1905.az portalının suallarını tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradov cavablandırır.
– Aqil müəllim, general Kvinitadzenin “Xatirələr. 1917-1921” kitabında Azərbaycana aid məqamlardan danışmazdan əvvəl müəllifin həyat yoluna nəzər salaq.
– Gürcüstanın Çikovanilər sülaləsindən olan Georgi İvanoviç Kvinitadze 1874-cü ildə Dağıstanda anadan olub. Tiflis Kadet Korpusunda, Peterburq Konstantinovsk Piyadalar məktəbində və Baş Qərargahın Akademiyasında hərbi təhsil alıb, Vladiqafqazda, Polşada, Uzaq Şərqdə hərbi xidmətdə olub, Birinci dünya müharibəsi illərində Qafqaz Atıcı Diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1917-ci ildə Georgi İvanoviç Kvinitadze general-mayor rütbəsində idi. 1918-ci ilin may ayında Gürcüstan müstəqil respublika elan olunduqdan sonra general Kvinitadze müxtəlif vaxtlarda bu respublikanın silahlı qüvvələrinin baş komandanı olmuşdu. Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra o, Fransaya mühacirət etmiş və “Xatirələr. 1917-1921” kitabını da orada yazmışdır. General Kvinitadze 1870-ci ildə Fransanın Ştau şəhərində vəfat edib.
– Generel Kvinitadzenin kitabında əsas diqqət yəqin ki, bilavasitə Gürcüstanda baş verən hadisələrə ayrılıb, elə deyilmi?
– Elədir. Kitabda əsas diqqət 1917-1921-ci illərdə Gürcüstanda cərəyan edən proseslərə yönəlib. Amma müəllif həmin dövrdə Azərbaycanda baş vermiş hadisələrə də müəyyən yer verib və bu hadisələr müəllifin baxış bucağı altında, bəzi hallarda qeyri-obyektiv olaraq qiymətləndirib
– Səhv etmirəmsə, müəllif Şəmkir hadisələrindən yan keçməyib.
– Gürcü generalın xatirələrində yer almış məqamlardan biri 1918-ci ilin yanvarında baş vermiş Şəmkir hadisələri ilə bağlıdır. Bu hadisələri özünəməxsus şəkildə şərh edən müəllif yazır: “Yanvar ayında cəbhədən qayıdan rus orduları axışıb gəldi. Şamxor hadisələri qızışdı. Yerli tatarlar, (azərbaycanlılar – A.Ş.) gedən ordu eşelonlarına hücum edərək darmadağın etdilər. Deyirlər ki, tatarlara Lenka Maqalaşvili (gürcü polkovniki – A.Ş.) rəhbərlik edirdi. Bundan sonra, darmadağın olunmuş eşelonların aqibətini yaşamamaq üçün ordular cəbhədən təşkilatlanmış şəkildə qayıdırdılar. Eyni zamanda, Tbilisinin üzərini də təhlükə almışdı. Eşelonlar Yelizavetpoldan (Gəncədən – A.Ş.) getməyə qorxaraq, güc tətbiq edəcəkləri ilə hədələyərək, Tbilisidən keçməklə Batumiyə getməyi tələb etdilər. Bu vəhşi kütləni Yelizavetpoldan keçməklə getməyə razı salmaq və onlar üçün sərbəst keçidi təmin etmək lazım idi. Bu iş bizim liderlərin payına düşdü və onlar bunu müvəffəqiyyətlə yerinə yetirdilər… Soğanlıqdan Tbilisiyə gedən yol söküldü. Tbilisinin müdafiəsi üçün hərbi qüvvələr gətirildi… Deyirlər ki, Ramişvili (Zaqafqaziya Komissarlığının daxili işlər naziri – A.Ş.) paravozla eşelonun önündə getməli oldu, tatarların hücumundan qorxaraq, bu kütlə başqa cürə getmək istəmirdi”.
– Burada müəllifin qərəzi sezilir. Özü də açıq-aşkar.
