Qonaqlarımız jurnalistlər Asəf Quliyev və Rəşad Süleymanovla Aprel döyüşlərindən və onun qəhrəmanlarından danışdıq.
Fuad Babayev: Bu bizim Aprel döyüşlərinə həsr etdiyimiz ikinci söhbətdir. Sizin ən çox yadınızda qalan məqamlardan başlayaq. Bu barədə yazı yazanda diqqətinizi nə çəkdi? Elə şey var ki, hafizədə ilişib qalır, onu heç cür oradan çıxarmaq olmur. Apreldən danışanda ilk növbədə yadınıza nə düşür?
Rəşad Süleymanov: Aprel döyüşləri ilə əlaqədar onu deyə bilərəm ki, o əməliyyatlar başlamazdan əvvəl barıt qoxusunu hiss edirdik. Xüsusilə mart ayının əvvəllərindən başlayaraq barıt qoxusu açıq şəkildə hiss olunmağa başlamışdı. Mən Füzulidənəm. Novruz bayramı ərəfəsində rayona gedəndə orada vəziyyətin gərgin olduğunu gördüm. Xüsusilə jurnalist yoldaşlarla söhbət zamanı dedim ki, burada xoşagəlməz nələrsə ola bilər. Çünki vəziyyət son həddə çatmışdı. Bilmirdim nə baş verir. Amma Müdafiə nazirliyindən yoldaşlar əvvəlcədən mənə demişdilər ki, burada olacaqsansa, heç yerə getmə. Döyüşlər başlayan günü təxminən saat altının yarısı məni yuxudan oyadıb dedilər ki, keç kompüterin arxasına. Mənim ilk statusum bu oldu: “Cəbhədən xoş xəbər var. İnşallah bir azdan xəbər verəcəyik”. Bir polkovnik dostumuz var. O da Füzilidən idi. O belə bir mesaj atdı ki, təbrik edirəm. Lələ təpə artıq bizdədir. Yeddiyə on beş dəqiqə işləmiş mən bu mesajı aldım. Rayondan da informasiyalar gəlirdi ki, döyüşlər başlayıb və artıq müəyyən yerlər alınıb. Döyüşlərlə bağlı ilk hisslər məndə belə yarandı. Artıq sosial şəbəkələrdə də məlumatlar yayılmağa başladı. Təbii ki, rəsmi mənbələrdən mən bunu dəqiqləşdirmişdim. Sadəcə bu məsələdə rəsmi informasiyanın nə zaman veriləcəyini gözləməyə məcbur idik. Döyüşlərlə bağlı jurnalistika fəaliyyətim dövründə yaşadığım birinci gərginlik 2014-cü ilin avqust döyüşləri olmuşdu. O zaman cəbhə xəttinə Müdafiə nazirliyinin əməkdaşları ilə birlikdə getmişdik. Aprel döyüşləri məni çox ruhlandırırdı. Həqiqətən də beş gün ərzində gündə 20 saat işləyirdik.
Fuad Babayev: Yəni siz bilavasitə o hərbi əməliyyatların gedişatını işıqlandırdınız.
