Tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov və Ələmdar Şahverdiyev ilə Araz Türk Cümhuriyyəti barədə söhbət etdik.
Fuad Babayev: Sizcə, nə qədər insanın Araz Türk Cümhuriyyəti haqqında məlumatı var?
Kamran İsmayılov: Müstəqillik əldə etdiyimiz bu otuz il ərzində bir çox qaranlıq səhifələrə işıq salınsa da, hələ də tariximizin qaranlıq, müəmmalı səhifələri qalmaqdadır. Bu respublika ilə bağlı indiyə qədər bir çox sual var ki, cavab tapa bilməmişik. Azərbaycanda bəlkə də ilk dəfə Cənub-Qərb Qafqaz Türk Cümhuriyyəti haqqında məqalə yazanlardan biri də mənəm. Həmçinin yazdığım kitabda da (“Cənubi-Qafqazın türk-müsəlman əhalisinin öz müqəddəratını təyin etmək uğrunda mübarizəsi” – red.) Araz Türk Cümhuriyyəti haqqında müəyyən məlumatlar var. Amma bu məsələlərlə məşğul olan bir mütəxəssis kimi hətta mənə də bəzi suallara cavab vermək çox çətindir. Çünki dəqiq məlumatlar çox azdır və o dövrün tarixi hadisələrini özündə əks etdirən sənədlərin əksəriyyəti ölkəmizdən kənardadır: ya Türkiyə Cümhuriyyətindədir, ya da Ermənistan Respublikasının arxivlərindədir. Azərbaycan arxivlərində sənədlər çox azdır. Bunlar da əsasən məlumat xarakterli sənədlərdir, yəni o bölgədən olan insanların Azərbaycan hökumətinə ünvanladığı müraciətlər, arayışlar, ya da Azərbaycan hökumətinin müttəfiq qoşunlarının komandanlığına bölgədə baş verən proseslərlə bağlı narahatlıqlarını ifadə etdikləri məktublardır və s. Əslində, həmin dövrdə bu bölgədə baş verən hadisələr haqqında müfəssəl məlumat almaq imkanlarımız çox məhduddur.
Fuad Babayev: Araz Türk Cümhuriyyəti haqqında yığcam nə deyə bilərsiniz? Vikipediyada məlumat var, amma…
Ələmdar Şahverdiyev: Vikipediyada var, lakin orada bəzi yanlışlıqlar var. Digər tərəfdən, məsələnin aktuallığı onunla bağlıdır ki, o dövrdə Cənubi Qafqazda və onun ətrafında baş verən proseslər I Dünya müharibəsi və bu müharibənin gedişatında baş vermiş siyasi dəyişikliklər ilə bağlı idi. Oktyabr inqilabının baş verməsi, üç böyük imperiyanın – Rusiya, Avstriya-Macarıstan, Osmanlı imperiyasının dağılması nəticəsində regionda mürəkkəb qeyri-müəyyən tarixi bir şərait yaranmışdı və burada yaşayan müsəlman türk xalqlarının müdafiəsini təşkil etmək, “Böyük Ermənistan” dövləti yaratmaq iddiası ilə çıxış edən erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı vəhşiliyinin qarşısını almaq üçün regionun bir çox müsəlman xadimləri və nüfuzlu şəxsləri tərəfindən belə bir siyasi qurumun yaradılması zəruri idi.
Rusiya imperiyasının dağılması ilə Cənubi Qafqazda ilk olaraq Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradıldı. Bununla paralel olaraq həmin dövrün ən qaynar nöqtələrindən hesab olunan Batum dairəsində və Araz hövzəsində də respublikalar yarandı ki, sonralar Cənub-Qərb Qafqaz Türk Cümhuriyyətində birləşdilər, bunlar da dördüncü və beşinci respublika hesab olunurdular.
Fuad Babayev: Araz Türk Cümhuriyyəti hansı ərazini əhatə edirdi?
Ələmdar Şahverdiyev: Respublika indiki Naxçıvan, Ordubad, Sürməli, Şərur-Dərələyəz, Vedibasar, Zəngəzurun bir hissəsini əhatə edirdi.
Fuad Babayev: Yəni Naxçıvan Muxtar Respublikasından başqa indiki Azərbaycan Respublikasının heç bir ərazisi ora daxil olmayıb. Yerdə qalan torpaqlar hamısı Qərbi Azərbaycan ərazisi olub. Bəs bu respublika hansı dövrdə mövcud olub?