– Bəli. İlk növbədə qeyd etmək lazımdır ki, general Kvinitadzenin təqdimatı hadisələrin mahiyyətini tam əks etdirmir və belə təəssürat yaradır ki, yerli azərbaycanlı əhali cəbhədən qayıdan əsgərlərin üzərinə heç nədən hücuma keçərək onları darmadağın etmişdi. Həqiqətdə isə hadisələrin inkişafı tam başqa məcrada getmişdi. Birincisi, Birinci dünya müharibəsi cəbhələrindən qayıdan rus-erməni əsgərləri yol boyu azərbaycanlıları talan etməklə məşğul olmuşlar. 1917-1920-ci illərdə keçmiş Rusiya imperiyası ərazisində cərəyan edən hadisələrin tədqiqi ilə məşğul olan Viktor Alekseyeviç Boykovun bildirdiyi kimi, cəbhədən qayıdanlar yalnız azərbaycanlıların yaşadıqları məskənləri talan edirdilər. İkincisi, bolşeviklər rus ordusunda müəyyən nüfuz qazana bilmişdilər və bu səbəbdən də, əsgərlər, xüsusilə də erməni əsgərlər malik olduqları silahları daşnak Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinə verməyə hazır idilər. Bütün bunları nəzərə alan Zaqafqaziya Komissarlığı əsgərləri tərksilah etmək qərarına gəlmiş və 1918-ci il yanvarın 8-10-da onlara qarşı əməliyyat keçirmişdi. Başqa sözlə, toqquşma cəbhədən qayıdan əsgərlərlə Zaqafqaziya Komissarlığının silahlı qüvvələri arasında baş vermişdi və bu zaman rus-erməni əsgərlərdən onlarla top, pulemyot, çoxlu sayda tüfəng alınmışdı. General Kvinitadzenin azərbaycanlıların rəhbəri kimi təqdim etdiyi polkovnik L. Maqalaşviliyə gəldikdə isə, o, Zaqafqaziya Komissarlığının hissələrinə rəhbərlik etmişdi. Azğınlaşmış rus-erməni əsgərlərinin tərksilah edilməsi prosesində polkovnik Süleyman bəy Əfəndiyevin komandanlığı altında 5-ci Yelizavetpol nişançı alayı da iştirak etmişdi. Ümumiyyətlə, azərbaycanlıların bu prosesdə iştirakını təbii qəbul etmək lazımdır, çünki, birincisi, artıq qeyd olunduğu kimi, dinc və silahsız azərbaycanlı əhali talanlara məruz qalırdı, ikincisi isə, gürcü və ermənilər silahlı olduqları halda, azərbaycanlılar da özlərini müdafiə etmək üçün silaha yiyələnmək istəyirdilər. Şəmkir hadisələrindən təxminən iki ay sonra Bakıda və Azərbaycanın digər bölgələrində erməni-daşnaklar tərəfindən azərbaycanlılara qarşı törədilən soyqrım hadisəsi bu istəyin zərurətdən irəli gəldiyini göstərdi. On min nəfərdən çox azərbaycanlının qətlə yetrildiyi mart soyqrımı barədə general Kvinitadze yazır: “Bir xarakterik faktı qeyd etməyə bilmərəm. Hələ Zaqafqaziya hökuməti mövcud olduğu zaman Bakı yerli bolşeviklərin əlinə düşdü, həm də məlum idi ki, bolşevik silahlı qüvvələrinin əsas hissəsi erməni polku idi. Bakıda və başqa rayonlarda ermənilər tərəfindən tatarların qırğını törədildi. Bu zaman Müsəlman Korpusu formalaşmamışdı, gürcü qoşunları rüşeym halında idi”.
– Zaqafqaziya Seyminin mart soyqrımından əvvəl, 1918-ci il fevralın 23-də keçirilmiş iclasında azərbaycanlı nümayəndələr Bakını bolşevik-daşnak qüvvələrindən azad etməyi tələb etmişdilər.
– Doğrudur, lakin Seymin erməni və gürcü fraksiyaları Türkiyə təhlükəsi haqqında əsassız bəhanələr gətirərək Bakıya qoşun göndərməkdən imtina etmişdilər. “Türkiyə təhlükəsi” general Kvinitadze tərəfindən də təkrarlanır: “1918-ci ilin yazı idi. Gürcülər Zaqafqaziya hökumətinin ərazisini azad etmək üçün Bakıya hərəkət etmək gücündə deyildilər, xüsusən ona görə ki, türklərə qarşı keşikdə durmaq, Axalkalaki cəbhəsində və Qaqra istiqamətində Könüllü orduya qarşı hərbi əməliyyatlar aparmaq lazım idi. Ermənilər də türklərə qarşı hərbi əməliyyatlar üzündən qoşun vermədilər. Vəziyyət belə idi. Azərbaycan nümayəndələri Bakını bolşeviklərin əlindən azad etmək üçün qoşun göndərməyi tələb edirdilər. Budur, yaxşı yadımdadır, iclasların birində Azərbaycan xalqının Zaqafqaziya hökumətindəki nümayəndələrindən biri, Usubbəyov elan etdi ki, əgər Zaqafqaziya hökuməti Bakıya qarşı qoşun göndərməsə, onda onlar – azərbaycanlılar – Bakını bolşeviklərin əlindən qoparacaq “başqa qüvvələr” tapacaqlar. İşarənin türk hissələrinə yönəldiyi kifayət qədər aydın idi. Bu bəyanatın Zaqafqaziya Respublikasının digər millətlərinin nümayəndələrində doğurduğu acı təəssüratı əla xatırlayıram. Buna baxmayaraq, yenə də Bakıya kömək göstərmək mümkün olmadı…”.