Rəşad Süleymanov: Mən Müdafiə nazirliyinə məktublarla müraciət etdim ki, cəbhə xəttinə getmək istəyirəm. Sadəcə olaraq mənə deyildi ki, burada olsanız daha yaxşıdır, xüsusilə sosial şəbəkələrdə işləməyə ehtiyac var. Həmin ərəfədə xeyli sayda Azərbaycan adı ilə sosial şəbəkələrə girib təxribat yaradan erməniləri aşkarladıq. Onlar bloklandı. Həqiqətən də orada işimiz çətin və gərgin idi. Çünki çöl şəraitində işləməyin romantikası da bir az fərqlidir. İş otağımız Müdafiə nazirliyinin qərərgahına bənzəyirdi. Gündə 20 saat açıq kompüter olan otaqda çalışırdıq. Yəni informasiyanı idarə etmək və informasiya ilə işləmək çox gərgin idi. Aprel döyüşlərində mənim yaxın təmasda olduğum bir neçə nəfər şəhid oldu. Dostlarımızdan yaralananlar da oldu. Allaha şükür ki, onlar sağalaraq xidmətlərinə davam etdilər. Hansısa Ukrayna saytlarından birinin başlığı belə idi: “Qafqazda yatmış əjdaha oyandı”. Neçə illərdir yalnız mövqe döyüşləri ilə kifayətlənən Azərbaycan silahlı qüvvələri çox qısa bir müddətdə və az bir qüvvə ilə əks-həmlələrlə düşməndən iki istiqamətdəki taktik əhəmiyyətli yüksəklikləri geri aldı. Bu döyüşlərdə təbii ki, ordumuz öz qüvvələrinin müəyyən bir qismindən istifadə etdi. Yəni daha çox yerli briqadaların imkanlarından istifadə olundu. Məsələn, Füzuli istiqamətindəki əməliyyatı briqada özü əlavə qüvvə olmadan, digər qoşun olmadan həyata keçirdi. Eləcə də Seysulanda və Talış istiqamətində. Bu döyüşlər Azərbaycan ordusunun uzun illər ərzində əldə etdiyi müasir silah və texnikanın tətbiqi ilə də diqqəti cəlb etdi. Burada ən vacib məqamsa Azərbaycan əsgər və zabitinin fərdi qəhrəmanlıqları, şücaətləri oldu. Burada biz əməliyyatlar zamanı özü birbaşa Lələ təpədə öndə gedərək minalı sahələri maneələrdən təmizləyən rəhmətlik polkovnik Rəhim Əliyevi, Talış istiqamətində şəxsən özü öndə gedərək keçidi təmin edən xüsusi təyinatlı qüvvələrin istehkam rəisi Telman Miriyevi qeyd edə bilərik.
Fuad Babayev: O da dünyasını dəyişdi.
Rəşad Süleymanov: Bəli. Hər iki polkovnik əməliyyatdan sonra dünyasını dəyişdi. Bu bizim zabitlərimizin fərdi qəhrəmanlıqları idi. Bəzən ictimaiyyət arasında deyirlər ki, niyə Azərbaycan ordusunun itkiləri sırasında zabit və gizirlər daha çox oldu. Burada mən bir məsələni vurğulamaq istərdim ki, uzun illərdir döyüş getmirdi. Təbii ki, zabitlərimiz təcrübəlidir və şəxsi heyətə nümunə olmaq üçün həmişə öndə gedirlər. Mais Bərxudarov, xüsusi təyinatlı qüvvələrin briqada komandiri, Milli Qəhrəman Murad Mirzəyev, kəşfiyyat rəisi Vüqar Yusifov, Raqub Orucov kimi zabitlərimiz öndə gedərək qəhrəmanlıq nümunəsi göstərdilər. Aprel döyüşlərinin qəhrəmanları haqqında yazılarda kədərli notlar üstünlük təşkil edir. Mən düşünürəm ki, bu qəhrəmanlar haqqında nə qədər yazsaq da, onları layiqincə təbliğ edə bilmirik.
Fuad Babayev: Asəf müəllim, Aprel döyüşləri Sizin yadınızda nə ilə qalıb?
Asəf Quliyev: Əslində Aprel döyüşlərindən danışanda mənim ilk yadıma düşən 2011-ci ildə Kazan görüşü olur. Çünki Kazan görüşündən dərhal sonra parad keçirmək qərarı verildi. Əvvəlcə parad keçirmək qərarı yox idi. Yəni bu informasiya Kazan görüşü ərəfəsində qəfil ötürülmüşdü. Ona görə ki, artıq siyasi rəhbərlik bilirdi ki, Kazan görüşündə hansı oyun qurulub və Azərbaycan tərəfi bununla razılaşmayacaq. Sanki Azərbaycan tərəfi 2011-ci ildən 2016-ci ilin aprelinə qədər öz sözünü deməyə fürsət axtarırdı. Bunun üçün isə təbii ki, geosiyasi vəziyyəti, qüvvələr nisbətini, beynəlxalq təşkilatların, güc mərkəzlərinin mövqeyini nəzərə almaq lazım idi. Artıq 2016-cı ilin aprelində belə bir fürsət yarandı. Həm də 2011-ci ildən 2016-cı ilə qədər orduda müəyyən dəyişikliklər oldu. Bu inkişafı danmaq olmaz. Yəni rəsmi Bakı 2011-ci ildə parad keçirməklə öz sözünü deyirdisə, artıq 2016-cı ildə buna son qoydu və dedi ki, mən bunu da edə bilərəm. Mənim yadıma düşən ilk bu olur ki, 2016-cı ilin aprelində rəsmi Bakı öz sözünü dedi.