Kamran İsmayılov: Bu haqda beş dövlətin tarixçiləri bəhs ediblər. Sovet dövründə Azərbaycanda bu barədə, əsasən Qaraş Mədətov və Əli Əliyev yazıb. Ermənistan Respublikasında da, təbii ki, öz mövqelərini əks etdiriblər. Türkiyədə bu barədə çox böyük ədəbiyyat yazılıb, Rusiya, Gürcüstan tarixçiləri də öz mövqelərini bildiriblər.
Fuad Babayev: Bəs, Araz Türk Cümhuriyyətinin mövcud olma tarixi – yaranma və süqutu haqqında bu beş ölkənin fikirləri üst-üstə düşür?
Ələmdar Şahverdiyev: Müxtəlif tarixlər deyirlər.
Kamran İsmayılov: Heç birinin fikri üst-üstə düşmür. Noyabrın 3-ü deyən var…
Ələmdar Şahverdiyev: 18 noyabr da deyən var.
Kamran İsmayılov: Məsələn, mən öz kitabımda 18 noyabr tarixini götürmüşəm. Türklərdə bu tarix noyabrın ortalarıdır. Nə vaxta qədər mövcud olması haqqında da qəti fikir söyləmək mümkün deyil.
Fuad Babayev: Hər halda, ən ağlabatan tarix neçəsidir?
Kamran İsmayılov: Dekabrın sonu, yanvarın əvvəllərinə qədər.
Fuad Babayev: Yəni cəmi ay yarım, iki ay mövcud olub.
Kamran İsmayılov: Heç iki ay da çəkməyib. I Dünya müharibəsinin yekunları ilə regionda tamam başqa vəziyyət yaranmışdı. Müharibənin başa çatması və Mudros sülh müqaviləsinin (30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanıb – red.) bağlanması ilə türk qoşunları Cənubi Qafqazdan geri çəkilməli idi.
Ələmdar Şahverdiyev: 1918-ci ilin noyabrında Almaniya məğlub olduqdan sonra, dekabrın 23-də Parisdə Antanta dövlətlərinin gizli müşavirəsi keçirilib. Buna tarixdə “gizli Paris konvensiyası” deyilir. Həmin müşavirədə Antanta blokuna daxil olan qalib dövlətlər həm keçmiş Rusiya imperiyasının, həm də məğlub olmuş digər ölkələrin təsir dairəsində olan əraziləri öz aralarında bölüşdürdülər. Cənubi Qafqaz da bu konvensiyaya uyğun olaraq Böyük Britaniyanın təsir dairəsinə daxil edildi. Ondan sonrakı proseslər isə Paris Sülh konfransında davam etdirildi. Yəni regiona, regiondakı siyasi proseslərə münasibət sonrakı mərhələdə – Paris Sülh konfransının gedişində həyata keçirilməyə başladı. Bunlar da hamısı Azərbaycanın, regionun müsəlman-türk xalqlarının əleyhinə yönələn proseslər idi. Bunun da başlanğıcı 1917-ci il oktyabr ayının 23-də ABŞ prezidenti Vudro Vilsonun imzaladığı 14 maddəlik mandatlıq prinsipləri ilə qoyulmuşdu. Orada Cənubi Qafqazda böyük dövlətlərdən birinin himayəsi altında Ermənistan dövlətinin yaradılması ideyası var idi ki, bundan da yalnız regionun erməni siyasi qüvvələri və hərbi birləşmələri bəhrələnə bilərdi.
Fuad Babayev: Kamran müəllim, bayaq 5 dövlətin tarixçilərinin fikirlərinin üst-üstə düşmədiyini qeyd etdiniz. Fikir ayrılığı nə ilə bağlıdır?
Kamran İsmayılov: Əsas fikir ayrılığı bu ərazinin hansı dövlətə məxsus olması ilə bağlı idi. Ikincisi isə, I dünya müharibəsindən sonra regionda yaranmış vəziyyətdə türk-müsəlman əhalisinin dövlət identikliyi baxımından özünü hansı dövlətə aid etməsi məsələsi idi. Müharibə bitəndən dərhal sonra Ermənistanda qərar qəbul etdilər ki, bu torpaqlar Ermənistan Respublikasının tərkib hissəsidir və ona birləşdirilməlidir. Ermənistan bu istiqamətdə konkret olaraq hərbi, siyasi, inzibati, diplomatik addımlar da atmışdı.
