“Kvartet” rubrikasında bu dəfə böyük bir regionda hadisələrin sonrakı gedişini şərtləndirən Leninin Aprel tezislərini tarix üzrə fəlsəfə doktorları Şamil Rəhmanzadə və Kamran İsmayılovla müzakirə etdik.
Fuad Babayev: Leninin səsləndirdiyi Aprel tezislərinin bu günlərdə 100 illiyi tamam oldu. Ilin-günün bu vaxtında Leninin Aprel tezislərini müzakirə etməkdə bir fayda varmı?
Şamil Rəhmanzadə: Əvvəla dəvət üçün həm öz adımdan, həm də Kamran müəllimin adından Sizə öz minnətdarlığımı bildirirəm. Bu cür söhbətlərin ən azı faydası ondadır ki, fikir mübadiləsi aparırırq. Müəyyən tarixi məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşməyə bilər, amma müxtəlif fikirlərin toqquşmasından, qarşılaşmasından az da olsa həqiqət doğa bilər. Mənə elə gəlir ki, təxminən 1990-cı illərdən tutumuş 2000-ci illərin əvvəllərinə qədər sovet dövrünü istisnasız olaraq qaranlıq işıqlarla, zülmət kimi təqdim etmək bir növ dəbə minmişdi. Elə buna görə də həmin dövrü şərtləndirən müəyyən inqilabi proseslər, ingilabi hadisələr bir çox tədqiqatçılar tərəfindən boyatlaşmış bir elmin qalığı, lazımsız bir şey kimi kənara atılırdı. Halbuki biz o dövrün bəzək-düzəksiz Avrasiya xalqlarının tarıxindəki yerini, rolunu, əhəmiyyətini araşdırmalı və onun tarixin sonrakı inkişafına, gedişatına hansı şəkildə, hansı tərzdə təsir göstərdiyini özümüz üçün dəqiqləşdirməliyik. XX əsrin demək olar ki, ən cahanşümul hadisələrindən biri olan Oktyabr inqilabı faktiki olaraq ötən əsrin siyasi tarixinin sonrakı axarını xeyli dəyişdi. Bunu istər Oktyabr inqilabının tərəfdarları, istərsə də əleyhdarları qəbul edir. Oktyabr inqilabı olmasaydı, bəşəriyyətin tarixi tamamilə fərqli məcrada inkişaf edəcəkdi. Bu hadisə Avrasiya məkanında yaşayan və Rusiya imperiyasına daxil olan xalqların tarixində də böyük bir rol oynadı. Ona görə də həmin inqilabı şərtləndirən, həmin hadisələrin məzmununu müəyyən edən hadisələr zəncirini mütləq nəzərdən keçirməliyik.
Kamran İsmayılov: Biz ümumiyyətlə, həm rus tarixinə, həm də Azərbaycan tarixinə əlahiddə bir parça kimi baxmamalıyıq. Aprel tezislərinə də Azərbaycan tarixi kontekstində yanaşmalıyıq. Yəni araşdırmalıyıq ki, aprel tezislərini səsləndirən partiyanın liderinin sonrakı hərəkətləri və atdığı addımlar Azərbaycanda hansı proseslerə və dəyişikliklərə gətirib çıxarıb. Biz bu kontekstdən həmin hadisələrə baxmalıyıq. Aprel tezislərinin nəzəri cəhətdən mahiyyətini bilirsiniz. Həmin tezislər əslində bolşeviklərin gələcək fəaliyyətinin əsas konturlarını özündə əks etdirir. Bu baxımdan həmin tezislər heç şübhəsiz ki, müəyyən mənada Azərbaycanda gedən proseslərə də öz təsirini göstərib. Ən azı ona görə ki, bu tezislər prosesləri sürətləndirdi. Fevral inqilabında iştrak edən qüvvələr sırasında fəallıq dərəcəsini müəyyənləşdirsək, yəqin ki, bolşeviklər ən axırıncı yerdə ola bilərdi. Amma aprel tezisləri bolşeviklər partiyasının fəallaşmasına, onların digər sol qüvvələr – menşeviklər və eserlərlə yollarının ayrılmasına, nəticədə isə keçmiş Rusiya imperiyası ərazisində, o cümlədən də Qafqazda proseslərin sürətlənməsinə gətirib çıxardı. O vaxtadək əksəriyyət bu fikirdə idi ki, Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab burjua-liberal inqilabıdır və bu inqilab nəticəsində monarxiya devrilsə də, hələlik demokratik təsisatlar yaradılmayıb və formalaşmayıb. Ona görə də hadisələri sürətləndirmək lazım deyil. Lakin bolşeviklər Lenin başda olmaqla inqilabi proseslərin yeni mərhələsinə, yəni sosialist inqilabına keçmənin zəruri olduğunu söyləyirdilər. Bu baxımdan bolşeviklərin o dövrdəki hərəkətlərinə siyasi tarixi qiymət versək, görərik ki, bu müəyyən mənada Azərbaycanda, xüsusən Bakıda siyasi qüvvələrin yerləşməsinə, fəallığına öz təsirini göstərdi. Bir faktı da deyim ki, bolşeviklər partiyasının özündə də Leninin Aprel tezislərinə qarşı çıxanlar çox idi. Hətta “Pravda” qəzetinin baş redaktoru Kamenev də bu tezisləri qəzetdə vermək istəmirdi.