Fuad Babayev: Rəşad müəllim o günlərin dramatizmini və onların üzərinə düşən missiyanı çox gözəl qeyd etdi. Mən internet məkanında, sosial şəbəkədə meydan sulamağa cəhd edən bəzi ünsürlərin zərərsizləşdirilməsini xüsusi vurğulayardım. Həmin dövrdə Siz nə etdiniz?
Asəf Quliyev: Mən sözün düzü fikirləşmirəm ki, həmin dövrdə Rəşaddan və digər dostlarımızdan fəqli olaraq çox böyük iş gördüm. Bəzən bizim vətənpərvər hesab etdiyimiz adamlar var ki, onlar naşılığından elə ciddi səhvlərə yol verirlər ki, o informasiya müharibəsi dediyimiz müstəvidə bizim xeyrimizə yox, ziyanımıza işləyir. Mən çaılışırdım ki, o səhvləri etməyək, dezinformasiyaya yol verməyək. Çünki, ermənilər bundan istifadə edə bilərdi.
Fuad Babayev: Asəf müəllim, Sizin Hafta.az-da 2016-cı ilin iyununda “Aprel döyüşləri – Qordi düyününü kəsən qılınc” adlı yazınız çıxıb. Mənə maraqlıdır indi münasibətiniz dəyişməyib ki?
Asəf Quliyev: Xeyr.
Fuad Babayev: Bunlar sizin bilavasitə hərbi əməliyyatlar teatrında qanlı və şərəfli hadislələr yaşanarkən gördüklərinizdir. Bəs bu iki il ərzində nələr edilib. Məsələn Aida xanım (Aida Eyvazlı – red.) iki kitab ərsəyə gətirib. Rəşad müəllim, iki il ərzində siz bu mövzuya müraciət etmisinizmi?
Rəşad Süleymanov: Mən jurnalda (“Azeri Defence” jurnalı – red.) bir neçə dəfə bu mövzu ilə bağlı analizlər hazırlayıb verdim. Jurnalda Aprel döyüşlərindən az sonra biz bu mövzuda geniş bir analiz hazırlayıb verdik. Burada döyüşlərin həm taktik, həm nəzəri tərəfi, döyüşlərə qədərki vəziyyət və burada Azərbaycan ordusunun hərbi döyüş hərəkətləri ilə bağlı tam bir analiz vardı. Bunu mənim təşəbbüsümlə jurnalımızda ehtiyatda olan iki polkovnikimiz birgə hazırladı. Bu analiz hətta Müdafiə Nazirliyi tərəfindən yüksək dəyərləndirildi. Mən bildiyim qədər bu analiz bir neçə dilə tərcümə edilib və bu analizlər istinadla başqa bir təşkilat tərəfindən yayımlanıb. Sonrakı dövrdə biz orada gedən prosesləri izləyərək müəyyən informasiyaların analizləri (ermənilərin gizlətdikləri itkilərin sonradan üzə çıxmasını və s. – R.S.) həyata keçirdik
Fuad Babayev: Azərbaycan və erməni tərəfinin itkiləri necə oldu?
Rəşad Süleymanov: İtkilərlə bağlı müxtləlif versiyalar var. Bizim itkilərimiz erməni itkiləri ilə müqayisədə dəfələrlə azdır. Ermənistan ərazisində adbaad gedən, açıqlanan itkilərin sayı 264 nəfər idi. Dağlıq Qarabağda olan separatçı rejimin silahlı dəstələrinin itkiləri arasında PKK üzvləri də olmuşdu. 30-a qədər tank və PDM (piyadanın döyüş maşını – red.) vurulmuşdu.
Fuad Babayev: Biz də bir vertalyot itirdik.