– Bu məsələlər bizim müəlliflərin əsərlərində necə əksini tapıb?
– Zaqafqaziya Seyminin erməni və gürcü fraksiyalarının qeyri-səmimi davranışı Məhəmməd Əmin Rəzulzadənin diqqətini də cəlb etmişdi. O, özünün “Azərbaycan Cümhuriyyəti” əsərində bu barədə yazır: “Azərbaycanlı “Seym” əzasının yüksək səda ilə bağırıb-çağırması Tiflis hökümətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə lüzumunca təsir edəmədi. Gürcüstan daxilindəki bolşevizmi min şiddət və qəhrlərlə basdıran bu əfəndilər Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər. Gəncə milli müsəlman komitəsinin təşkil etdiyi istixlas ordusuna milyonlarla fişəng, onlarla metralyoz və bir kaç top vəd edilsə də, bu vədlər haqqı ilə tutulmadı. Tiflis mətbuatı isə Bakının Azərbay can “başı-pozuq” qüvvəti ilə istirdadına qarşı “vəqeyi-irticaiyyə” – deyə protesto etdi. Nəhayət, “türk təhlükəsi varkən bolşeviklərlə müxasim olamayız” – deyə aldıqları bu qərib vəziyyəti əcib izah etdilər”.
– Kvinitadzenin xatirələrinə dönək. Türkiyə ilə bağlı məqamlar haqqında bir qədər ətraflı danışa bilərsinizmi?
– General Kvinitadze Müəllif 1918-ci ilin martında Zaqafqaziya Seymi və Türkiyə nümayəndələrinin iştirak etdikləri Trabzon konfransından bəhs edir. General Kvinitadze Trabzon konfransının nəticəsiz başa çatmasının günahkarı kimi Türkiyəni göstərir: “…Trabzonla Zaqafqaziya Komissarlığı nümayəndələrinin Türkiyə ilə danışıqları gedirdi. Türkiyə Rusiyanın bölşevik hökuməti nümayəndələrinin imzaladığı Brest-Litovsk müqaviləsinin yerinə yetirilməsini tələb edirdi. Danışıqlar zamanı türklər hərbi əməliyyatları davam etdirirdilər. Bu nümayəndə heyətində baş komandan qərargahının nümayəndəsi sifətində qərargah rəisi general Levandovski iştirak edirdi. Danışıqlar heç bir nəticə vermədi. Nümayəndəlik geri qayıtdı”. Həqiqətdə isə, danışıqların uğursuzluğu Brest-Litovsk müqaviləsinin Cənubi Qafqazın müstəqilliyi haqqındakı müddəasının, Rusiyadan ayrılmağın əleyhinə çıxış edən Zaqafqaziya Komissarlığı tərəfindən qəbul edilməməsi ilə bağlı idi. Komissarlığın nümayəndə heyətinin tərkibinə, 1920-ci ilin aprelində Azərbaycanı işğal edəcək XI bolşevik ordusunun komandanı olacaq general Mixail Karloviç Levandovskinin daxil edilməsi də təsadüfi deyildi.
– İndi də ərazi problemləri ilə bağlı danışaq.
