Qonaqlarımız jurnalistlər Aida xanım Eyvazlı və Anar Kəlbiyev idi. Aprel döyüşlərinin qəhrəmanlarından danışdıq.
Fuad Babayev: Aprel döyüşlərinin və o döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın xatirələrinin əbədiləşdirilməsi üçün ən əməli iş görən insanlar sırasında jurnalistlər şərəfli yer tuturlar. Mən xüsusi olaraq Aida xanımın fəaliyyətini qeyd etmək istərdim. İndi aprel döyüşlərindən iki ildən artıq vaxt keçir. Hansı məqamlar daha çox yadınızda qalıb? O təəssüratlardan, əhvali-ruhiyyədən ilk növbədə yada düşən nələrdir?
Aida Eyvazlı: Mən aprel döyüşlərinin iki illiyi münasibətilə kitabımın ikinci cildini də çıxartdım – “Qalibiyyət, şahidlər və şəhidlər”in ikinci cildini. Ancaq inanın ki, açdığım ilk qapıdan bu günkü günə, ən son döydüyüm qapıya qədər, bunların hamısı böyük bir təəssürat idi. Şair kimi analar gördüm, oğullarının ölümündən sonra filosofa dönən analar gördüm. Dilləri açılmışdı, elə danışırdılar ki. Atasının gəlişini gözləyən uşaqlar gördüm. Atasının adı çəkiləndə polkovnik Vüqar Yusifovun qızları qaçıb gizlənib, gizlin-gizlin bir kənarda ağlayırdılar. Altı, yeddi yaşları var. Ağrılı məqamlar çox oldu. Hərdən yadıma düşür o məqamlar, gözlərim dolur, o kitabı yazdığım müddətdə saçlarım ağardı. Yazıb gəlirdim, otururdum, bu dəfə düzəliş aparanda ağlayırdım. Oturub, hönkür-hönkür ağlamışam öz yazılarıma. Zaman–zaman yadımdan çıxırdı yazdıqlarım. Yaxşı ki, unudurammış, təzə mövzunu yazanda əvvəlkinə oxşamırdı. Kitaba baxanda görərsiniz, biri o birinə bənzəmir yazıların. Hərəsinin öz taleyini yazmışam. Elə jurnalistlərimiz də var ki, başqa məqsədlə gedirlər, üç manat, beş manat alırlar şəhid ailələrindən. Şəhid ailələrindən pul alanların hamısının adlarını yazmaq lazımdır. Bir şəhid ailəsinə gedəndə atası götürüb mənə də pul verdi. Soruşuram ki, nə üçün mənə pul verirsiniz? Deyir ki, bəs o boyda yolu əziyyət çəkib gəlmisiniz. Dedim, heç etdiyiniz işdən utanırsınız. Deyir, nə edim, ay bacı. Bəs sən mənim oğlumun adına gəlmisən. Həmin vaxt orada bir telekanalın əməkdaşları da vardı, onlar həmin atadan pullarını aldılar. Tovuzda bir dördlük var – iki qadın, iki kişidir. Bunlar düşüblər Şəmkir-Tovuz bölgəsindəki şəhid ailələrindən xeyli pul yığıblar ki, guya jurnal buraxırlar, jurnalistdirlər. İndi o jurnalın şəklini mənə çəkib, göndərəcəklər. Yalnız Vaqif Bayramovun ailəsindən 490 manat pul alıblar. Deyir, gətirib jurnalı da verdi, baxdıq ki, eyni yazılardır, sadəcə adları dəyişiblər. Bir dəfə Facebook səhifəmdə də yazmışdım, onlar sonra da çıxıb yollarda kabab yeyirlər, şəhid ailəsindən aldıqları pulla.
Fuad Babayev: Aida xanım, biz bu detala hökmən toxunacağıq, bu, birmənalıdır. Amma əsas maraqlı olan budur ki, onlarla şəhid ailəsində oldunuz, neqativ hallara az rast gəlmisiniz.
Aida Eyvazlı: Bəli, neqativ azdır. Hamısı bir söz dedi ki, biz yenidən döyüş istəyirik, oğlumuzun qanını almaq istəyirik. Təsəvvür edin ki, xalqın birliyi, xalqın bu boyda dəstəyi oldu o şəhidlər dəfn olunanda. Evlərinə o qədər adam gəldi, getdi və onlar məhz bunun sayəsində ayaqda durmağı bacardılar. Bayrağımız, bu gün yüz illiyini qeyd etdiyimiz həmin gözəl bayrağımız onları ayaqda saxladı.
Fuad Babayev: Anar müəlim, bu mövzu ilə bağlı Sizin fikirlərinizi dinləyək.
Anar Kəlbiyev: Mən də təşəkkür edirəm Sizə belə bir söhbəti təşkil etdiyiniz üçün. Düzdür, Aida xanımın bu sahədə yazıları çoxdur, kitab buraxıb, aprel döyüşlərində şəhid olanların hər birinin ailəsində olub. Biz də müəyyən qədər olmuşuq ailələrdə. Aida xanım qədər olmasa da, bir çoxlarının evlərində olmuşuq. Yəni doğrudan da həmin ailələri ziyarət edirlər və bunun sayəsində onlar özlərini tək hiss etmirlər. Aida xanımın qeyd etdiyi kimi, bu ailələr əlbəttə döyüş istəyirlər, övladlarının qanının alınmasını istəyirlər. Neqativlər doğrudan da az idi. Amma bu gün bəzi QHT rəhbərləri, insanlar var ki, bu şəhid ailələrinin hesabına özlərini reklam edirlər. Hətta deyərdim ki, onların hesabına pul qazanmağa çalışırlar. Əslində isə belə olmalı deyil. Yəni şəhidin təbliğatı mənəvi borcdur və hər kəs bunu etməlidir. Kimsə burda qazanc güdməli deyil. Aida xanımla razılarşıram ki, belə insanlar var və aprel döyüşlərindən sonra daha da üzə çıxdılar. Əslində dünənə qədər də bizim Qarabağ döyüşündə şəhidlərimiz olmuşdu. Lakin heç bu qədər təbliğ olunmurdular. Aprel döyüşlərindən sonra isə bu sahədə canfəşanlıq göstərənlər meydana çıxdı. Bir daha təkrar edirəm ki, şəhidlərimizin təbliği yalnız mənəvi borcumuz olmalıdır.
Fuad Babayev: Aida xanım iki gözəl kitab təqdim etdi. Yazı yazandan sonra insanda bir ümumiləşdirmə, hansısa nəticələrə gəlmə ehtiyacı yaranır. Aida xanım, bilidiyimə görə, aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir təşkilat qurmusunuz. O barədə bir az danışaq.
Aida Eyvazlı: Mən hələ ikinci, üçüncü şəhid ailəsində olanda fikirləşirdim ki, bunların xatirəsini əbədiləşdirmək lazımdır. Yəni bir kitabla bitməyəcək. Kitabım yazılacaq, qapılar isə ola bilsin ki heç açılmasın. Ailələlər də yaddan çıxsın. Həmin ailələrdə o qədər səmimiyyət gördüm, hamısı bir-birinə bənzəyir o ailələrin. Hamısı eyni sosial təbəqənin nümayəndələridir. Kasıb adamlardır. Ona da bir daha vaqif oldum ki, cəmiyyətimizdə hər cür adam var. Şəhidlərin eləsi də olub ki, ailəsi məhz onların maaşları hesabına dolanıb. Ailə o qədər kasıb olub ki, övladları hərbidə işləyəndən sonra başlamışdılar ev tikməyə özlərinə. Tikdikləri evlər, çəkdikləri hasarlar yarımçıq qalıb. Ömürləri yarımçıq qalıb. Fikirləşdim ki, belə bir təşkilat yarada bilərəm. Rəhmətlik polkovnik-leytenant Raqub Orucovun xanımı ilə tez-tez görüşürəm və ilk görüşümdə bir qəhrəman qadın obrazı yaratdım ondan. Fikirləşdim və bir gün söhbət edəndə o da dedi ki, belə bir təşkilat yaratmaq istəyir. Dedim, elə mən də istəyirəm. İndi deyirlər qeydiyyatdan keçib. Amma indiyə kimi xeyli tədbir keçirmişik.
Böyük, gözəl bir layihə etdik. Yeni ildə şəhid övladlarına hədiyyə aldırmışıq şəhidlərin dostlarına. Şəhidlərin dostları bizə çox kömək edirlər. Bu günə qədər də gedib şəhidlərin dostları onların ailələrini yoluxurlar. Təşkilatın yükü daha çox Sevinc xanımın üzərinə düşür. Onun həyat yoldaşı Raqub Orucov kəşfiyyat briqada komandiri idi. Sevinc xanım öz dərdlərini qoyub bir kənara, indi bir-bir o şəhid ailələrinin dərdləri ilə maraqlanır. Qazilər var, orduya gedib, gəliblər, yaralanıblar, bu gün onların müalicəsi ilə heç kim məşğul olmur.
Fuad Babayev: Yəni söhbət aprel döyüşlərində xəsarət alan adamlardan gedir?
Aida Eyvazlı: Bəli. Elşən Əzimov var, mənim onu müəlicə etdirmək üçün ağız açmadığım yer qalmayıb. Milli Məclisin deputatı, hörmətli Qənirə xanım zəng etdi, onu Respublika xəstəxanasına göndərdilər.
Anar Kəlbiyev: Sosial şəbəkədə bu fakt təbliğ edilirmi?
Aida Eyvazlı: Mən dedim ki, Aprel döyüşlərinin ildönümü ərəfəsində bu məsələni qabartmaq, erməniləri özümüzə güldürməkdir.
Anar Kəlbiyev: Bəzən bizdə elə olur ki, problem ictimailəşdirilmədikdə, kiməsə zəng etmək faydasız olur. Amma sosial şəbəkədə ictimailəşəndən sonra çarə daha tez tapılır.
Fuad Babayev: Mən tez-tez rast gəlirəm sosial şəbəkədə insanların öz uşaqlarının və ya yaxın adamlarının müalicəsi üçün ianə toplamalarına.
Aida Eyvazlı: Mən necə yazım ki, Lələtəpədə vuruşub, sağlamlığını itirmiş Elşən Əzimovun müalicəsi üçün pul yığırıq?
Anar Kəlbiyev: İanəni aidiyyatı qurumların diqqətini cəlb etmək üçün toplamaq olardı. Heç olmasa müalicə Müdafiə Nazirliyinin tabeliyindəki hospitalda aparılardı.
Aida Eyvazlı: Cəlilabaddakı hospitalın həkimi üzümə telefonu bağladı ki, mən çox danışıram.
Fuad Babayev: Həmin oğlan Cəlilabadda yaşayır?
Aida Eyvazlı: Cəlilabadda yaşayandır. Aidiyyatı üzrə ora göndərdilər. Respublika xəstəxanasında yatdı bu adam, bir dəfə MRT etmədilər. Adını qoydular ki, bu dəlidir, əsəb xəstəsidir. Bəs iki il ağrı çəkən adamın əsəbləri xəstə olmaz? Cəmiyyətdə özünə qarşı belə münasibəti görən adamın əsəbləri pozulmaz?
Anar Kəlbiyev: Həm də bu problemi döyüşdə qazanıb.
Aida Eyvazlı: Əlbəttə, döyüşdə qazanıb.
Fuad Babayev: Aida xanım, Aprel döyüşlərində nə qədər insan döyüşdə xəsarət aldı, şəhidlərimiz oldu və böyük coşqu ilə dəfn edildilər. Mənə elə gəlir ki, onların ailələrinə müəyyən müavinət də verilir, elə deyilmi?
Aida Eyvazlı: Ata-anaya 220 manat valideyn pulu verilir. Zabit ailələrinin xanımlarına şəhidin maaşı verilir. Mən bayaq dediyim kimi, ancaq o zabitlər, o hərbçilər idi evə pul gətirən. Bilirsiniz, o ailələr indi nə gündə yaşayır? Biz gedib baş çəkirik. Hamısı problem içindədir. İcra hakimiyyətləri var ki, ümumiyyətlə, şəhid ailəsini yada salmırlar.
Fuad Babayev: Belə deyə bilərikmi ki, şəhidlərin ailələri hər halda müəyyən bir müavinət alırlar. Amma qazilərin problemi daha ciddidir?
Aida Eyvazlı: Elə qazi var ki, 55 manat pensiya alır.
Fuad Babayev: Amma əmək qabiliyyətini də itirib.
Aida Eyvazlı: Əmək qabliyyətini də itirib.
Anar Kəlbiyev: Qarabağ veteranları da həmin pensiyanı alırdı, bunlar da bu gün iştirakçı kimi həmin pulu alırlar.
Aida Eyvazlı: Kəşfiyyatda xidmət etmiş, Talışda olmuş, Lələtəpədən beş, altı ay əvvəl keçirilən əməliyyatda sağlamlığın itirən adama 55 manat pensiya verirlər. Gedib, erməninin içinə, gəlib. Yəni əlilik pensiyası vermirlər, iştirakçı pensiyası alır.
Anar Kəlbiyev: Qazilərdən bəziləri var, düzdür, bu aprel döyüşlərində qazi olmamışdılar. Xüsusi təyinatlılardır. Onlardan iki nəfərini tanıyıram. Özüm də bu barədə xəbər yazmışdım, Asan xidmət-də işlə təmin olunublar. Biri Qubada işlə təmin olunub, Asan xidmətdə. Bu yaxınlarda da biri Bakıda 1 saylı Asan xidmət-də işlə təmin olundu.
