanizmindən istifadə olunacaq. Bu çətin prosesdir, lakin başqa seçim yoxdur”, – deyən professor Türkiyənin bu insanların hüquqlarının bərpası üzrə mübarizəni davam etdirəcəyini bildirib.
O vurğulayıb ki, məhkəmələrin keçirilməsində məqsəd məsələni siyasiləşdirmək və Gürcüstan hakimiyyətinə təzyiq göstərmək deyil, Axısqa türklərinin öz vətənlərinə qayıtması üçün onların qanuni hüquqlarını təmin etməkdir.
Milli Məclisin deputatı Fazil Mustafa Axısqa türklərinə dəstək məsələsində Azərbaycanın yürütdüyü siyasətdən danışıb, bu insanların Gürcüstana qaytarılması yolları ilə bağlı fikirlərini bölüşüb.
Onun fikrincə, Axısqa türklərinin tarixi hüquqlarını bərpa etməyin yollarından biri də insanların sonradan öz doğma torpaqlarına qayıtması ilə Gürcüstanda daşınmaz əmlak əldə etməkdir.
Beynəlxalq simpoziumun yekunu olaraq Axısqa türklərinin hüquqlarını dəstəkləyən birgə Bəyannamə qəbul edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara