Aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran dövlət başçılarının sammiti keçirilib. Qeyd edək ki, ilk üçtərəfli sammit 22 noyabr 2017-ci il tarixdə Soçidə keçirilmişdi. O vaxt üç ölkənin dövlət başçıları Suriya münaqişəsinin həlli yollarını müzakirə etmiş, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxmış və terrorizmlə mübarizədə əməkdaşlıqla bağlı razılığa gəlmişdilər.
Ankaradakı danışıqların gedişində üç ölkə lideri Suriyada konstitusiya islahatlarının keçirilməsini, Suriyanın bütün ərazisində atəşin dayandırılmasına çağıran BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi ilə bağlı müzakirələr keçiriblər. Müzakirələrdən sonra prezidentlər bəyanatla çıxış ediblər.
“İran İslam Respublikasının nöqteyi-nəzərindən Suriya məsələsi hərbi yolla həll edilə bilməz, Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. Biz Suriyada müharibənin dayandırılması ilə bağlı səy göstərməliyik, sülh prosesinə davam etməliyik ki, qaçqınlar öz evlərinə qayıda bilsinlər”, – Ruhani söyləyib.
Danışıqların nəticəsinə əsasən Vladimir Putin bildirib ki, sammitdə iştirak edən dövlətlərdə sübutlar var ki, Suriyadakı silahlı dəstələr zəhərli maddələrdən istifadə etməklə, bu ölkədə yeni təxribatlara hazırlaşırlar. Rusiya Prezidenti müzakirələri konstruktiv adlandırıb və bildirib ki, bu ölkələr yaranmış şəraiti nizamlamaq üçün yeni addımlar atacaqlar.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə münaqişə bölgəsində gərginliyin azaldılması ilə əlaqədar öhdəliklərinə səylə əməl edir. Onun sözlərinə görə, “Zeytun budağı” əməliyyatı dövründə Türkiyə 3 mindən artıq terrorçunu məhv edib və bubnunla göstərib ki, terrorçulara qarşı hər bir dövlətdən daha artıq mübarizə aparır.
Qeyd edək ki, sammitdən bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyadan Amerika qoşunlarını çıxaracağını bildirmşdi.
ABŞ-ın Suriyadan qoşunlarını çıxaracağı vədi fonunda Türkiyə, Rusiya və İran prezidentlərnin görüşləri Suriyay sülh gətirəcəkmi və üç prezidentin görüşünü necə dəyərləndirirsiniz, sualı ilə politoloqlara müraciət etdik.
Cavid Vəliyev bildirdi ki, üçlü bəyyannamədə əldə olunan razılığa əməl olunsa, uğurlu nəticə əldə edilə bilər. Bununla yanaşı politoloq terror təşkilatları barəsində üç dövlət arasında fikir ayrılığının hələ də davam etdiyini vurğuladı: “Bu üçlü zirvənin iki ayağı var: birincisi, Türkiyə-Rusiya münasibətlərində yaşanan hadisələr. Rusya Federasiyasında keçirilən prezident seçkilərindən sonra Vladimir Putin ilk xarici səfərini Türkiyəyə etdi. Bu səfər həm də Qərb dövlətlərinin rus diplomatlarını öz ölkələrindən çıxartdığı bir dövrə təsadüf etdi. Türkiyə Qərbin bu addımına dəstək vermədiyi kimi, belə bir dövrdə Putini qəbul edərək Ağquyu Atom Elektrik Stansiyasının əsasını qoydu. Atom Elektrik Stansiyasına Türkiyə