Rəşad Süleymanov: Təbii ki, döyüş olan yerdə itki də olur. Bizim bir vertalyotumuz vuruldu. Bizim bir tankımızı ermənilər iki raketlə vurmuşdular. T-72 tankına sağdan və soldan faqotlar (faqot – tank əleyhinə idarə olunan raket – red.) dəyməsinə baxmayaraq yüngülvari zədə almışdı. Ekipaj salamat çıxmışdı. Bir tankımızda texniki problemlərdən alışma baş vermişdi, amma heyət sağ qalmışdı. Sonradan həmin tank təlim mərkəzinə gətirildi. Hazırda bu tank maket kimi istifadə edilir. Bunu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan zabitləri İsrail istehsalı olan “Spayk”larla (4-cü nəsil daşına bilən, tank əleyhinə idarəolunan raket kompleksi – red.) cəbhənin müxtəlif istiqamətlərində düşmənin 17 tankını vurmuşdu. Bundan başqa düşmənin hərbi texnikası məhv edildi. Çox sayda tank əleyhinə raketlər, mərmilər və s. qənimət götürüldü. Azərbaycan həm də müasir 5-ci nəsil döyüş texnologiyaları ilə döyüşürdü. Hər zaman biz deyirdik ki, erməniləri Rusiya təchiz edir. Amma məlum oldu ki, 3-cü nəsillə 5-ci nəsil silahlar döyüşür.
Fuad Babayev: 5-ci nəsil təyyarələr hələ əsasən layihədədir. 5-ci nəsil dedikdə nəyi nəzərdə tutursunuz?
Rəşad Süleymanov: Azərbaycan ordusu aprel döyüşlərində təyyarədən istifadə etmədi. Burada artilleriya vasitələrindən, tank əleyhinə raket komplekslərindən istifadə olundu. Ermənilər yazmışdılar ki, aprel döyüşlərində Azərbaycan ordusu T-90 tanklarından istifadə edib. Əslində isə T-90 tankları heç yerindən tərpədilməmişdi. Sadəcə T-72 tanklarının moderniazasiya səviyyəsi erməniləri belə düşünməyə vadar etmişdi. Azərbaycan ordusu bu döyüşlərdə son illərdə aldığı texnikanın təxminən 15 faizindən istifadə edib.
Fuad Babayev: Həm də bu miqyasda ona ehtiyac yox idi.
Rəşad Süleymanov: Bəli. Məsələn, Haropla (İsrail istehsalı olan Pilotsuz Uçan Aparat, hədəfi özünü hədəfə vurmaqla məhv edir – red.) vurulan effekti ermənilər özləri də etiraf etdilər.
Fuad Babayev: Yəni söhbət dron kamikadzedən söhbət gedir.
Rəşad Süleymanov: Bəli. O görüntünü elə birinci biz verdik ki, Azərbaycan Haropla erməniləri vurdu. Bunlar məsələnin texniki tərəfləri idi. Açığı deyim ki, Aprel döyüşləri və bundan sonra nə etdiyimizi deməyək. Bu bizim borcumuz idi, cəbhədə döyüşən əsəgərimizlə bərabər biz də istədik ki, nələrsə edək.
Fuad Babayev: Bu sualı Asəf müəllim, zəhmət olmasa, Siz də cavablandırın.
Asəf Quliyev: Bildiyimiz kimi rəsmi və qeyri-rəsmi informasiyalar var. İstənilən döyüşçüyə özünü jurnalist kimi təqdim edəndə o rəsmi danışmağa başlayır. Mən bu iki ildə həm Lələ təpə, həm də Talış istiqamətindəki döyüşlərin iştirakçısı olan sıravi əsgər və xüsusi təyinatlılarla söhbət etməyə çalışmışam. Rəsmi informasiyalar aydındır. Sadəcə olaraq jurnalist praktikamdan deyə bilərəm ki, o psixoloji durumu öyrənmək üçün rəsmi informasiyalar istənilən effekti vermir. Təbliğat öz yerində, mən həqiqi durumu öyrənmək istəyiridim. Özümü jurnalist kimi təqdim edəndə yox, adi bir yol yoldaşı kimi, çayxanada oturub təsadüfən görüşən bir adam kimi söhbət edəndə mənə aydın oldu ki, o effekti almaq mümkündür.
Fuad Babayev: Siz onu nə məqsədlə etdiniz. Nəsə yazıb ortaya çıxardınız, yoxsa hələ proses gedir?
Asəf Quliyev: Həm yazmaq üçün, həm də özüm üçün. Məsələn, Siz bayaq adını çəkdiyiniz Mais Bərxudarov haqqında sıravi əsgər elə tonda danışdı ki, mən onu qələmə aldım. O Mais Bərxudarova general kimi deyil, adı ilə müraciət edirdi. O bilmirdi ki, jurnalistlə danışır. Artıq belə məqamda bilirsən ki, həqiqət haradadır. Yəni general Mais Bərxudarovun qəhrəmanlığı haqqında bizim rəsmi informasiyamız var. Amma mən axtardığım həqiqəti əlinin bir hissəsini itirmiş adi bir əsgərin tanımadığı adamla səmimi söhbətində tapdım.