Aida Eyvazlı: Bir şey də var Anar müəllim, deyim. Demək, Aprel döyüşlərindən sonra bu döyüşün qaziləri qaldı kənarda. Ondan əvvəllki qazilər məşhurlaşdı. Aprel döyüşünün qaziləri kənara çəkiliblər, çıxmırlar üzə.
Fuad Babayev: Niyə?
Aida Eyvazlı: Utanırlar sosiallaşmağa. Deyirlər, hələ nə etmişik ki. Tam almamışıq. Amma Anar müəllim çox gözəl qeyd edir ki, ölkədə yeganə qazi, şəhid ailələrinə iş verən, onlarla maraqlanan, diqqət ayıran təşkilat Asan xidmət-dir. Bütün Asan xidmət-lərdə şəhid balaları, qazi ailələri, qazilər özləri işlə təmin olunublar. Biz də tədbirimizi Asan xidmət-lə birgə keçirmişdik, dəstəkçimiz idi. İki yüz əllidən çox adama onlar iş verib. Asan xidmət-dən başqa bunları qəbul edən yoxdur. Hansı qapıya gedirlər, geri qaytarılırlar.
Fuad Babayev: Anar müəllim, Sizdə necə, o yazıları bir yerə yığmaq cəhdi olubmu? Bildiyimə görə, Sizin də bir xeyli yazınız var.
Anar Kəlbiyev: Bəli, var. Yenə deyirəm, Aida xanımın yazıları qədər deyil. Çünkü Aida xanım bütün Aprel şəhidləri haqqında yazıb. Mən xüsusi təyinatlıların ailələrində daha çox olmuşam. Aprel döyüşlərində hardasa 29 nəfər bizim xüsusi təyinatlılarımız şəhid olub. Ən çox xüsusi təyinatlını biz bu döyüşlərdə itirmişik. Bunlardan daha çox yazmışdım. Beynimdə var ki, bunların hamısının ailələrində olum və yazdığım məqalə və müsahibələri bir yerə toplayım. Xüsusi təyinatlılarla bağlı ayrıca kitab buraxdırmaq istəyirəm. Düzdür, bu döyüşdə hər kəsin zəhməti var. Amma xüsusi təyinatlıların zəhməti tam ayrıdır. Aida xanım ailəsində iştirak etdiyi üçün Raqub Orucovdan danışdı. Raqub Orucov da bu döyüşə xüsusi təyinatlı kimi qatılmışdı. Qrup komandiri kimi. Onların bu döyüşlərdə zəhməti, əziyyəti daha çoxdur. Hamı bilir ki, bu döyüşün əsas ağırlığı onların çiyinləri üzərində idi. Bu uğurda da ən böyük pay sahibi onlardır.
Fuad Babayev: Daha bir sualım formatın dəyişdirilməsi ilə bağlıdır. Yazdıqlarınız əsasında filmlər, televiziya verilişləri çəkdirmək istəmirsiniz?
Aida Eyvazlı: Mən deyim ki, ürəyim doludur. Fuad müəllim, qələm adamı kimi iki il ərzində yazdıqlarımı Siz də bəyəndiniz. Oxumusunuz, tanışsınız. Bu kitabla bağlı bu qədər kino çəkəndən, QHT təşkilatlarından biri müraciət etmədi ki, bir ssenari yazaq, birlikdə nə isə edək.
Fuad Babayev: Əslində kitabdakıların hər biri elə bir ssenari, ayrıca bir filmdir.
Aida Eyvazlı: Bəli. Amma mən çox istəyərəm ki, mənim nə vaxtsa imkanım, pulum olarsa, “Aprel” filmini çəkdirəcəm bu kitabların əsasında. Asan xidmət-dən başqa yaxşı kino çəkən olmadı. Asan xidmət gözəl filmlər çəkdirmişdi, qısametrajlı. Filmlərə baxdım. Nə olar bir dəfə QHT-lər aldıqları pulları bir yerə qoysunlar, yaxşı film çəkdirsinlər, bir dəfə də bundan pul götürməsinlər. Mən o kitabdan bir manat qazanmamışam. Acından ölmürəm ki. O insanlar canlarından keçdilər. Siz min manat pulunuzdan keçə bilməyəcəksiniz? Televiziyalar ayrıca verilişləri ancaq aprel günlərində göstərirlər.
Anar Kəlbiyev: Üzr istəyirəm, mən də bu barədə fikrimi bildirmək istəyirəm. Aprel döyüşlərinin iki ili tamam oldu. Məncə, bu böyük hadisə mediada çox zəif işıqlandırıldı.