Araz Türk Respublikasının yaranma səbəbi kimi başlıca iki şərti göstərmək olar: birincisi, orada yaşayan türk-müsəlman əhalinin müqəddəratı ilə bağlı məsələ idi. Çünki müsəlman əhali bilmirdi ki, türk qoşunları bu ərazilərdən çıxdıqdan sonra onların taleyi necə olacaq. İkincisi isə, ərazi mənsubluğu məsələsi idi ki, o dövrdə Azərbaycan Cümhuriyyəti ilə əlaqə yaratmaq mümkün deyildi. Ona görə də bir yol qalırdı: öz müqəddəratını təyin etmək yolu ilə müəyyən vasitələrlə bu əraziləri Ermənistanın təcavüzündən qorumaq. Belə bir şəraitdə burada yaşayan əhali Araz-Türk Cümhuriyyətini yaratmağa məcbur idi. Digər məsələ də ondan ibarət idi ki, bəs bu dövlətin əhalisinin təhlükəsizliyini hansı şərtlərlə, imkanlarla qorumaq mümkündür.
Fuad Babayev: Yəni söhbət burada bir milyon əhalidən gedir. Həm də oranın əhəmiyyətli hissəsi dağlıq ərazilər idi.
Kamran İsmayılov: Bəli, bir milyona yaxın əhali var idi və kifayət qədər geniş ərazini əhatə edirdi. Məsələ ondadır ki, ərazinin çox böyük strateji əhəmiyyəti var idi. Oradan Culfa-İrəvan-Aleksandropol (indiki Gümrü – red.) dəmir yolu keçirdi. Ona görə də bu dəmir yolunu ələ keçirmək vacib idi. Siz də qeyd etdiniz ki, ərazi əsasən dağlıq idi, ancaq dəmir yolunun keçdiyi zolaq Ermənistanın həyat mənbəyi, taxıl anbarı idi. Bu zolaqda çox böyük taxıl zəmiləri vardı və oranın ələ keçirilməsi Ermənistan üçün taleyüklü əhəmiyyətə malik idi. Ermənilər istəmirdi ki, burada artıq üçüncü müsəlman dövləti yaransın. Yəni AXC-dən başqa Şimali Qafqazdakı Dağlılar Respublikasını da qeyd etməliyik ki, faktiki olaraq Ermənistan mühasirə vəziyyətində idi.
Ələmdar Şahverdiyev: Bir maraqlı məqam da var ki, istər Araz-Türk Cümhuriyyəti, istərsə də Cənub-Qərb Qafqaz Türk Cümhuriyyəti olsun; hər ikisinin yaranmasının ideya müəllifi Osmanlı dövləti olub. Söhbət burada I dünya müharibəsinin gedişində baş vermiş dəyişikliklərə uyğun olaraq Osmanlı dövlətinin siyasəti, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə regiona olan münasibət və digər məsələlərdən gedir. Bolşeviklər Cənubi Qafqazda erməniləri dəstəkləyirdi və 1917-ci il dekabrın 29-da bolşevik hökuməti “Türkiyə Ermənistanı” deyilən bir dekret imzalamışdı. Dekretə uyğun olaraq Şərqi Anadoluda və Cənubi Qafqazda erməni dövləti yaradılması artıq layihə şəklində təsdiq olunurdu və bu layihənin də həyata keçirilməsi Stepan Şaumyana tapşırılmışdı. Digər tərəfdən, I dünya müharibəsində Osmanlı dövlətinin məğlub olması nəticəsində Mudros sazişinə uyğun olaraq Türkiyənin bölgədən çıxmaq məsələsi gündəmə gəldi. Belə olan halda, Osmanlı dövlətinin Qafqazdakı 9-cu ordusunun komandanı Yaqub Şövqi Paşanın göstərişi ilə region əhalisinin nüfuzlu nümayəndələri təcili olaraq Qəmərlidə toplaşdı ki, müsəlman-türk əhalisini müdafiə etmək üçün tədbir görsünlər.
Azərbaycan tarixşünaslığında bu məsələnin araşdırılmasında ilk addım Aydın Hacıyev tərəfindən atılıb. O, ilk dəfə olaraq həm Araz-Türk Cümhuriyyəti, həm də Cənub-Qərb Qafqaz Türk Cümhuriyyəti haqqında fundamental tədqiqat işi aparıb, bu barədə monoqrafiyalar çap etdirib.
Kamran İsmayılov: Amma o monoqrafiyalarda ziddiyyətli məqamlar da var.
Ələmdar Şahverdiyev: Aydın müəllim bu haqda 1992-1994-cü illərdə, Qaraş Mədətov isə sovet dövründə yazıb.
Kamran İsmayılov: Bu sahədə böyük xidmətləri olan İsmayıl Musayevin də adını çəkməliyik.
Ələmdar Şahverdiyev: İ.Musayevin Naxçıvan və Zəngəzur qəzaları haqqında çox fundamental əsərləri var.