Fuad Babayev: Aydın məsələdir ki, aprel tezisləri və onunla əlarədar hadisələr Sovet İttifaqının mövcud olduğu onlliklər boyu müvafiq dövrün tədqiqatçılarının əsas tədqiqat obyektlərindən biri olub. 1991-ci ildə Sovet İttifaqı süqut etdi. Azərbaycan tarix elmində bu dövrdən sonra Aprel tezisləri hansısa formada ciddi şəkildə araşdırılıbmı? Müstəqilik dövründə Azərbaycan tarixi bu hadisəyə yeni bir rakursdan baxa bilibmi? Ümumiyyətlə, bizdə 1917-ci il hadisələrinə yeni baxış mövcuddurmu?
Şamil Rəhmanzadə: Bilirsiniz, bəzən bizdə diletantsayağı qeyri-elmi baxışları da yeni elmi baxış kimi təqdim edirlər. Çünki etiraf etməliyik ki, həm tarix elmində, həm də digər ictimai, humanitar elmlərdə 1990-cı illərdən sonra böyük durğunluq və tənəzzül yaşandı. Hətta hadisələrin təsvirini və ona ideoloji qiymət verilməsini sanki tarixçinin əsas elmi vəzifəsi kimi görən insanlarımız, tədqiqatçılarımız da var. Amma ümumiyyətlə götürdükdə əlbəttə 1917-ci il hadisələrini, 1917-18-ci ildəki prosesləri tədqiq edən tarixçilərimiz var və onlar bu və ya digər dərəcədə dolayısı ilə olsa da, hadisələrə öz münasibətlərini bildiriblər. Amma bu, xüsusi olaraq tədqiqat predmeti olmayıb. Bilirsiniz, bəzən biz Azərbaycanda gedən prosesləri ümumrusiya məkanında o dövrdə cərəyan edən proseslərdən təcrid etmək istəyirik. Sanki Azərbaycan və Qafqaz ayrıca bir məmləkət idi və bu proseslərdən kənarda mövcud idi. Hətta mən bir fikrimi səsləndirmək istəyirəm: 1918-ci hadisələrini hesab edirəm ki, biz mütləq və mütləq Rusiyada gedən vətəndaş müharibəsi, inqilabdan sonra baş verən proseslərin fonunda, kontekstində araşdırmalıyıq. Nəyə görə bu hadisələr baş verdi? Rusiyanın özündə hansı siyasi proseslər cərəyan edirdi ki, müəyyən hakimiyyət konfiqurasıyasını doğurdu? O hakimyyət konfiqurasiyası daxilində hansı ziddiyyətlər var idi? Milli hərəkat və inqilabi düşərgə arasında münasibətlər necə olub? Bu suallara dolğunluqla cavab vermədən nə biz 1918-ci ildə baş verən soyqırımın mahiyyətini, təbiətini, onu doğuran səbəbləri özümüz uçün ayrıd edə bilmərik, nə də ki, 1918-ci ilin may ayının 28-də elan edilmiş Xalq Cümhuriyyətinin hansı zərurətdən meydana gəlməsini dəqiqləşdirə bilmərik. Bu nöqteyi-nəzərdən bizim üçün əlbəttə ki, 1917-ci il fevral inqilabından sonra baş vermiş siyasi proseslərin təfsilatlı tədqiqi olduqca vacib bir məsələdir.