– General Kvinitadze 1918-ci ilin may ayında Cənubi Qafqazda meydana gəlmiş respublikalar arasında ərazi problemlərinin olduğunu qeyd edir və bu zaman növbəti yanlışlıqlara yer verir. O, qeyd edir ki, “1917-ci ildən, inqilabın ilk günündən bizim başçılar erməni nümayəndələrinə əhalisinin çoxu ermənilər olan vilayətləri, yəni Borçalı və Axalkalakini onlara verməyi vəd etmişdilər. Bu vədləri yerinə yetirməkdən imtina edən başçılarımız bizə hücum edən Ermənistanla müharibə aparmalı oldular… Bu müharibənin nəticəsi maraqlıdır. Müvəffəqiyyətimizə baxmayaraq, başçılarımız bizim Borçalı vilayətini mübahisəli zona kimi tanımağa razı oldular. Bu vilayət qədimdən həmişə Gürcüstana məxsus olmuşdur… Ermənilər bu vilayətdə çoxluq təşkil edirdilər, zira onlar Türkiyədən qaçanlar idilər. Hər Rusiya-Türkiyə müharibəsindən sonra erməni qaçqınlar rus hökumət orqanları tərəfindən təkcə bu vilayətə deyil, Kartli və Kaxetiyada da məskunlaşdırılırdılar. 1853-1855-ci illərin (1853-1856 – A.Ş.) Krım müharibəsindən sonra onların 90 min nəfəri köçürülmüşdü. Ümumiyyətlə, bizim rəhbərlər qədim gürcü torpaqlarına çox yüngül münasibət bəsləmişlər. Bu cür onlar Zaqatalanı Azərbaycana verdilər…”.
Birincisi, qeyd etmək lazımdır ki, tarixi Azərbaycan ərazisi olan Borçalı mahalı Gürcüstan və Ermənistan arasında deyil, Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazi olmuşdur və burada ermənilərin sayı, general Kvinitadzenin qeyd etdiyi kimi, köçürmə siyasəti nəticəsində artmışdı. Zaqatalaya gəldikdə isə, o, mübahisəsiz ərazi kimi Azərbaycan Cümhuriyyətinin tərkibində olmuşdur. A.İ. Stavrovskinin redaktorluğu altında çap olunmuş “Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvimi”ndə verilmiş statistik məlumatlardan aydın olur ki, 1917-ci ildə Zaqatala dairəsində 92698 nəfər yaşayırdı. Onların 85136 nəfəri və ya 91,81 %-i müsəlman, 4664 nəfəri və ya 5,03 %-i gürcü, 2530 nəfəri 2,73 %-i erməni, 326 nəfəri və ya 0,35 %-i rus, 42 nəfəri və ya 0,05 %-i isə digər etnosların nümayəndələri idi.
– Maraqlıdır, Kvinitadze bizim cümhuriyyətin təmsilçiləri ilə görüşmüşdümü?
– 1920-ci ilin əvvəllərində Cənubi Qafqaz bolşevik Rusiyasının təhlükə və təhdidləri ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə, həmin il aprelin 20-də general Kvinitadze, 1919-cu ilin iyununda Azərbaycan və Gürcüstan arasında qarşılıqlı hərbi yardım haqqında imzalanmış müqaviləni canlandırmaq məqsədilə Bakıya səfər etmiş, Azərbaycan hökumətinin rəhbərləri, hərbi nazir general Səməd bəy Mehmandarov və onun müavini general Əliağa Şıxlinski ilə görüşmüş, bundan sonra isə, Azərbaycanın şimalında, Samur çayı boyunca yerləşən müdafiə istehkamlarına baş çəkmiş və burada işlərin qənaətbəxş olmadığını bildirmişdi. General Kvinitadze qeyd edir: “Samur istehkamları yarımçıq idi və iş demək olar ki, aparılmırdı. İstehkam xətti dağdan dənizə qədər 15-20 verst uzunluğunda idi və üzərində körpü olan Samur çayı boyunca uzanırdı. Bu körpü, əlbəttə, azərbaycanlıların əlində olmalı idi, ancaq ora gələrək öyrəndim ki, o, bolşeviklərin əlindədir. Beləliklə, balşeviklər körpünü öz əllərində saxlamaqla istənilən an çayı tam maneəsiz keçə və qəflətən Azərbaycan ordularına hücum edə bilərdilər”. O, bunun ardınca bildirir ki, “Azərbaycan bolşeviklərlə müharibəyə kifayət qədər intensiv hazırlaşmır… Samur istehkamları cəmi bir batalyonla qorunur. Azərbaycanın qalan qoşunları dövlətin cənubunda idi və ermənilərlə müharibə aparırdı”. Göründüyü kimi, gürcü generalın fikirləri ziddiyyətli xarakter daşıyır. Belə ki, Azərbaycanın bolşeviklərlə müharibəyə intensiv hazırlaşmaması barədə general Kvinitadzenin fikri ilə razılaşmaq çətindir, çünki Samur çayı üzərindəki körpüyə bolşeviklərin nəzarət etməsi, Samur istehkamlarında azərbaycanlı hərbçilərin sayının az olması Azərbaycan hökumətinin səhlənkarlığının deyil, onun özünün də qeyd etdiyi kimi, ermənilərin Azərbaycana təcavüzü və bu səbəbdən də, ordunun əsas hissəsinin bu təcavüzün qarşısının alınması prosesinə cəlb edilməsi ilə bağlı idi.