Fuad Babayev: Bu, elə bir mövzudur ki, ona yanaşmada sovet dövrü ilə müstəqillik dövrünün tələbləri bir qədər fərqli ola bilər. Bəs əsas fərq nədən ibarət idi?
Kamran İsmayılov: Fərq ondan ibarət idi ki, sovet dövründə bu cümhuriyyəti burjua hökuməti kimi qeyd edirdilər, guya Osmanlı dövləti burada qondarma rejim qurub. Guya bu ərazilərdə baş verən proseslərdə Türkiyə, Azərbaycan, Ermənistan burjua hökumətlərinin öz marağı var idi, hər biri bu torpağı ələ keçirmək istəyirdi və bu üç qüvvə arasında mübarizə gedirdi.
Fuad Babayev: Bəs sovet tarixçiləri bu hökumətin süqutunu nə ilə izah edirdilər?
Ələmdar Şahverdiyev: Burada bir məsələ də var. Nəzərə almalıyıq ki, İran hansı mövqedən çıxış edirdi və həmsərhəd olan ərazilərdə baş verən proseslərə münasibəti necə idi. Məsələn, Qəmərlidə Araz-Türk Cümhuriyyəti elan ediləndə regiondakı bir çox komitələr bu prosesə qoşulmur. Çünki bəziləri İran təsiri altında idi. O cümlədən, Naxçıvanda yerləşən Milli Komitə də müəyyən mənada bu təsirdən kənar deyildi. Kəlbəli xan Naxçıvanskinin rəhbərliyi altında Naxçıvan Milli Komitəsi daha çox İranın diktəsi ilə oturub dururdu və bu respublikanı qəbul etmək istəmirdi. Burada kifayət qədər ziddiyyətli məqamlar olub. Hətta İran təsiri altında olan qüvvələr Araz-Türk Cümhuriyyətinin elan etdiyi səfərbərliyə qarşı çıxış edərək əhalini ordunun formalaşmasında iştirak etməkdən imtina etməyə çağırırdı, müəyyən maneçilik törədirdilər. Amma sonradan bu proses nəzarət altına götürüldü. Baxmayaraq ki, bir ay yarım müddətində mövcud oldu, bu müddət ərzində Naxçıvan da daxil olmaqla regionun müsəlman-türk əhalisinin təhlükəsizliyini təmin edən bu respublika həm xarici, həm də daxildəki düşmənlərə çox güclü mesaj verdi. Yəni ermənilərin iddialarının hamısını alt-üst etdi. Andronikin ordusu Naxçıvana hücum edərkən darmadağın edildi, bu zaman nehrəmlilər xüsusi qəhrəmanlıq göstərdi, Noraşen və sair kəndlərdə kənd ağsaqqallarının rəhbərliyi ilə erməni silahlı birləşmələrinin hücumları qəhrəmanlıqla dəf edildi. Erməniləri dəstəkləyən ingilislər regionda planlarını həyata keçirə bilmədilər.
İngilis ordu komandanlığı Batumda oturmuşdu, başçıları da general Uilyam Tomson idi, oradan göstərişlər verirdi. O zaman regiona ingilislərin bir neçə missiyası göndərilmişdi. Bunların bir məqsədi var idi: burada erməni dövləti yaratmaq üçün şərait formalaşdırmaq. Ona görə də ingilis komandanlığının birinci vəzifəsi o oldu ki, Araz-Türk Cümhuriyyətini devirsin və regionda nəzarəti ermənilərə versin. Belə olan halda Osmanlı dövlətinin komandanlığı dərhal mövqeyini dəyişdi və Qarsda yeni bir dövlətin – Cənub-Qərb Qafqaz Türk Cümhuriyyətinin yaranmasına qərar verdi. Bu dövlət daha çox ərazini əhatə edirdi: ona Batumdan Ordubada qədər ərazilər daxil idi.
Fuad Babayev: Bəs bu dövlət nə vaxta qədər mövcud olub?
Ələmdar Şahverdiyev: 1918-ci ilin noyabrından 1919-cu ilin dekabrına qədər.
Fuad Babayev: Çox qısa müddətdə mövcud olmasına baxmayaraq, Araz-Türk Cümhuriyyətinin yəqin ki, paytaxtı da olub?