Kamran İsmayılov: Əslində söhbət burada tədqiqatdan getmir, çünki tarix elminin əsas vəzifəsi hansısa müasir tədqiqatçıların, məlum olayan mənbələrin, materialların üzə çıxarılmasından ibarət deyil. Bu gün tarixçilərin əsas vəzifəsi həmin o məlum postulatlara, məlum həqiqətlərə yenidən nəzər salmaq, interpretasiya etməkdir. Həm də bilirsiniz, biz müstəqillik əldə edəndə başımıza gətirilən fəlakətlər əslində müəyyən mənada tarixi tədqiqatların xarakterinə öz təsirini göstərmiş oldu. Çünki biz istər-istəməz bu məsələlərin daha çox milli aspektlərinə diqqət yetirməyə məcbur olduq. Əslində tarixçi üçün milli kimlik heç bir rol oynamamalıdır. Amma bu mümkün deyil, çünki hər bir tarixçi tarixi proseslərə öz subyektiv baxışından, subyektv mövqeyindən yanaşır. Əslində Rusiyanın özündə də bu, belədir. Rusiyada da həmin 1917-ci il və 1918-ci ilin əvvəllərinə qədərki dövr – vətəndaş müharibəsinin başlanmasına qədərki dövr artıq bir o qədər ideoloji əhəmiyyət kəşb etməyən məsələyə çevrilib. Bu, bir növ müasir Rusiyanın mövqeyindən və yaxud vəziyyətindən baxılaraq izah edilir. Ona görə də Azərbaycan tədqiqatçılarının da bu məsələyə bir o qədər də diqqət yetirməməsi mənə elə gəlir ki, başa düşüləndir. Ancaq eyni zamanda biz həmin dövrdə Azərbaycanda, istər Bakı şəhərində, istərsə də regionlarda baş verən siyasi, milli və digər hadisələri qiymətləndirərkən onlara dar çərçivədən baxa bilmərik. Şamil müəllim düz qeyd etdi, nəinki Azərbaycanda, ümumiyyətlə bütün Avrasiya adlandırdığımız məkanda böyük bir coğrafiyanı əhatə edən proseslərlə, Rusiyada gedən proseslər bilavasitə əlaqədar idi.
Fuad Babayev: Aprel tezisləri açıq mənbələrdə var. Hər kəs açıb asanlıqla oxuya bilər. Sovet dövründə Aprel tezislərinə münasibət tarix elmində, tarıxşunaslıqda əlbəttə birmənalı olaraq müsbət idi. Amma Sovet quruluşu süqut etdikdən sonra bu mövzu diqqət mərkəzindən kənarda qalıb. Həm də ola bilsin ki, sizin söylədiyiniz səbəblərdən. Bir çox insanların Aprel tezislərinin 100-cü ildönümü olması haqqında məlumatı yoxdur.
Şamil Rəhmanzadə: Nəinki xəbərləri, heç təsəvvürləri də yoxdur ki, belə bir hadisə olub.
Kamran İsmayılov: Tarix fakültəsinin tələbələrinə müraciət edin. Tarixçi tələbələr də ola bilsin ki, heç tezislər haqqında məlumata malik deyillər. Nən sizin bu suallarınızı ona görə yüksək qiymətləndirirəm ki, biz Azərbaycanda baş verən prosesləri həmişə elə bil ki, əlahiddə baş verən, dünyadakı proseslərdən kənarda təsəvvür edirik. Elə bil ki, bu hadisələrin Azərbaycanda baş verənlərə heç bir təsiri olmayıb. Bu əslində çox yanlışdır.
Fuad Babayev: Bu əlbəttə, qusurlu yanaşmadır. Başa düşürük ki, bu hadisələrə yeni yanaşma hələ tam formalaşmayıb. Leninin Aprel tezislərinin bizə nə təsiri olub?
