Milli maraqlar naminə susmaq, yoxsa həqiqəti insanlara çatdırmaq? Bu mövzu daim müzakirə obyekti olub. İndiyədək biz əsasən Qərb mediasında bu mövzuda qızğın diskussiyaları izləyirdik. Lakin ötən ilin avqustunda baş verən hadisələr və apreldə yaşadığımız olaylar Azərbaycanda da bu məsələni gündəmə gətirdi.
Hadisələrin harada və hansı müstəvidə baş verməsindən asılı olaraq onlara yanaşma da fərqidir. Məsələn, ABŞ hökuməti bu vaxta qədər Wikileaks-də yazılanların yalan olduğunu bəyan etməyib. Sadəcə məlumatları yayanların dövlət təhlükəsizliyi və milli maraqlara sayğıızlıqda ittiham edib.
Erik Fixtelius: “İnformasiya jurnalistin əlinə keçibsə…”
Eyni situasiya “Jurnalistikanın 10 qızıl qaydası” adlı məşhur kitabda da araşdırılıb. Kitabın müəllifi, məşhur media eksperti Erik Fixtelius qaydalardan birini məhz bu məsələyə həsr edib: jurnalist vətəndaş olmalıdırmı? Azərbaycanlı jurnalistlərin İsveçə səfəri zamanı Fixteliusla şəxsən görüşüb bu məsələ ilə bağlı onun rəyini öyrənə bilmişdim. O, qətiyyətlə deyirdi ki, əgər informasiya jurnalistin əlinə keçibsə, artıq burda dövlət sirrini qorumaq və milli maraqları müdafiə etməkdən söhbət gedə bilməz.
Lakin azərbaycanlı mütəxəssislər fərqli fikirdədirlər. Media müasir cəmiyyətdə əlahiddə vasitəçi kimi çıxış edir. Media təkcə informasiya vermir, çoxşaxəli funksiya yerinə yetirir. Bu kontekstdən yanaşanda, hər bir sahədə – ictimai, siyasi, mədəni, o cümlədən cəbhədə baş verənlər haqqında məlumat yayan medianın davranışı özünəməxsus keyfiyyət yaradır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyir ki, medianın hansı gücə malik olduğunu dörd günlük aprel savaşı daha gözəl göstərdi: “Aprel döyüşləri Azərbaycanın psixoloji və mənəvi həyatında çox böyük iz buraxan hadisə oldu. Aprel döyüşləri bir neçə yüz kv.km ərazinin azad olunması, bir neçə yüksəkliyin əldə olunması, Lələtəpənin ələ keçirilməsi demək deyildi. Bu, bütün xalqımızın, Azərbaycanımızın psixoloji yüksəkliyə çatması idi”.
“Hadisələrə obyektiv və soyuqqanlı yanaşmağı bacardıq”
Ekspert bildirir ki, hadisənin özünün baş verməsi ilə yanaşı, onun təqdimatı da mühüm rol oynayır. Bu cür məlumatlara obyektiv yanaşanlar da olur, təhrifə yol atanlar da. H.Babaoğlu hesab edir ki, əvvəlki bənzər hadisələrdən fərqli olaraq, bu dəfə yerli media olaylara daha obyektiv və soyuqqanlı ümumi maraqlarıma uyğun oldu:
“Demək olar ki, Azərbaycan mediasının artıq bu sahədə müəyyən təcrübəsi var. 2015-ci ildəki avqust hadisələri zamanı medianın davranışı indikindən fərqli olmuşdu. Hadisənin yanlış ictimailəşdirilməsi, Azərbaycan ordusunun dislokasiyası ilə bağlı video süjetlərin, yazılı faktların mediaya çıxarılması təhlükə yaratmışdı, həm də heç bir mənada doğru deyildi. Amma yaxşı ki, bu səhvlərdən nəticə çıxarmağı bacardıq və aprel döyüşlərində milli maraqlarımıza uyğun olaraq hərəkət etdik”.
Qeyd edək ki, aprel hadisələri zamanı ayrı-ayrı təsisatlar, xüsusilə də Mətbuat Şurası məsələnin həlli ilə əlaqədar xüsusi səy nümayiş etdirdi. Neqativ nümunələrə qarşı profilaktik işlər çərçivəsində KİV-ə müraciət olundu. Mətbuat Şurası ötən illərdə cəbhə xəttində baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması reallığını nəzərə alaraq Azərbaycan jurnalistlərini daha diqqətli olmağa cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa çağırdı.
“Düşmən qüvvələr bu cür xəbərləri dövriyyəyə buraxırlar”
“Bu sayaq vəziyyətlərdə medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq, düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar”.
Lakin təəssüf ki, Mətbuat Şurasının xəbərdarlığına baxmadan, Azərbaycan mediasında bəzi məlumatlar Ermənistan kəşfiyyatı üçün müəyyən mənbə rolunu oynaya bildi. Təbii, bu, qərəzli olmaya da bilərdi. Bəlkə də bunlar operativlik marafonunda önə çıxmaq istəyindən irəli gəlirdi. Bəlkə də qərəz, düşünülmüş, sifarişli xəbərlər idi, bəlkə də qeyri-peşəkarlıq nümunəsi idi. Fərqi yoxdur, nəticə o oldu ki, bədxahlarımız gözəl hədiyyə qazandılar.