Kamran İsmayılov: 1918-ci ilin noyabrında Qəmərli kəndi paytaxt elan olunub. Ancaq o zaman ermənilər bu torpaqları zəbt etmək istəyirdi və hücuma keçmişdilər. Eyni zamanda burada türklər də müəyyən sayda hərbi qüvvə saxlamışdılar ki, gələcəkdə buranı tərk etsələr, yerli əhali torpaqları müdafiə edə bilsin. Həmin ay şiddətli döyüşlər gedirdi deyə, hökumət üzvləri Qəmərlidə oturmadılar və dedilər ki, İğdır şəhəri, yəni Sürməli qəzasının mərkəzi bizim paytaxt olacaq. Ancaq ora da getmədilər, Naxçıvana köçməyə məcbur oldular.
1918-ci il noyabr ayının sonlarında Araz-Türk Cümhuriyyəti elan olundu. Dekabrın əvvəllərində Axalkələk uğrunda Ermənistan və Gürcüstan arasında müharibə başladı. Qısa müddətdən sonra ermənilər Naxçıvan cəbhəsindəki hərbi dəstələrini həmin bölgəyə gürcülərlə müharibəyə aparmağa məcbur oldular. Orada barışıq əldə edildikdən sonra ermənilər həmin hərbi qüvvəni yenidən Naxçıvan istiqamətinə gətirdilər. Bundan sonra ermənilər təqribən Şərur-Dərələyəz qəzası ilə Naxçıvan qəzasının arasındakı sərhədə kimi irəlilədilər, Yayıcı kəndi, Sədərək, Böyük Vedi və s. yerləri ələ keçirdilər. Ona görə də Araz-Türk Cümhuriyyəti hökuməti məcbur oldu ki, Naxçıvana köçsün. Amma Ələmdar müəllim qeyd etdi, Naxçıvanda fikir ayrılığı var idi. Naxçıvan Milli Komitəsində olan Cəfərqulu xan, Kəlbəli xan, Kərim xan İrəvanski və digərlərinin fikirləri fərqli idi və daha çox İrana meyl edirdilər.
Mehman İbrahimov: Yəni Araz-Türk Cümhuriyyətinin dövlət qurumu yalnız bir bu hökumətdən ibarət idi?
Kamran İsmayılov: Bəli.
Ələmdar Şahverdiyev: Amma onları ciddi qəbul etmirdilər.
Bir məqamı yaddan çıxartmayaq ki, 1918-ci ilin iyununda Andronikin ordusu Naxçıvana hücum etmişdi və onun böyük hissəsini, o cümlədən İrəvan vilayətinin cənubunu işğal etmişdi. Osmanlı ordusu oranı azad etdikdən sonra Naxçıvan Türkiyəyə birləşdirildi. Bu haqda Osmanlı sultanı VI Mehmed Vahidəddinin (1918-1922-ci illərdə Osmanlı sultanı və 115-ci İslam xəlifəsi – red.) xüsusi fərmanı var. Fərmana əsasən Batumdan Ordubada qədər bütün ərazilər Batum vilayəti adı ilə Osmanlı dövlətinin bir vilayəti oldu və orada bütün Osmanlı dövlət qurumları fəaliyyətə başladı: valilik yaradıldı, vergi və digər qurumlar açıldı. Yalnız Mudros sazişindən sonra Osmanlı dövlətinin əraziyə münasibəti dəyişməli oldu.
Fuad Babayev: Azərbaycan və Türkiyə tarixçilərinin yanaşmaları arasında bu barədə ciddi bir fərq var?
Kamran İsmayılov: Ibrahim Etnurun türk və Azərbaycan dillərində kitabı (“Muxtariyyət ərəfəsində Naxçıvan” – red.) var. Bəs onun bizdən üstünlüyü nədən ibarətdir?
Hərb tarixinə aid arxivdə çoxlu mənbələrdən istifadə edib: Osmanlı dövlətinin 9-cu ordusu, 1-ci və 2-ci Qafqaz ordusunun sənədləri və s. Ancaq türklər Azərbaycan və ya rus arxivlərindən istifadə etməyiblər. Bu baxımdan, həm boşluq var, digər tərəfdən, bizim və türklərin tədqiqatları bir-birini tamamlayır. Ona görə də Ermənistanı, İranı, Rusiyanı hesaba almasaq da, heç olmasa 3 ölkənin fikirlərini cəmləşdirib Araz-Türk Cümhuriyyəti haqqında, o bölgədə gedən proseslər haqqında bir kitab yazmaq çox zəruridir.
Fuad Babayev: Dərsliklərdə bu respublika haqqında məlumat var?
Ələmdar Şahverdiyev: Adı çəkilir, amma heç bir məlumat yoxdur.