Şamil Rəhmanzadə: Gəlin əvvəlcə bu suala cavab tapaq. Aprel tezisləri nədir? Və hansı zərurətdən yaranıb? 1917-ci ildə Rusiyada nə baş verirdi? Rusiya biz bildiyimiz kimi 1914-cü ildən Birinci Dünya müharibəsinə qatılmışdı. Və Rusiya həmin müharibədə ən çox itki verən, ən böyük zərbə alan ölkə idi. Mən bunu cəsarətlə söyləyə bilərəm. Çünki Rusiya təxminən 3 milyon nəfərdən artıq insan itirmişdi, bu ümumi itkilərin təqribən 40-50%-ni təşkil edirdi. İkincisi də Rusiya bütün müharibənin əsas ağırlığını öz çiyinlərinə almışdı. Bir fakt deyim Sizə, ola bilər ki, oxucular üçün də maraqlı olar. 1916-cı ildə diskussiya gedirdi ki, “Antanta”nın tərkibində Rumıniyanı müharibəyə cəlb etmək lazımdır, ya yox? Çünki 1916-cı ildə “Antanta” Yunanıstana desant çıxarmağa və Balkanlar üzərindən dördlər ittifaqına hücum etməyə hazırlaşırdı. Belə bir məqamda Rumıniyanın müharibəyə cəlb edilməsi olduqca vacib bir məsələ kimi gündəmə gəlmişdi. Rusiyanın bir dövlət xadimi bununla bağlı maraqlı ifadə işlətmişdi: “Rumıniya ilə savaşmaq daha asandır, nəinki onun kimi müttəfiq seçmək”. Rumıniya müharibəyə daxil oldu və Rusiya müəyyən öhdəliklər götürdü. 1916-cı ilin sonlarında Rumıniya darmadağın edildi. Rumın ordusunun qalıqları Rusiya ərazisinə keçirildi. Və bu cəbhənin də ağırlığını Rusiya öz üzərinə götürdü. 1917-ci ilin əvvəllərinə doğru Rusiya hərbi yük altında o dərəcədə əyilmişdi ki, müharibədən çıxmaq haqqında artıq saraydakı dairələrdə belə söhbətlər gedirdi. Əslində müharibə baş verməsəydi, Rusiyada çox güman ki, hadisələr, inqilabi proseslər olmayacaqdı və ya hansısa siyasi proseslər fərqli bir məzmun kəsb edəcəkdi. Məhz o itkilər, məhrumiyyətlər, Rusiyanın müharibəyə hazır olmaması hadisələri inqilab astanasına gətirib çıxardı. İnqilabın başlanğıcında sosialist düşərgənin nümayəndələri inqilabi prosesə çox az təsir etdilər, çünki onların əksəriyyəti ya sürgünlərdə, katorqalarda ya da mühacirətdə idilər. Baş verən proseslərin siyasi məsuliyyətini öz üzərinə götürən qüvvələr kadetlərə və oktyabristlərə yaxın olan qüvvələr idi. Onlar parlamentdə də təmsil olunmuşdular və birbaşa çar höküməti ilə əlaqədə idilər. 1917-ci ilin fevral inqilabını indiki müasir rus tarixçiləri böyük bir ölçüdə Duma müxalifətinin fəaliyyəti ilə əlaqələndirirlər. Tarixçilər deyirlər ki, 1917-ci ildə bolşeviklər müəyyən dərəcədə eser şüarlarını ortaya atmışdılar. Həmin Aprel tezisləri bir neçə blokdan ibarət idi. Birincisi, inqilab tam zəhmetkeş xalq kütlələrinin əlinə keçənə qədər davam etməlidir. Və müvəqqəti hökümətə tam etimadsızlıq göstərilməlidir. Bu şüar faktiki olaraq bolşeviklərin xalq kütlələri arasında böyük uğur, populyarlıq qazanmasına yol açdı. Xalq müharibəyə son qoymaq istəyirdi, çünki o müharibəni aparan əsasən kəndli kütlələri idi. Rusiya əhalisinin 80%-ni kəndlilər təşkil edirdi. Və onlar ailələri evdə acından ölərkən gedib bəlli olmayan məqsədlər uğrunda savaşmaqdan bezmişdirlər. Digər məsələ isə torpaq məsələsi idi. Torpaq məsələsində də bolşeviklər çox dahiyanə bir gediş etdilər. Onlar faktiki olaraq eserlərin torpaqların sosiallaşması şüarını əxz elədilər və onu öz siyasi proqramlarına daxil etdilər. Üçüncü məsələ isə hakimiyyətin sovetlərə verilməsi idi. Sovet nə idi? İndiki rus tarixçiləri deyirlər ki, faktiki olaraq sovet quruluşu Rusiyanın sosio-mədəni matrisasından, modelindən irəli gəlir. Bolşeviklərin Rusiya kəndlisinin, əsas insan kütləsinin axtarışlarına cavab tapmaları onların son nəticədə uğurlarını nəticələndirmişdi.