Rəşad Süleymanov: 2016-cı ilin aprel ayının sonlarında biz polkovnik Xətai Baxışov, jurnalist Rey Kərimoğlu ilə birlikdə veteranların və ehtiyatda olan hərbiçilərin cəbhə xəttinə səfərini təşkil etdik, hərbi hissələrdə qaldıq, ön xətdə, postlarda əsgərlərlə görüşdük.
Fuad Babayev: Yəni o döyüşlərin getdiyi ərazilərdə.
Rəşad Süleymanov: Bəli. Biz əsgərlərlə təmas yaratdıq, onların psixoloji durumunu öyrəndik. Asəf bəyin sözünə qüvvət, onlarla səmimi söhbət etdik. Mən ora jurnalist kimi getməmişdim. Əsgərlərlə qardaş kimi söhbət zamanı onların psixoloji baxımdan nəyə ehtiyacı olduğunu da duyduq. Həmin dövrdə bəzi qeyri-hökumət təşkilatları da cəbhə xəttinə gəlib gedir, hətta burada şəkil çəkdirirlər. Onların bu hərəkətindən narazı qalan əsgərlər deyirdilər ki, biz bilmirdik bu həssas məqamda onları qoruyaq, yoxsa özümüzü. Tapqaraqoyunlu kəndində briqada komandiri məni balacaboy, çəlimsiz bir əsgərlə – RPK (Ручной пулемёт Калашникова, Kalaşnikov əl pulemyotu – red.) atıcısı ilə tanış etdi. Bu əsgər özü elə RPK boyda idi. Dedilər bilirsiniz bu nə qəhrəmanlıqlar göstərib. Deyir döyüşə girdim, ata-ata Tapqaraqoyunludan üzüyuxarı Talışa tərəf gedirəm. Yanımdakı yoldaşım yaralanana qədər mən elə bilirdim ki, təlimdəyəm. Onlar qumbara ataraq erməni kazarmasına giriblər.
Fuad Babayev: Sizə elə gəlmir ki, Aprel döyüşlərinin ikinci ildönümü bir az sönük keçdi, ya da heç qeyd olunmadı. Həmkarlarımız Aida Eyvazlı və Anar Kəlbiyevlə olan söhbətimizdə onlar da bu fikirdə olduqlarını söylədilər. Siz necə düşünürsünüz?
Rəşad Süleymanov: Birinci il ona görə təmtəraqlı, geniş işıqlandırıldı ki, həmin ərəfədə artıq Cocuq Mərcanlıya qayıdış prosesi başlandı və bu bir ildönümü olaraq qeyd olundu. Amma, mən düşünmürəm ki,aprel döyüşlərinin ikinci ildönümü qeyd olunmadı. Sadəcə olaraq tarix olaraq onu yalnız bir günə sığışdırmaq lazım deyil. Biz təəssüf ki, həm işğal, həm də qələbə tarixlərimizi elə o gündə qeyd edirik. Aprel döyüşlərini hər zaman xatırlamağa ehtiyac var və bunun haqqında yazılmalıdır. Düzdür mənim aprel döyüşləri ilə bağlı kitab yazmaq planım var. Bu kitabda mən fərdlərdən kənara çıxaraq mövzuya müxtəlif aspektlərdən yanaşmaq istəyirəm. Çünki Qarabağ müharibəsinin tarixi yazılmayıb. Zaman keçdikdən sonra ortaya yalançı qəhrəmanların çıxmaması üçün bu tarix yazılmalıdır.
Fuad Babayev: Aprel döyüşlərinin hərbi əhəmiyyəti, vətənpərvərlik nöqteyi-nəzərindən əhəmiyyəti, siyasi dividendləri saysız-hesabsızdır. Bəs bu döyüşlərdə şəhid olmuş hərbçilərimizin ailə üzvləri ilə, yaralanmış qazilərimizlə təmasınız varmı?