Fuad Babayev: Məncə, heç diqqəti belə çəkmədi.
Aida Eyvazlı: Ən böyük tədbiri bizim təşkilat etdi Asan xidmət-lə. Bizdən başqa edən olmadı.
Anar Kəlbiyev: Çox zəif işıqlandırıldı. Deyək ki, internet mediada yenə nəsə göründü. İnternet media yazır, işıqlandırır. Telekanallarda isə bu hadisə ümumiyyətlə yox səviyyəsində idi. Biz elə bil öyrəşmişik daha çox məğlubiyyətimizdən danışmağa. Hər rayonun işğalı günü yada salırıq, ağlaşırıq, Şəhidlər xiyabanına gedirik. Amma Aprel döyüşləri bizim qələbəmizdir. Qələbələrimizin sayı azdır. Biz gənc dövlətik. Buna qədər yalnız Horadiz əməlliyyatı idi qələbəmiz. Qələbəni işıqlandırmaq lazımdır ki, insanlarda qələbə ruhu yaransın. Amma televiziyalarda ucuz, bayağı şoular nümayiş etdirilir. Heç bir şəhidin ailəsindən gedib material hazırlayana rast gəlmədim.
Aida Eyvazlı: Bilirsiniz, Aprel döyüşlərinə qədər insanlar elə bil ki, əyilmişdi, əzilmişdi. Amma indi şəxsən mən özümü vüqarlı hiss edirəm. O gündən sonra mən bəxtiyaram.
Anar Kəlbiyev: Biz bu qələbəni daha çox işıqlandırmalı idik.
Fuad Babayev: Aprel şəhidlərimizin adları məktəblərə, küçələrə verilibmi? Belə örməklər varmı?
Aida Eyvazlı: Vermirlər..
Fuad Babayev: Raqub Orucovun adını harasa veriblərmi?
Aida Eyvazlı: Xeyr. Şəhid ailələri bizim təşkilatımıza – “Aprel 2016 – Şəhid ailələrinə dəstək” İctimai Birliyinə müraciət edirlər. İlk müraciətləri odur ki, oğlanlarının adı əbədiləşdirilsin. Bütün anaların dərdi bir odur ki, keçəndə oğullarının şəkillərini görsünlər. Axı bunlar bizim gücümüzü göstərdilər ki, ordumuz nəyə qadirdir. Amma indi canlarından keçib, qazi olanlara da qayğı yoxdur. Yazıq uşaqlar canlarını dişlərinə sıxıb, oturublar. İş vermirlər onlara. Axı nəyə görə onlar bu cəmiyyətə yararsız olmalıdır?
Fuad Babayev: Bu mövzuya gələcəkdə müraciət edəcək insanlara, jurnalistlərə ilk növbədə nəyi tövsiyə edərdiniz? Məncə, insanlar sizin kitabınızı oxuduqdan sonra bu mözvuya hökmən müraciət etməlidilər.
Aida Eyvazlı: Bu yaxınlarda kitabımı Azərbaycan MEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə vermişdim. İsa Həbibbəyli kitaba baxıb, gözəl bir söz dedi. Dedi ki, Aida xanım, Cümhuriyyət tariximizin ən gözəl kitabını yazdınız. Bu mənim kitabıma verilən dəyərdir artıq. Mən çox istəyərdim ki, jurnalistlər gedəndə başqa şeyin marağında olmasınlar. Desinlər ki, mən bir şəhid ailəsinə gedirəm. Olmayan yerdən qəhrəman obrazı yaratsınlar.
Anar Kəlbiyev: Aida xanımın zəhməti böyükdür. İki cild kitab yazıb, aprel döyüşlərində iştirak edən bütün şəhid ailələrində olub. Yəni bu yazılar var, artıq yazılıb. Bu gün dünya elə bir mərhələdədir ki, daha çox filmlər keçərlidir. Bu baxımdan Aprel döyüşlərinə aid yaxşı filmlər çəkilməlidir. Tək bir film yox, filmlər. Məsələn, mən Murad Mirzəyevin ailəsində olmuşdum, ilk dəfə yazmışdım o şəhid ailəsindən. Murad Mirzəyevin həyatı bir filmdir. Raqub Orucovun həyatı isə başqa bir filmdir.
Aida Eyvazlı: Fuad müəllim, atəşkəs dövründə öldürülən uşaqları da bu kitaba daxil etdim ki, tarix kimi qalsın. Nə qədər uşaq öldürüblər bu günə qədər. Onları tarixləşdirdim. Onsuz da bu kitab artıq yazılıb, tarixə çevrildi.
Hazırladı: Gündüz Nəsibov, 1905.az