Kamran İsmayılov: Şamil müəllim bu məsələnin nəzəri, siyasi tərəflərindən danışdı, amma biz azərbaycanlılar aktuallığından danışarkən birinci onu qeyd etməliyik ki. Fevral inqilabının ilk günlərindən başlayaraq əsas siyasi fəallıq Petroqrad, Moskva və Bakıda cərəyan edirdi. Lenin bolşeviklər partiyasının rəhbəri idi. Və onun dedikləri yerli təşkilatlar üçün direktiv xarakter daşıyırdı. Yəni hökmən yerinə yetirilməliydi. İnqilabdan dərhal sonra Şaumyan başda olmaqla əksər qafqazlı bolşeviklərin Bakıda toplaşması nəticəsində hadisələr sürətlə başqa istiqamətdə inkişaf etməyə başladı. Aprel tezislərində öz əksini tapmış hakimiyyətin sovetlərə keçməsi müddəasını Bakıda da bolşeviklər başladılar nəyin bahasına olursa-olsun yerinə yetirməyə.
Şamil Rəhmanzadə: Amma Bakıda bolşeviklər rəhbərlik etmirdilər. Heç uzun müddət üstünlük də təşkil etmirdilər.
Kamran İsmayılov: Amma istəyirdilər. İstəyirdilər ki, hakimiyyət sovetlərə keçsin.
Şamil Rəhmanzadə: 1917-ci ildə kifayət qədər fikir ayrılıqları var idi. 1917-ci ilin mart ayının 12 –də Stalin, Muranov, bir də Kamenev sürgündən qayıdırlar. Onlar dərhal məsələ qoyurlar iki, müvəqqəti höküməti dəstəkləmirlər. Lenin aprel ayının 3-də gəlib Peterburqa. Buna qədər onun “Uzaqdan məktublar”ı dərc olunmuşdu. Orada artıq məsələ qoyulmuşdu ki, müvəqqəti hökümətlə əlaqə olmamalıdır. Bolşeviklərin özlərinin arasında əksəriyyət Leninin tezislərini sərsəmlik kimi qəbul edirdi. İnqilab yeni başlamış, monarxiya yenicə devrilmişdi. Hələ bilinmirdi ki, monarxiya, yaxud konstitusiyalı monarxiya olacaq. Birdən-birə sosialist inqilabı fantaziya kimi görünürdü. Hətta Plexanov deyirdi ki, “bu gün Lenin marksist kimi öldü, anarxist kimi dünyaya gəldi”. Bir çox bolşevik rəhbərləri, hətta Stalinin özü də 1917-ci il aprel ayının 10-na, 15-nə qədər faktiki olaraq Leninin mövqeyinə əks düşərgədə dururdu. Hətta “Pravda” qəzetində sislsilə məqalələr dərc olunurdu. Çünki Lenin tezisləri ayın 7-də (yeni tarixlə aprelin 20-də) dərc olunmuşdu. Lenin tezislərini artıq 4 apreldə Ümumrusiya fəhlə və əsgər deputatları sovetlərinin müşavirəsində səsləndirilmişdi.
Kamran İsmayılov: 1917-ci il aprel ayının 15-20 –də faktik olaraq müzakirə olunan məsələlərin mahiyyəti ilə Leninin Aprel tezislərinin mahiyyəti arasında elə bir fərq yox idi. Eyni gündəliyə çıxan məsələ hakimiyyət məsələsi idi. Torpaq məsələsi, hakimiyyət məsələsi, Rusiyanın gələcək quruluşu məsələsi eyni idi. Yəni siyasi qüvvələr eyni məsələyə münasibət bildirirdilər.
Şamil Rəhmanzadə: Müsəlmanların aprel qurultayında muxtariyyət məsələsi hələ tam çılpaqlığı ilə qaldırılmamışdı. Bu məsələ 1917-ci ilin Moskva qurultayında qaldırılıb. Burada da iki məsələ ortaya çıxdı – ərazi müxtariyyəti, yoxsa mədəni muxtariyyət.
Kamran İsmayılov: Qafqaz qurultayında məsələ qaldırıldı ki, Rusiya demokratik respublika olmalıdır.
