
Dekabrın 12-də Ankarada Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) “Şuşa” mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə təşkilati dəstəyi TADİV, ölkəmizin Ankaradakı səfirliyi və “Təbəssüm” İctimai Birliyi göstərib.
Tədbirdə Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndələri, Böyük Millət Məclisinin üzvləri, Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, Ankaranın müxtəlif təhsil müəssisələrinin, o cümlədən Heydər Əliyev adına orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbir Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi ilə başlanıb.
TADİV-in rəhbəri professor Aygün Attar çıxışında rəhbərlik etdiyi təşkilatın 28 il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə yaradılmasından qürur duyduğunu bildirib. Professor Azərbaycanın dövlətçilik memarının taleyüklü rolunu xüsusi vurğulayıb və Heydər Əliyev kursunun bütün Türk dünyası üçün bələdçi olaraq qaldığına əminliyini ifadə edib.
Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Heydər Əliyevi Türk dünyası tarixinin ən mühüm liderlərindən biri adlandırıb. Türkiyəli deputat “Bir millət, iki dövlət” kəlamının müəllifi ilə şəxsi görüşlərindən danışıb. “O, ölkəsini dərindən sevən əsl vətənpərvər idi. Heydər Əliyev geniş dünyagörüşünə malik bir insan idi, Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün irsi ilə də yaxşı tanış idi”, – deyə parlament qrupunun rəhbəri bildirib.
Şamil Ayrım gəncləri dahi Heydər Əliyev və Mustafa Kamal Atatürkün ideyaları ətrafında birləşməyə çağırıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyini ölkə üçün çox çətin bir dövrdə xilas edən tarixi roluna diqqət çəkib: “Ümummilli Lider Heydər Əliyevin sayəsində ölkəmiz dirçəldi, inkişaf yoluna çıxdı, beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Heydər Əliyevin bütün siyasəti Vətənin gələcəyinə töhfə verməyə hesablanmışdı”, – deyə diplomat bildirib.
Türkiyə XİN-in nümayəndəsi, səfir Ayşe Üzer Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə çıxış etməkdən qürur duyduğunu deyib. “Heydər Əliyev Türkiyə–Azərbaycan münasibətlərinin inkişafında böyük rol oynayan dahi lider idi. ölkələrimiz arasında münasibət bütün dünya üçün qardaşlığın sarsılmaz nümunəsidir”, – deyə diplomat vurğulayıb.
A.Üzer qeyd edib ki, Ankara və Bakı arasındakı əməkdaşlıq yalnız çoxsaylı proqram və layihələrin uğurla həyata keçirilməsində deyil, həm də dünyanın müxtəlif bölgələrində reallaşdırılan təşəbbüslərdə öz əksini tapır.
Tədbir çərçivəsində Türkiyənin müxtəlif təhsil müəssisələrinin şagirdləri, eləcə də Azərbaycandan və digər ölkələrdən olan və Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və idman yarışlarında fərqlənmiş tələbələr mükafatlandırılıb.
Türkiyəli yazıçı Ülkü Karacanın Türk dünyasında vəhdət və həmrəylik mövzusuna həsr olunmuş uşaq kitabları təqdim edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