Kamran İsmayılov: Əslində, cümhuriyyətin yaradılmasının əhəmiyyəti böyük idi. Çünki əhalidə erməni basqınları qarşısında ruh düşkünlüyünün qarşısını aldı, əhalini təşkilatlandırmaq, müdafiəsini təşkil etmək baxımından çox zəruri bir addım idi. Çox təəssüf ki, Ermənistan və Qafqazda maraqları olan böyük güclərin maraqları bizə qarşı üst-üstə düşürdü.
Ələmdar Şahverdiyev: Mudros sazişi bağlanıb Türk ordusu geri çəkildikdən sonra təkcə Naxçıvan ərazisinə, səhv etmirəmsə 16 min erməni köçürülmüşdü.
Mehman İbrahim: Naxçıvanda hansı ərazilərə?
Ələmdar Şahverdiyev: Şərur-Dərələyəz, Ordubad ərazilərinə, amma daha çox Şərura.
Kamran İsmayılov: Arxivdə belə bir məlumata rast gəlmişəm ki, Andranik bu əraziləri ələ keçirdikdə 15 mindən 35 minə qədər erməni qaçqını onunla birlikdə hərəkət edirdi ki, boşaldılan torpaqlara yerləşsinlər. Onları yerləşdirmək üçün də müsəlman əhalini həmin torpaqlardan qovmaq lazım idi.
1918-ci il dekabrın ortalarında Ermənistan tələb edir ki, bu qədər qaçqın Naxçıvanda yerləşəcək, siz onları təmin etməlisiniz. Araz-Türk Cümhuriyyəti hökuməti də cavab verir ki, onları yerləşdirmək mümkün deyil, ancaq o şərtlə yerləşdirə bilərik ki, buradan vaxtilə qaçqın düşmüş ermənilər öz kəndlərində gəlib yerləşsinlər. Lakin Türkiyədən gələn erməniləri bu ərazilərdə yerləşdirmək mümkün deyil.
Əslində, sonrakı proseslər də göstərdi ki, ermənilər o qaçqınlar vasitəsilə ingilis komandanlığının humanizminə ümid edirdilər, yəni bu qədər qaçqınımız var, onları yerləşdirmək imkanlarımız yoxdur.
Ələmdar Şahverdiyev: Ermənilər Türkiyədən gələn qaçqınları yerləşdirməyə qismən nail oldular. İrəvan ərazisində ermənilərin yerləşdirilməsi daha asan başa gəldi. Lakin Naxçıvanda əhali dirəniş göstərə bildi və onların yerləşdirilməsinə imkan vermədi.
Regionda müsəlman dövlətlərinin sayının artmasına Gürcüstanda ciddi qısqanclıq vardı. Xüsusilə, Batum məsələsi, Qarsda yaranmış Cənub-Qərb Qafqaz Türk Cümhuriyyətinin böyük əraziləri əhatə etməsi Gürcüstanı narazı salmışdı. Gürcüstan hökuməti Batumda yerləşən ingilis ordu komandanlığı ilə gizli danışıqlar aparırdı ki, ingilislər Cənub-Qərb Qafqaz Türk Cümhuriyyətinin sıradan çıxarılması istiqamətində addımlar atsın. Buna isə AXC hökuməti öz etirazını bildirmişdi.
Kamran İsmayılov: Hətta AXC hökuməti Ərdəhana, Artvinə qoşun da yeritmişdi.
Ələmdar Şahverdiyev: 1919-cu il martın 9-da F.X.Xoyski Gürcüstan hökumətinə rəsmi məktub göndərib. Məktubda Gürcüstan hökumətinə çox ciddi iradlar tutulurdu və göstərilirdi ki, bu dövlətlərin yaranması Gürcüstan və Ermənistanın maraqlarına toxunmaq məqsədi daşımır. Sadəcə olaraq, bunu regionda xarici müdaxilə nəticəsində yaranacaq ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan bir addım kimi qəbul etmək lazımdır. Ancaq Gürcüstan onu bu şəkildə qəbul etmədi.
Kamran İsmayılov: Burada AXC-nin mövqeyini də qeyd etmək gərəkdir. Çünki təzə yaranan respublikalar arasında ərazi bölgüsü prinsipial məsələ idi. Ərazilərin müəyyənləşdirilməsi məsələsində 3 respublika arasında çox ciddi, hətta hərbi qarşıdurmalara gətirib çıxara biləcək hadisələr baş verirdi. 1918-ci ilin iyununda AXC hökuməti Araz-Türk Cümhuriyyətinin əhatə etdiyi əraziləri özününkü hesab edərək orada idarəetmənin qurulması haqqında xüsusi qərar qəbul etmişdi. Ancaq I dünya müharibəsində Osmanlı dövlətinin məğlub olması və qoşunlarını çıxartması Azərbaycana o bölgələrdə suverenliyini təmin etməyə imkan vermədi. Bundan sonra isə AXC hökumətinin addımları daha çox siyasi-diplomatik səciyyə daşıyırdı. Azərbaycan hökuməti heç zaman bu torpaqlardan imtina etməyib. sadəcə olaraq, reallıq belə idi ki, regionda əsas söz sahibi Antanta dövlətləri, əsasən ingilis komandanlığı idi.
