1993-cü ildən qondarma “Dağlıq Qarabağ Respublikası”nın xarici işlər nazirinin müşaviri olan Arsen Məlik-Şahnazarovun müəllifi oldugu “Dağlıq Qarabağ: faktlar yalana qarşı” (Нагорный Карабах: факты против лжи) kitabı 2009-cu ildə Moskvanın “Volşebnıy Fonar” nəşriyyatında 3000 tirajla çap olunmuşdur.
Kitabın əsas məqsədi Dağlıq Qarabağda erməni separatizminə, bu sepratizmin səbəb olduğu müharibələr nəticəsində yüz minlərlə insanın qırılan talelərinə, on minlərlə insanın həlak olmasına və Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına haqq qazandırmaqdan ibarətdir. Buna nail olmaq üçün müəllif öz kitabını “ermənilər Qarabağın yerli sakinləri və sahibləri olub”, “Dağlıq Qarabağ heç vaxt Azərbaycan torpagı olmayıb və sonradan bolşeviklər tərəfindən Azərbaycan Sovet Respublikasının tərkibinə daxil edilmişdir”, “ermənilər Dağlıq Qarabağda Azərbaycan hökuməti tərəfindən diskriminasiyaya məruz qalıblar”, “münaqişə azərbaycanlıların aqressivliyi nəticəsində yaranıb”, “Qarabağ erməniləri özlərindən sayca təxminən 30 dəfə, ərazicə 20 dəfə böyük olmaqla bərabər, həm də Rusiya və digər dövlətlər tərəfindən hərbi dəstək alan Azərbaycan dövlətinin ərazisinin böyük bir hissəsini yalnız öz gücləri hesabına işğal etmişlər”, “Qarabağ erməniləri Azərbaycan polisi və Sovet ordusunun ağır zərbələrinə məruz qalmışdır”, və s. bu qəbildən olan absurd postulatlar üzərində qurmuşdur.
Şahnazarov bu iddialarla faktlar arasındakı real boşluğu doldurmağa hadisələri təhrif etməklə, bəzi məqamları həddən artıq şişirtmək və bəzi məqamların üstündən sükutla keçməklə nail olmaga çalışmışdır. Bunun məntiqi nəticələrindən biri kimi, real tarixi həqiqətlər müəllif tərəfindən “orijinal” interpritasiya edilmişdir. Belə ki, Çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyədən kütləvi şəkildə İrəvan, Naxçıvan və qismən də Qarabağ xanlıqlarına köçürülməsini, Şahnazarov vaxtilə doğma torpaqlarından sürgün edilmiş ermənilərin öz dədə-baba torpaqlarına geri qaytarılması kimi qələmə verərək bölgədə demoqrafik tərkibin məqsədyönlü şəkildə dəyişdirilməsini ört basdır etməyə çalışmışdır. Bunun üçün o, köçürülən ermənilərin sayı üzərində dayanmamış, yalnız İrandan 40000 erməninin köçürüldüyünü qeyd etmiş, Türkiyədən köçürülən və rəsmi statistikada 84000 nəfər kimi göstərilən ermənini isə ümumiyyətlə unutmuş, Çar Rusiyasının qızıl pullarla və geniş torpaqlarla həvəsləndirməklə erməniləri “öz dədə-baba torpaqlarına yerləşdirmək” kimi “humanist” addımının arxasında nə dayandıgına varmamışdır. Müəllif köçürməyə qədər bölgədə ermənilərin sayının azlıgını isə onların müharibələr, ölüm-itim, aclıq və epidemiyalar səbəbindən kütləvi şəkildə məhv olmaları ilə izah etməyə çalışmışdır.
Şahnzarov Dağlıq Qarabağ münaqişəsinin yerli ermənilərin separatçılıg meyllərinə görə deyil, azərbaycanlıların dinc erməni əhaliyə qarşı amansızlığı səbəbindən başlaması kimi qələmə verməyə çalışmışdır. Azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından vəhşiliklə qovulmasını isə, Azərbaycan Kommunist Partiyasının bir qrup fəalının Ermənistanın Qafan rayonunda yaşayan bir neçə yüz azərbaycanlını öz iş və yaşayış yerlərini tərk edərək Azərbaycana gəlməyə təhrik etməklə bundan siyasi məqsədlərlə istifadə etmək istəyi kimi absurd şəkildə əsaslandırmağa cəhd etmişdir. Ümumiyyətlə, kitabda Ermənistandan didərgin salınan yüz minlərlə azərbaycanlı və onların yaşadıqları faciələrin üstündən sükutla keçilir.
Şahnazarovun versiyasında azərbaycanlılar hərbi əməliyyatlara ilk başlayan tərəf kimi təqdim olunur. Müəllif belə bir mənzərə yaratmağa çalışır ki, hələ münaqişənin ilk illərində Türkiyədən Naxçıvana qaçaqmalçılıq yolu ilə silah daşımaqla Azərbaycan hərbi birilkləri təpədən-dırnağadək silahlanmışdı və eyni zamanda ərazidə yerləşən Sovet qoşun hissələrinin köməyi ilə haradasa müdafiəsiz yerli erməni əhaliyə qarşı qanlı cinayətlər törətmiş və “özünümüdafiə dəstələri”nin əhalinin həyatını xilas etməkdən ötrü azərbaycanlılar yaşayan bölgələrə hücum edərək onları ələ keçirməkdən başqa çarələri qalmamışdı.
Müəllifin 20 noyabr Qarakənd faciəsi, 20 Yanvar qırğını və Xocalı faciəsinə verdiyi izah da öz “orijinallığı” ilə seçilir. Şahnazarov 20 noyabr 1991-ci ildə ermənilər yaşayan Qarakənd kəndinin səmasında Azərbaycan, Rusiya və Qazaxıstandan olan yüksək rütbəli məmurları daşıyan mülki vertolyotun nə səbəbdən və kimin tərəfindən vurulmasına aydınlıq gətirmək əvəzinə, daha çox hansısa naməlum qüvvələrin daha öncə hadisə yerinə gələrək oradan tabel silahları və telekameranı götürməsi kimi məsələni qabartmaqla əsas mövzudan yayınmağa çalışır. Erməni müəllif, 20 Yanvar qırğınının qurbanlarını isə Bakıdakı “erməni talanları”nın iştirakçıları və təsadüfi atəşlə küçədə həlak olanlar kimi təsvir etməklə, qırğına haqq qazandırır. Şahnazarov Xocalı faciəsində daha irəli gedərək, bunu qarşı tərəfdən atəş açıldığına görə erməni briliklərinin alatoranda silahsız azərbaycanlı əhalini hərbçilərdən ayırd edə bilmədiklərinə görə cavab atəşi ilə Xocalı sakinlərini qətlə yetirmələri, onların cəsədlərinin isə azərbaycanlıların özləri tərəfindən tanınmaz hala salınması kimi əsassız iddialar irəli sürmüşdür.
Etibar Qulusoy
1905.az