Məlumdur ki, bolşevik Rusiyasına münasibətdə Azərbayca hökumətində fərqli yanaşmalar mövcud olmuşdu. Bu məsələni də diqqətdən kənarda saxlamayan General Kvinitadze bu barədə yazır: “Azərbaycan hökumətinin bir hissəsi… sovet hakimiyyətini tanımaq və Azərbaycan dövlətinin Rusiya Federasiyasına girməsi haqqında danışıqlar aparırdı. O, Azərbaycanın yollar naziri Məlik Aslanovun Samur çayı sahilindəki dəmir yol stansiyasında bolşeviklərlə apardığı danışıqların şəxsən şahidi olduğunu bildirir. 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin son iclasında cərəyan edən proseslər də general Kvinitadzenin fikirlərinin təsadüfi olmadığını sübut edir. Belə ki, qeyd olunan iclasda “İttihad” partiyasının, sosialist blokunun və bəzi fraksiyaların nümayəndələri hakimiyyətin bolşeviklərə verilməsi tələbini müdafiə etmişdilər.
General Kvinitadze Azərbaycana səfəri zamanı burada gedən siyasi prosesləri, yerli əhalinin əhvali-ruhiyyəsini də müşahidə etmiş və gördüklərini öz xatirələrində şərh etmişdi. Onun qənaətinə görə “Azərbaycanın ziyalı dairələrində üç cərəyan vardı. Böyük olan bir hissə Türkiyəyə meyllənir, kiçik olan digər hissə isə, bu və ya başqa bayraq altında Rusiyaya birləşməyə meyl edirdi. Bu cərəyan Denikin ordusunun məhvindən və bolşeviklərin bilavasitə Azərbaycan sərhədlərinə yaxınlaşmasından sonra güclənmişdi. Nəhayət, Azərbaycanın müstəqilliyinin tərəfdarları da vardı, ancaq belələri az idi. Sadə xalq kütlələri isə Türkiyə meylli idi… Qeyd etmək lazımdır ki, Bakıda Rusiyaya can atan çoxlu sayda rus fəhləsi vardı, həmçinin həmişə tatarlar tərəfindən qırılacaqlarından qorxan yerli ermənilər də Rusiyanın tərəfində idilər. Qeyd olunanlar Azərbaycanda bolşevik hakimiyyətinin xalqın iradəsi ilə qurulduğunu iddia edənlərin əksinə olaraq, ölkədə bolşevik inqilabının sosial dayaqlarının çox zəif olduğunu göstərir. Yalnız kökləri bu torpaqla bağlı olmayanlar Rusiyaya can atırdılar”.
General Kvinitadze qeyd edir ki, “Azərbaycan Şimali Qafqaz və Dağıstan kimi bolşeviklər tərəfindən işğal olunmamışdır. Burada, mahiyyətcə, bolşeviklər hökumətin bir hissəsi tərəfindən dəvət olunmuşdular və Bakıda hakimiyyət onların əlinə döyüşsüz keçmişdi. Azərbaycanın yeni hökumətinə tabe olmuşdu, bunun da nəticəsində bolşeviklər bu ölkənin ərazisinə hər hansı bir müqavimət olmadan yayılmışdılar…”. Azərbaycanın müqavimətsiz olaraq sovetləşməsi barədə fikir söyləmək tarixi ədalətsizlikdən başqa bir şey deyildir. Təkcə Gəncə üsyanını qeyd etməklə Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qarşı güclü müqavimətin olduğunu qeyd etmək mümkündür. Nəzərə almaq lazımdır ki, bolşeviklər Gəncə üsyanını yatırmaq üçün 8 min nəfərdən çox hərbçi göndərmişdilər. Gəncə ilə yanaşı, Şuşa, Zaqatala, Quba, Lənkəran, Tərtər, Ağdam, Qarabağ, Şəki və Azərbaycanın digər yerlərində də bolşevik işğalına qarşı güclü çıxışların baş verdiyi barədə təkzibolunmaz faktlar mövcuddur və bütün bunları nəzərə almamaq qeyri-mümkündür.
Qoca Absəlimov, 1905.az