Fuad Babayev: Vikipediyada Araz-Türk Cümhuriyyətinin mövcud olma tarixi 3 noyabr 1918-ci ildən 26 iyun 1919-cu ilə kimi göstərilib. Əslində, hansısa mənbəni tapmaq daha çətindir və geniş oxucu kütləsi də bu vikipediyanı oxuyur. Bəs bu qədər fərq nə ilə əlaqədardır?
Ələmdar Şahverdiyev: Əslində, biz həmin məlumatı sona qədər izləsək, 26 iyuna kimi gəlib çıxa bilmirik. Yəni o tarixə qədər müəyyən hadisələr davamlı getməlidir ki, bu respublika necə mövcud olub.
Kamran İsmayılov: Araz-Türk Cümhuriyyəti haqqında qəzetlərdə, arxiv sənədlərində ən son məlumat 1919-cu ilin mart ayına təsadüf edir. O zaman bu respublikadan söhbət gedə bilməzdi, sadəcə olaraq, onun adından müəyyən bəyanatlar verilirdi.
Ələmdar Şahverdiyev: Araz-Türk Cümhuriyyəti süqut etdikdən sonra regiondakı vəziyyətə nəzarət Kəlbəli xan Naxçıvanskinin başçılıq etdiyi Milli Komitəyə keçib. O dövrdə Kəlbəli xan AXC ilə danışıqlar aparmaq üçün Bakıya nümayəndələr göndərmişdi ki, Naxçıvanın Azərbaycana birləşdirilməsi məsələsini həll etsinlər.
Kamran İsmayılov: Bir faktdır ki, 1919-cu il may ayının 3-də Naxçıvanda general-qubernatorluq yaradılmışdı və 300 nəfərlik erməni qoşunu gəlib Naxçıvan şəhərində oturmuşdu. Hətta yerli Milli Komitə də onlarla razılaşmağa məcbur idi, çünki ingilislərin diktəsi belə idi. Bir ay ərzində Naxçıvanda ingilis general-qubernatorluğu fəaliyyət göstərdi. Doğrudur, bütün Naxçıvanı əhatə edə bilmədi…
Ələmdar Şahverdiyev: Naxçıvan iki hissəyə bölünmüşdü: bir hissəsinə müsəlman komitəsi nəzarət edirdi, digərinə ermənilər.
Kamran İsmayılov: Ancaq iyunda naxçıvanlılar erməniləri qovur və yəqin ki, vikipediyada da bu tarixi qeyd edib məsələni qarışdırırlar.
Ələmdar Şahverdiyev: Yəni bu prosesləri Araz-Türk Cümhuriyyətinin davamı kimi göstəriblər.
Mehman İbrahimov: 1919-cu il 26 iyun tarixində Araz-Türk Cümhuriyyəti AXC-yə birləşdirilib? Bunu AXC Parlamenti də qəbul edib.
Ələmdar Şahverdiyev: Bəli. 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradılmışdı, iyunda isə Naxçıvan general-qubernatorluğu yaradıldı.
Kamran İsmayılov: Bu ərazi Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu da adlanırdı.
Ələmdar Şahverdiyev: Region artıq AXC nəzarəti altında idi. Xalq Cümhuriyyəti dövründə ərazimiz 113.9 min kv. km idi. Bundan 97 min kv. km mübahisəsiz bizim idi, qalanları isə mübahisəli ərazi hesab olunurdu. Buna baxmayaraq, AXC mübahisə doğuran ərazilərdə də mövqeyini möhkəmləndirməyə çalışırdı.
Mehman İbrahimov: Belə demək mümkündürmü ki, Araz-Türk Cümhuriyyəti dövlət deyil, özünü müdafiə etmək, əhalini qorumaq üçün yaradılmış bir hərbi qurum olub?
Ələmdar Şahverdiyev: Araz-Türk Cümhuriyyətini, Cənub-Qərb Qafqaz Türk Cümhuriyyətini bir növ, Transqafqaz Seyminə bənzətmək olar. O da yaranmış vəziyyətdən çıxış edərək regionda təhlükəsizliyə nəzarət etmək üçün yaradılmış bir qurum idi.