Asəf Quliyev: Mən məsələyə bir az başqa yöndən yanaşıram. Aprel döyüşlərinin təbii ki, əhəmiyyəti həm siyasi, həm mənəvi-psixoloji, həm də hərbi baxımdan danılmazdır. Amma mən bəzən belə bir tendensiya hiss edirəm ki, Aprel döyüşlərində iştirak edən və yaxud orada qəhrəmanlıq göstərənlər Aprelə qədərkiləri sanki unutdurur. Bu tendensiyanın hansısa formada qarşısını almaq lazımdır. Yaxud bunları tənzimləyəcək ortaq məxrəc tapmaq lazımdır. Hətta keçmiş döyüşçülər bəzən narazılıq edirlər ki, bəsdirin artıq apreldən az yazın.
Fuad Babayev: Hətta belə fikirlər də var?
Asəf Quliyev: Bəli. Ona görə ki, hər şeyi aprelə fokuslaşdırmaq lazım deyil. Biz 2012-2013-cü illərdə atəşkəs dövrünün şəhidləri ilə bağlı bir layihə həyata keçirirdik. Mən Azərbaycanın müxtəlif bölgələrində 30-a qədər müxtəlif taleli şəhid ailəsində oldum. Yəni artıq onlara münasibətlə aprel döyüşlərinin şəhid və qazilərinə olan münasibətdəki ayrı-seçkilik şəxsən məni Azərbaycan vətəndaşı kimi narahat edir. Bu yalnız məni yox, yenə də deyirəm keçmiş döyüşçüləri də narahat edir. Bu səviyyədə ayrı-seçkilik qoymaq olmaz.
Rəşad Süleymanov: Mən də Asəf bəyin dediyi fikrə toxunmaq istəyirdim. Bu çox vacib məsələdir. Azərbaycan ordusunda həm birinci Qarabağ müharibəsində, həm atəşkəs dövründə, apreldən öncəki dövrlərdə fərdi qəhrəmanlıq edənlərin də sayı çoxdur. Başqa bir misal çəkim. Naxçıvanda neytral zonadakı yüksəkliyin (Günnüt əməliyyatı, may,2018 – red.) ordumuz tərəfindən ermənidən geri alınmasının çox böyük əhəmiyyəti var. Bu yüksəklik öz hündürlüyünə görə Lələ təpədən də, Talışdan da yüksəkdir. Naxçıvan Muxtar Respublikası ərazisində 2000-ci ildən bu günə kimi üç belə uğurlu əməliyyat olub. Yəni bizim bu tipli əməliyyatlarımız olmuşdu. Aprel döyüşlərini onlardan fərqləndirən o idi ki, burada aktiv döyüşlər gedirdi. Bir var konkret lokal bir ərazidə xüsusi qüvvələrin iştirakı ilə olan döyüşlər, bir də var aktiv döyüşlər. Bu ayrı-seçkiliyi qoymaq olmaz. Azərbaycan ordusunda qəhrəmanlar olub. Özünü partladan Milli Qəhrəman Rasim İbrahimov olub. Döyüşərək düşmənini məhv edən Mübariz İbrahimov olub, Tahir Həsənov olub. Amma biz bu gün əvvəlkilərlə aprel döyüşləri arasında ayrı-seçkilik qoymaqla iki nəsil arasında bir uçurum yaranır. Mən bunu mübaliğəsiz deyirəm. Bu gün Azərbaycanın cəbhə xəttində xidmət edən hər bir əsgəri, hər bir zabiti qəhrəmandır.
Fuad Babayev: Siz mövcud durumu çox gözəl dəyərləndirdiniz. Amma, bizim bugünkü mövzumuz bilavasitə Aprel döyüşləri ilə əlaqədardır. Sizin Aprel döyüşlərində yaralanmış və qazi rütbəsinə yüksəlmiş insanlarla, şəhid ailələri ilə təmasınız varmı? Yaralı qazilərimizin müalicə prosesi necə gedir?
Rəşad Süleymanov: Mənim bir çoxları ilə təmasım olub. Təəssüflər olsun ki, yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, eləcə də digər qurumlar bu məsələyə çox etinasız yanaşırlar.
Fuad Babayev: Amma dəfnlər çox gurultulu keçdi.
