– Sədaqət xanım, əsl sənətçilərlə yanaşı özünü müğənni, sənətçi hesab edənlərin sayının durmadan artdığı dövrdə musiqiyə, sənətə hörmət azalmayıb ki?
– Mən deyərdim ki, əksinə, musiqiyə hörmət daha da artıb, amma sənət anlayışı arxa planda qalıb. İndiki dövrdə sənətçi olmaq üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur. Bir neçə uğurlu mahnı, video –çarx, bir neçə veriliş və sən də artıq sənətdəsən. Elə asan olduğu üçün də hamı müğənni olmaq istəyir, səsi olan da, səsi olmayan da. Əslində bu çox acınacaqlı bir haldır. Gündən-günə sayı artan musiqili tele-layihələr bir daha sübut edir ki, asan yolla pul qazanmaq üçün gərək müğənni olasan. Təəssüf ki, indiki dövrdə musiqiyə yalnız qazanc obyekti kimi baxılır, sənət kimi yox.
…GÖZƏL BİR QƏLƏBƏ MARŞI YAZARDIM
– “Sənətdə ən böyük arzum budur ki, Qarabağda – Cıdır düzündə Koroğlunu oynayım. Mən and içmişəm ki, Qarabağda atın belində canlı olaraq, mikrofonsuz, orda ət bişə-bişə, qoyun təmizlənə-təmizlənə mən də Koroğlunu ifa edim.”
Bu sözlər Musiqili Komediya Teatrının solisti, vokalçı Ramil Qasımovun xeyli müddət öncə zerdab.com resursunda dərc edilmiş müsahibəsindən götürülüb. Sənətçilərimizin belə arzularına münasibətiniz necədir?
– Bilirsiniz, bu qəbildən olan arzular bir çox sənətçinin dilindən səslənib. Qarabağ bizim ən ağrılı yerimizdir. Damarlarında azərbaycanlı qanı axan hər bir kəs Vətəninin hər bir qarışı üçün canından keçməyə hazır olmalıdır. 1992-ci ildən biz bu ağrı ilə yaşayırıq, hələ bundan sonra nə qədər də yaşayacağıq biz Allah bilir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də torpaqlarımızın tezliklə işğaldan azad olunmasını istərdim və əlimdən musiqi bəstələmək gəlirsə, gözəl bir Qələbə marşı yazardım. Hər kəs sevincini bir cür ifadə edir, mən də belə ifadə edərdim.
İLHAM PƏRİLƏRİM MƏNƏ YENİ BİR MAHNI YAZMAĞA HƏLƏ Kİ, KÖMƏK ETMİRLƏR
– Sədaqət Rəşidqızının yaradıcılıq işləri nə yerdədir? Nə edirsiniz?
– Uzun illər televiziyada çalışmışam, bunu bilirsiniz. Ən son layihəm də ANS kanalında rəhbərlik etdiyim “Qadın saatı” adlı tok-şou idi. 2 illik fasilədən sonra yenidən televiziyaya yeni bir layihə ilə dönmək fikrindəyəm. Yəqin ki, bu yay aylarında olacaq. Veriliş haqqında çox danışmaq istəmirəm, çünki, düşər-düşməzi ola bilər. Amma onu deyə bilərəm ki, hər kəsi maraqlandıran bir veriliş olacaq. Uzun illərdən sonra yenidən aparıcı qismində efirdə görünəcəyəm. Ümir edirəm ki, hazırladığım layihə çoxlarının ürəyincə olacaq.
Mahnı bəstələməyə gəldikdə isə, hələlik bir yenilik yoxdur. İlham pərilərim mənə yeni bir mahnı yazmağa hələ ki, kömək etmirlər (gülür) Düşünürəm ki, bu müvəqqəti haldır. Bildiyiniz kimi 2015-ci ildə Bakıda yay olimpiya oyunları keciriləcək. Bu mötəbər yarışmaya idmançılarımızı ruhlandıracaq bir himn bəstələmək niyyətim var. İnşallah, bir neçə aydan sonra bu işlə tam ciddi məşğul olmağa başlayacağam. Mən idmanı çox sevirəm və ümidvaram ki, bəstələdiyim musiqi ilə gənclərimizin idmana marağını daha da artırmış olacağam.
-1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– İşinizdə yalnız professional jurnalistlərin əməyindən istifadə edin. Bu gün bzim peşəkarlara çox ehtiyacımız var. Oz adımdan isə mənim personama diqqət ayırdığınız üçün təşəkkür edirəm.
– Minnətdarıq Sizə.
1905.az