olduqca əhəmiyyət verir. Bunun iki səbəbi var: 1. Türkiyə artıq atom enerjisinə sahib dövlətlərlə eyni gücdə olacaqdır. Bu Türkiyə üçün ciddi bir prestijdir. İkincisi, Türkiyə Ağquyu Atom Elektrik Stansiyasının tam işə düşməsi ilə birlikdə enerji ehtiyacının 10 %-ni burdan qarşılayacaqdır. Bilirsiniz ki Türkiyənin enerji ehtiyatları öz ehtiyacını qarşılamağa bəs etmir. Türkiyə hökuməti Ağquyunun tam işə düşməsi ilə birlikdə ölkənin xarici enerji ehtiyatlarından asılılığının azalacağını düşünür. Bundan başqa hal-hazırda Rusiyanın dəyişik universitetlərində 200-dən çox türk mühəndis atom texnologiyası sahəsində təhsil alır və gələcəkdə Türkiyənin öz atom texnologiyasının inkişafında rol oynayacaqlar. Əlbəttə, Rusiya da bu əməkdaşlıqdan pul qazanır. Xüsusilə Qərb tərəfindən sanksiyaların tətbiq olunduğu bir dövrdə. Bütün bunlara baxmayaraq Türkiyə-Rusiya münasibətlərində viza məsələsi, meyvə-tərəvəz ixracına qoyulan kvota kimi məsələlərdə fikir ayrılığı davam edir. Hazırda iki dövlət arasında münasibətlərin yaxşı olmasının həm ikitərəfli səbəbləri var, həm də Qərb dövlətlərinin hər iki dövlətə qarşı keçirdiyi siyasətin rolu. Bu siyasət İranın da Rusiya və Türkiyə ilə birlikdə hərəkət etməsinə səbəb oldu. Belə ki, bir zamanlar Suriyada rəqabət edən bu üç dövlət indi əməkdaşlıq edir. Bu üçlü görüş ABŞ Prezidenti Donald Trampın “Suriyadan qoşunlarımızı çəkirik”, açıqlamasını etdiyi bir dövrə rast gəldi. Türkiyədəki son üçlü görüşdə qəbul olunan ortaq bəyannamədə iki məsələdə razılığa gəlindi ki, məncə, bu razılığa əməl olunsa, uğurlu nəticə əldə ediləə bilər. Bu iki məsələ Suriyanın ərazi bütövlüyünü qorumaq prinsipi və etnik və dini çoxluğu nəzərə alacaq şəkildə ölkənin idarə şəklini müəyyənləşdirməkdir. Lakin burada terror təşkilatları barəsində üç dövlət arasında fikir ayrılığı hələ də davam edir. Amma Türkiyə üçün əsas olan Rusiya və İranın Türkiyənin PKK terror təşkilatının Suriyadakı qolu olan YPG/PYD-yə qarı mübarizəsinə dəstək verməsidir. İran əvvəllər buna qarşı çıxsa da, dəstək vermək məcburiyyətində qaldı. Türkiyə eyni zamanda Rusiyadan da ciddi dəstək aldı. Türkiyə bu iki dövlətin dəstəyini alaraq Münbiç və İraqdakı Sincar bölgəsindən terror təşkilatlarını təmizləmək istəyir”.
Tofiq Abbasov ABŞ Prezidentinin vədinə inanmır və ABŞ-la üçlüyün mövqelərinin haçalandığını qeyd edir: “Trampın vədi hələ qoşunların Suriyadan çıxmasına zəmanət vermir. Əksinə, qoşunlar oradan çıxmayacaqlarını bəyan ediblər. Yəni, hərbi komandanlıq vəzifələrin tam yerinə yetirilməməsini vurğulayır. Odur ki, bu vəd nisyə söhbətdir. Trampın Kim Çen Inla görüşəcəyi də bu qəbildən vədlərdəndir. Rəsmi Vaşinqton ilk gündən qarşısına qoyduğu məsələni axıracan həll etmək əzmindədir. Söhbet Bəşər Əsədin hakimiyyətdən getməsindən, Suriyanın parçalanmasından gedir.