Şamil Rəhmanzadə: Amma tam şəkildə bu müxtariyyat necə olmalıdır, hansı formada olmalıdır, Azərbaycanda ümumiyyətlə nədən ibarət olmalıdır, fikrində yekdillik yox idi. Qurultayın adı Qafqaz müsəlmanları qurultayı adlandırılmışdı və Qafqazda yaşayan müsəlman toplumunun qurultayı kimi nəzərdə tutulmuşdu. Lakin Dağıstandan gələn qurultay iştirakçıları görəndə ki, bu qurultayın gedişində sırf Azərbaycanla bağlı problemlər müzakirə olunur, imtina edib çoxusu çıxıb getmişdi. Demişdilər ki, siz burada Azərbaycan, türk toplumu, türk etnosu ilə əlaqədar olan məsələləri türk dilinin inkişafını, türk muxtariyyətini müzakirə edirsiniz. Bu artıq tamam fərqli mövzudur ki, Azərbaycan etnik şüurunun, daha doğrusu, özünü identikləşdirməsində etnik komponentə bu inqilabi proseslər nə dərəcədə rəvac və təkan verdi.
Kamran İsmayılov: Siz dediyinizdən bələ çıxır ki, Lenin başda olmaqla Moskvada bolşevizmin vəzifələri ilə bağlı məsələlər Bakıdakı bolşevikləri narahat etmirdi?
Şamil Rəhmanzadə: Yox, edirdi. Mən demək istəyirəm ki, bu milli məsələyə gətirib çıxartdı. Amma nə baş verdi? 1917-ci ildə aprel ayının 7-20 tarixində “Pravda” qəzetində dərc olunur. Ertəsi gün Kamenevin “Bizim ixtilaflarımız” adlı məqaləsi çıxır. Və orada deyir ki, bu Leninin şəxsi fikridir və partiyanın mövqeyi deyil. Amma tədricən Aprel tezisləri qısa bir müddət ərzində bolşevik kütlələri arasında böyük populyarlıq qazandı. Aprel ayının 22-dən 29-na qədər (5-12 may) RSDFP-nin 7-ci Ümumrusiya konfransı keçirildi. Orda artıq bu tezislər qəbul olundu. Bakıya gəldikdə isə deyim ki, Şaumyan Bakıya təxminən mart ayının 14-də gəlib. Hərçənd ki, martın 6-da Şaumyanı qiyabi olaraq Bakı Sovetinin sədri seçilmişdi. Düzdür, uzun müddət davam gətirə bilmir. Menşevik və eser çoxluğu Bakı Sovetinin sədri kimi Saakyanı seçir. Bir də oktyabr ayında bolşeviklər yenidən Bakıda üstünlüyü ələ keçirə bilirlər. Martda hələ tərəddüdlər olsa da, Şaumyan Bakıya döndükdən və Lenin tərəfindən Aprel tezisləri səsləndikdən sonra Bakı bolşevik komitəsi Leninçi xətti birmənalı olaraq dəstəkləyir.
Fuad Babayev: Və sonda çox maraqlıdır, bu kontekstdə biz Azərbaycan tarixi ilə maraqlanan insanlara nəyi tövsiyə etməliyik? Bizim Azərbaycan tarixi ilə maraqlanan insanların həmin dövr və konkret olaraq Aprel tezisləri ilə bağlı bilməli olduqları əsas məqamlar nədir?
Kamran İsmayılov: Biz başa düşməliyik ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə nə yaşayıbdır, nə də mövcud olubdur . Ona görə də bu məsələrə biz kompleks şəkildə baxmalıyıq.
Şamil Rəhmanzadə: Bu məsələ o qədər çoxtərəflidir ki, onu iki cümləyə sığışdırmaq çətin olar. Bu hadisə özlüyündə müəyyən bir proseslərə rəvac verdi. Həm də özü müəyyən bir hadisələrin nəticəsi idi. İstər-istəməzəz Rusiyada inqilabı, inqilabi ziddiyyətləri daha da dərinləşdirdi. Bu da öz növbəsində Rusiya imperiyasının dağılması ilə nəticələndi. Rusiya imperiyasında müxtəlif dövlət quruluşu formalarına rəvac verdi. Rusiya imperiyasının ucqarlarında milli şüurun, milli kimlik şüurunun inkişafına təkan verdi. Respublikaların yaranmasına təkan verdi.
Hazırladı: Gündüz Nəsibov, 1905.az