Rəşad Süleymanov: Bəli. Amma, bəzi yerlərdə dəfn mərasimlərində şəhidin məzarı üstündə qaldırılmış bayrağı gəlib endirən icra hakimiyyəti nümayəndələri olmuşdu. Yəni bu hörmətsizlikdir. Bu insan bayraq uğrunda şəhid olub. Bundan başqa qazilərin üzləşdiyi müəyyən problemlər oldu. Sonrakı dövrdə onlar ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində süründürməçiliklə qarşılaşdılar. Belə problemlər yaşandı. Aprel döyüşlərində yaralanıb sonradan hospitalda dünyasını dəyişənlərlə birlikdə bizim şəhid sayımız 98 nəfər oldu. Yaralılarımız təbii ki, çox oldu. Biz hücum edən tərəf olduğumuza görə şəhidlərimizin sayı daha çox ola bilərdi. Lakin, ordumuzun peşəkarlığı artıq öz sözünü deyir.
Fuad Babayev: Gözlənilməz hücumun da burada rolu oldu.
Rəşad Süleymanov: Təbii ki, müharibə gözlənilməzliyi sevir. İndiki məqamda ordumuz nailiyyət əldə edib. Amma o insanlara diqqət yetirilməlidir. Kimliyindən aslı olmayaraq istər 90-cı illərdə, istərsə də bu gün yaralanmış Qarabağ qazisi və ya şəhid ailəsinə eyni diqqət yetirilməlidir. Çünki şəhidə diqqət, qaziyə diqqət həmişə insanların vətənpərvərlik ruhuna təsir edir. Müharibə əlilinə diqqətsizliyi görən heç kim gedib döyüşmək istəməz. Yaxud şəhid ailəsində baxımsızlığı görən kim göndərər ki, övladını getsin və yaxud hansı bir oğul gedər. Bunları nəzərə almaq lazımdır.
Asəf Quliyev: Mən bir cümlə ilə sualınızın cavabını deyərdim. Ümumiyyətlə, aprel döyüşünün iştirakçılarına, şəhidlərə və şəhid ailələrinə, qazilərə və qazilərin ailələrinə münasibət digər Qarabağ müharibəsi şəhidlərinə və qazilərinə olan münasibətlə adekvatdır. Yəni xüsusi fərq bir o qədər də hiss olunmur.
Fuad Babayev: Bu söhbətdə məni ən çox düşündürən məqam odur ki, əvvəlki illərin şəhid və qazilərinin ailələri və yaxud qazilər özləri ayrı-seçkilikdən gileylənirlər. Əgər onlara münasibətdə prinsipial fərq yoxdursa, deməli onların narazılığı aprel döyüşçülərinin daha çox təbliği ilə bağlıdır.
Asəf Quliyev: Demək olar ki.
Fuad Babayev: Xarici media aprel döyüşləri ilə bağlı nə yazdı?
Asəf Quliyev: Məsələn, mən xatırlıyıram həmin vaxt bir xeyli jurnalist dostlarımız vasitəsilə xarici media orqanlarının əməkdaşları cəbhə bölgəsinə gedib yazmaq istəyirdilər. Amma bizim Xarici İşlər Nazirliyi icazə vermədi. Xarici İşlər nazirliyi Müdafiə nazirliyinin, Müdafiə Nazirliyi isə Xarici İşlər nazirliyinin üstünə atdı.
Fuad Babayev: Yəni o hadisələr zamanı xarici jurnalistlər operativ gəlmək istəyirdilər.
Asəf Quliyev: Bəli, gəlmək istəyirdilər.
Təmkin Məmmədli: Sonra Ermənistan tərəfinə getdilər.
Asəf Quliyev: Burada alınmayanda təbii ki, ora gedəcəklər.
Fuad Babayev: Orada alınırdımı?
Asəf Quliyev: Bəli, onlarda daha asan alınırdı nəinki bizdə.
Fuad Babayev: Həm də bunun psixoloji tərəfi var. Ermənilər özlərini hücuma məruz qalan tərəf kimi göstərirdilər.
Asəf Quliyev: Mən elementar bir şey deyim. Beynəlxalq konfranslarda mənim təmasda olduğum Tatul Akopyan adlı çox ağıllı, çox məkrli erməni jurnalisti var. Beynəlxalq mediaya çıxışı olan bu jurnalistə Ermənistan Müdafiə nazirliyi cəbhə xəttinə gedib istədiyi informasiyanı əldə etməyə hər bir şərait yaradır. O müstəqildir, heç kim deyə bilməz ki, bu hökumətin rəsmi informasiyalarıdır.
Fuad Babayev: Və ona daha çox inam var.