Burada əsas diktə edən tərəf Osmanlı Türkiyəsi idi. Birmənalı olaraq qəbul etməliyik ki, Osmanlı dövlətinin o dövrdə regionda o mövqeyi olmasaydı, biz Naxçıvanı da itirə bilərdik.
Kamran İsmayılov: Hər halda, Araz-Türk Cümhuriyyətinin əhəmiyyətini də mütləq qeyd etməliyik.
Ələmdar Şahverdiyev: Çox böyük tarixi əhəmiyyəti var. Bugünkü Naxçıvanın mövcud olmasının əsas səbəblərindən biri də həmin o respublikaların yaranması idi. Və o respublikaların yaranmasında da əsas iştirakçı Osmanlı dövləti olub.
Mehman İbrahimov: Acarıstan və Naxçıvan Muxtar Respublikalarının da yaranmasında Türkiyənin böyük rolu olub.
Ələmdar Şahverdiyev: Osmanlı dövləti I dünya müharibəsində məğlub olmuşdu, Sivasda Mustafa Kamal Atatürkün rəhbərliyi altında milli mücadilə mərkəzi var idi, amma Türkiyənin taleyüklü məsələlərlə məşğul olmasına baxmayaraq, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur ərazilərində də müsəlman-türk əhalisinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının qarşısını almaq üçün var-qüvvəsini sərf edirdi. Məsələn, Kazım Qara Bəkir Paşanın ordusunun Naxçıvanda qalması, ingilislər şübhələnməsinlər deyə türk əsgərlərinin mülkü geyim geyinib əhaliyə qarışmasının məqsədi nə idi – əhalini müdafiə etmək. Qaraş Mədətov kitabında yazıb ki, 5 zabit 300 əsgər qalmışdı. Mənə elə gəlir ki, əslində bu rəqəmdən artıq idi.
Mehman İbrahimov: Kazım Qara Bəkir Paşa nə zaman Naxçıvana gəlib?
Ələmdar Şahverdiyev: Murdos barışığından sonra 9-cu ordu ləğv olunur, əvəzində iki batalyon yaradılır. Kazım Qara Bəkir Paşanın rəhbərliyi ilə 15-ci batalyon Naxçıvana göndərilir.
Mehman İbrahimov: Bəs 1919-cu illərdə Naxçıvan AXC ilə necə əlaqə saxlayırdı?
Ələmdar Şahverdiyev: 1919-cu ildə Zəngəzur ermənilərin əlində deyildi. AXC hökumətinin hərbi qüvvələri Zəngəzur da daxil olmaqla bütün Azərbaycan ərazisinə nəzarət edirdi. Hətta ölkəmizdə sovet işğal rejimi qurulmasaydı, vəziyyət indiki kimi olmazdı – AXC ordusu bəzi yerlərdə İrəvanın 60 kilometrinə qədər gedib çıxmışdı.
Kamran İsmayılov: Deməli, ermənilər ingilislərin köməyi ilə artıq 1918-ci ilin dekabrında Naxçıvana hücum etməyə başlayırlar. Bir az irəliləyirlər və 1919-cu il may ayının 3-də Naxçıvanda general-qubernatorluq yaradır və burada otururlar. Ancaq həm Osmanlı dövlətinin burada qalmış əsgər-zabitləri, həm də yerli özünümüdafiə qüvvələri bununla barışmır və faktiki olaraq region iki hissəyə parçalanır. Ermənilər şəhərin mərkəzində oturmuşdular, ancaq şəhərin ucqarında kazakların atılmış kazarmalarına gedib çıxa bilmirdilər. Güclü müqavimət var idi. İyunun əvvəllərində naxçıvanlılar hücum etdilər və bir ay ərzində baş vermiş döyüşlərdə ermənilər qərbə tərəf otuzduruldu. Bu hadisələr sovet ordusunun Naxçıvana gəlməsinə – 1920-ci ilin iyun-iyul ayına qədər davam etdi. İyun-iyul aylarında bütün Naxçıvan Qızıl ordunun işğalı altında idi. Sonrakı proseslər isə Moskva (16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında imzalanmış “dostluq və qardaşlıq” haqqında müqavilə – red.) və Qars müqaviləsinin (bir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə – Türkiyə olmaqla RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanmış müqavilə – red.) bağlanmasına gətirib çıxardı. Burada isə əsas rolu Atatürk Türkiyəsi oynadı.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 16 mart 2020-ci il tarixində baş tutub.