Üç prezidentin görüşünə gəldikdə isə bir məqam son dərəcə vacibdir. Terror dəstələri hələ də Suriyanın ərazisinin 5% -nə nəzarət etməkdə davam edir. Əgər Ankara, Moskva və Tehran qalıq dəstələri məhv edib, döyüşlərin nöqtəsini qoya bilsələr, onda Astana formatı sınaqdan qalib çıxacaq. Yox, əgər bu baş verməsə, onda Cenevrə elçiləri təşəbbüsü ələ keçirə biləcəklər. Bu zəmində də Amerika ilə üçlüyün mövqeləri haçalanır. Diplomatik məharət baxımından kimin daha təpərli olmasını isə yaxın gələcək mütləq göstərəcək”.
Zaur Məmmədov Türkiyə ilə Rusiya arasında yaxınlaşma sayəsində bir sıra məslələrdə Tehranın da Ankara güzəştə gedəcəyi ilə nəticələnəcəyini söyləyir: “Bu görüş Soçi görüşünün davamıdır. Suriya məsələsi ən çox bu ölkələr üçün həssas məsələdir. Çünki, rejimlərin davamlılığı, ölkələrin sabahkı inkişafı məhz Suriyadan asılıdır. Bu görüşdə tərəflərin razılaşdırmadığı məsələlər müzakirə ediləcək, Suriyanın ayrı-ayrı bölgələrinin bu üç ölkə arasında nüfuz dairələrinə bölünməsindən söhbət gedəcək. Türkiyə ilə Rusiya arasında yaxınlaşma avtomatik olaraq İranın Ankara ilə razılaşmadığı məsələlərdə ikinciyə güzəştə getməsi ilə nəticələnəcək”.
Nəzakət Məmmədova üç prezidentin görüşünün Suriyaya sülh gətirəcəyini düşünməyin hələ tez olduğunu hesab edir: “Fikrimcə, üç prezidentin görüşünün yaxın zamanda Suriyaya sülh gətirəcəyini düşünmək hələ tezdir. Gördüyümüz kimi, ABŞ və bəzi Qərb ölkələri buna çox güclü müqavimət göstərirlər. ABŞ-ın öz qoşunlarını çıxaracağını bəyan etməsindən sonra Fransanın təşəbbüsü ələ almaq cəhdləri buna misal ola bilər. Elə Qərb ölkələrinin, ABŞ və Avropanın Rusiya diplomatlarını çıxarması, onu beynəlxalq qalmaqalla üz-üzə qoymasının əsas səbəbi də Rusiyanın Suriya məsələsində tutduğu mövqe, onun hazırda Qərblə münasibətləri gərgin olan Türkiyə və İranla eyni mövqedən çıxış etməsidir. Lakin prezidentlərin görüşü bir daha göstərdi ki, Türkiyə, Rusiya və İran Suriyanın bölünməsi ilə barışmaq fikrində deyillər və Qərbin planlarına güclü müqavimət göstərəcəklər. Məsələn, İran prezidenti Ruhani bəyan edib ki, bölgənin coğrafi konfiqurasiyası dəyişməməlidir, Amerika və İsrailin Suriyanı bölməsinə icazə verilməyəcək. Ərdoğan və Putin də Suriyanın bölünməsinə qarşı olduqlarını bəyan ediblər. Burada tək fikir ayrılığına səbəb olan məsələ Rusiya və İran prezidentlərinin Əsədi prezident kimi görmək istəməsi, Türkiyənin isə onu devirməyə çalışan qiyamçıların tərəfində olmasıdır. Qalan digər prinsipial məsələlərdə razılıq əldə olunduğunu demək olar. Güman etmək olar ki, Rusiya, Türkiyə və İran Astana prosesinin iştirakçıları kimi Suriyaya dair danışıqları davam etdirəcəklər. Onlar BMT-nin himayəsi altında keçirilən Cenevrə danışıqlarına alternativ olaraq bu danışıqlar prosesini davam etdirəcək və Suriyanın gələcək taleyini özlərinə uyğun şəkildə həll etməyə çalışacaqlar.”
Gündüz Nəsibov,
1905.az