Asəf Quliyev: Onun beynəlxalq mediaya çıxışı var. O hətta filmlərini erməni dilində hazırlayır. Amma onun erməni dilində hazırladığı filmləri altyazı ilə xaricdən sifariş edirək yayırlar. Ona görə ki, onu obyektiv hesab edirlər. Amma bizdə o məsələyə münasibətdə çox qadağalar var. Rəsmi informasiyalardan başqa heç nə olmaz. Rəsmi informasiyaları da artıq xaricdəki həzm etmir. Xaricdəki müstəqil informasiyanı həzm edir. Onlar özlərinin gördüyü və yaxud inandığı adamın gözü ilə görə biləcəyi informasiyaya inanırlar.
Bir söz də deyim. Füzulidə iki yaşlı Zəhranın ölümü ilə bağlı mən nəyə sevindim. Faciə öz yerində, amma informasiya müharibəsi deyilən müstəvidə nəsə etmək üçün Respublika Hərbi Prokurorluğunun, Xarici İşlər nazirliyinin və Müdafiə nazirliyinin mətbuat xidmətlərinin birgə fəaliyyəti onda hiss olundu. Mən erməni mətbuatını izləyirəm, hətta bəzi hadisələrlə bağlı monitorinqini də keçirirəm. Neçə ildir bu işin içindəyik, informasiyaya baxırsan və oxuyan kimi görürsən ki, onların xarici işlər və müdafiə nazirlikləri arasında koordinasiya var.
Rəşad Süleymanov: Mən Asəf müəllimin sözünə qüvvət bir fakt demək istəyirəm. Aprel döyüşlərinin gedişində bizim rəsmi informasiyaların gecikməsi Ukraynanın və Avroponın hərbi nöqteyi-nəzərdən ən çox oxunan xəbər saytları ilə bağlı ciddi problemlər yaratdı.
Fuad Babayev: Və onlar ermənilərə istinad etməli oldular.
Rəşad Süleymanov: Bəli, ermənilərə istinad etdilər. Biz sonradan fərdi münasibətlərdən istifadə edib o xəbərləri yığışdırıb öz informasiyamızı çap etdik. Bu məsələnin birinci tərəfi. Mən cəbhə xəttinə rəsmən getmək ücün icazəni çox çətinliklə axırıncı dəfə 2014-cü ildə almışam. Bizim xaricə, xarici media qurumlarına təqdim etməyə normal hərbi ekspertlərimiz yoxdur. Türkiyədən, Ukraynadan, Rusiyadan jurnalist həmkarlarımız bizdən müstəqil fikir yürüdə bilən hərbi ekspert istəyirlər. Biz bunu təmin edə bilmirik. Xarici mətbuatda biz niyə uduzuruq. Adicə Rusiyanı və yaxud Ukraynanı götürək. Erməni diasporu, ermənilərin iş adamları gedib qəzetlər, jurnallar alırlar. Rusiyada “Noviy oboronnıy zakaz. Strateqii”(“Новый оборонный заказ. Стратегии” (“Yeni müdafiə sifarişləri. Strategiyalar”) – red.) adlı nüfuzlu hərbi bir jurnal erməni iş adamına məxsusdur və Leonid Nersisyanı şef redaktor qoyub. Bu jurnal təbii ki, Azərbaycana münasibətdə qərəzçilik nümayiş etdirəcək. Eyni situsiya Ukraynadadır.
Bir də mən maraqlı bir məqamı müşahidə etmişəm. Bizim bəzi qeyri-hökumət təşkilatlar xaricdən jurnalistlər dəvət edirlər, aparıb gəzdirilər, sonra da fotosessiya edib bunu paylaşırlar. O jurnalistlər də vətənlərinə qayıtdıqdan sonra Azərbaycan əleyhinə yazırlar. Çünki, onların Azərbaycandakı fəaliyyətindən xəbərdar olan erməni diaspor təşkilatları həmin jutnalistlərin yaşadığı ölkələrdə fəaliyyətə keçir və müəyyən bir məbləğlər, ödənişlər hesabına o jurnalistləri, saytları ələ alır. Yəni demək istədiyim odur ki, bu qəbildən olan fəaliyyətdə məxfiliyə riayət etmək lazımdır. Bizim bir neçə sahədə xarici nəşrlərlə, dünyanın aparıcı hərbi saytları ilə əlaqəmiz var. Məsələn Qazaxıstan sərgisində biz Cənub Şərqi Asiyanın iki nəşri ilə razılaşmamız oldu.
Hazırladı: Təmkin Məmmədli, 1905.az