Cahangir Məmmədli: “İlk yerdə vətəndaşlıq mövqeyi dayanmalıdır”
BDU-nun professoru Cahangir Məmmədli isə “əvvəlcə vətəndaşlıq, sonra jurnalist” mövqeyinin tərəfdarıdır. Özü etiraf edir ki, əvvəllər fərqli fikirdə olubmuş: “Mən də küyə düşüb hesab edirdim ki, informasiyanın vətəni yoxdur. Sonra gördüm ki, Qərb ekspertləri bunu bizə deyirlər, amma özləri belə etmirlər. Məsələn, “Ərəb baharı” ilə bağlı Qərb mətbuatı bir şey yazır, Rusiya tamam başqa. CNN, Euronews kanalları da bu məsələyə öz mövqeyindən yanaşdı. CNN hər gün deyirdi ki, Liviyada yüzlərlə insanı öldürüb xəndəklərə atılır. İndi bu insanların qalıqlarını axtarırlar, tapmırlar”.
Cahangir Məmmədli deyir ki, Azərbaycanın indiki beynəlxalq siyasətini nəzərə alaraq, jurnalist ilk öncə vətəndaşlıq mövqeyini önə çəkməlidir: “Hətta qanunun da icazə verdiyi elə anlar var ki, o məsələdə vətəndaşlıq istiqamətindən yararlanmaq lazımdır. Qanuna əməl etmək asan, etik normalara riayət etmək isə daha çətindir. Çünki etik normaların dəqiq çərçivəsi yoxdur, bu qaydalar vicdanla toqquşa bilər. Bəlkə də mənimlə razılaşmayanlar olacaq. Amma mən bu fikrimdə qətiyəm – jurnalist öncə vətəndaş olmalıdır”.
Professor hesab edir ki, jurnalistlərin öz təhlükəsizliyi, milli ordusu, cəbhə xətti ilə bağlı yalan və qərəzli informasiyalar yayması birmənalı olaraq anti-Azərbaycan siyasətidir. Bu cür jurnalistlərin vətəndaşlıq təəssübkeşliyindən danışmağa dəyməz: “Ötən ilin avqustunda cəbhə xəttində yaranan gərginlik zamanı bəzi media orqanları elə məlumatlar yaydılar ki, həmin jurnalistin azərbaycanlı olması məndə şübhə doğurdu. Faktiki olaraq, həmin ekstremal vəziyyətdə bəzi mətbuat orqanları üzüağ çıxa bilmədiyi üçün bu məsələ sonradan da xeyli müddət müzakirə predmeti olaraq qaldı. Və yaxşı ki, tənqid və ittihamlardan nəticə çıxarıldı”.
Və nəhayət – hadisənin siyasi önəminə gəlincə, bu haqda çox danışmağına dəyməz. Aprel hadisələri münaqişənin həllində yeni bir mərhələ başlatdı. Bu dörd gündən Azərbaycan ordusunun hansı gücə, potensiala malik olduğu üzə çıxdı. Digər tərəfdən, Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə etdilər, ölkəmizin ərazi bütövlüyünü dəstəklədilər. Üçüncüsü isə Ermənistan tərəfinin uydurduğu “güclü erməni ordusu”, “güclü erməni hərbi vətənpərvərliyi” və sair miflər sabun köpüyü kimi əriyib yox oldu.
Politoloq Elman Nəsirov deyir ki, olayların ən əhəmiyyətli tərəfi odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri aktivləşdi, fəaliyyətə keçdi, Vyana və Sankt-Peterburq görüşləri baş tutdu: “Əgər əvvəllər sadəcə görüş naminə görüşlər keçirilirdisə, artıq indi ATƏT-in Minsk qrupu fərqindədir ki, əgər onlar görüşdə konkret nəticə əldə etməsələr, müharibənin başlamayacağına heç kim təminat verə bilməz. Çünki cəbhə xəttindəki hadisələrdən sonra həmsədrlər anlayıblar ki, Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil. İstənilən vaxt tərəflər arasında müharibə yenidən başlaya bilər”.
Millət vəkili hesab edir ki, bu cür hadisələrdə milli maraqların müdafiəsi hər birimiz – istər deputat, istər dövlət qulluqçusu, istər jurnalist və bloqqer, istər məktəbli – hər birimiz üçün öndə durmalıdır: “Vətənpərvərlik təkcə əlinə silah alıb gedib döyüşmək demək deyil. Düzdür, ən vacibi budur. Amma həm də, hər bir peşə sahibi öz sahəsində milli maraqların qorunmasına nail olmalıdır”.
Mətbuat tarixi də göstərir ki, indiyə kimi dünyanın müxtəlif ölkələrində bu tip mübahisələr yaranıb. Lakin yuxarıdakı ekspertlərin rəyləri kimi, hər məsələdə media əhlinin də məsələyə mövqeyi və seçimi müxtəlif olub. Jurnalistlərin verdiyi qərarın düzgün olub-olmadığını isə hadisələrin sonrakı inkişafı göstərib.
Odur ki, bütöv dövlətləri dağıtmağa qadir olan informasiya ilə ehtiyatlı davranmalı, dövlətçilik təməllərinə ziyan vura biləcək məlumatlara yol açmamalıyıq.
Fərəh Sabirqızı
Qeyd: Yazı “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqəyə təqdim olunur.